Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə BANM arasında əməkdaşlıq imkanları müzakirə edilib | |
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya (4SİM) Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevlə görüşüb.
Mərkəzin rəhbər heyətini Ali Məktəbdə görməkdən məmnunluğunu bildirən rektor E.Qasımov qonaqlara Bakı Ali Neft Məktəbi haqqında geniş məlumat verib. Bildirib ki, dünyadakı sürətli inkişaf artıq insanların həyat tərzini dəyişib. Azərbaycanda da ali məktəblər yeni qlobal çağırışlara, yeniliklərə hazır olmalıdır. Bu baxımdan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi mayak rolunu oynaya bilər. Rektor vurğulayıb ki, BANM ölkənin ən intellektli gənclərinin toplaşdığı Ali Məktəbdir.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev isə bildirib ki, Bakı Ali Neft Məktəbi haqqında hər zaman yüksək fikirlər eşidib. Burada yaradılan mühiti gördükdən sonra isə buna bir daha əmin olduğunu deyib.
Görüşdə Ali Məktəblə sözügedən Mərkəz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
Rektor E.Qasımov Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin mütəxəssislərinin Ali Məktəbdə təlimlər keçməsini təklif edib. Mərkəzin rəhbəri isə bu təklifləri müsbət qəbul edib və bu istiqamətdə iş aparılacağını bildirib.
|
|
03.08.2022 | 14:21 | |
|
|
|