MEK əməkdaşları şəhid ailəsini ziyarət edib | |
Mərkəzi Elmi Kitabxananın (MEK) Sənədlərlə iş şöbəsinin müdiri, MEK Qadınlar Təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova, Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Roksana Səfərzadə, Elektron resurslar şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Mahirə Əzizova “Şuşa İli” çərçivəsində II Qarabağ müharibəsinin şəhidi Nicat Tarverdiyevin ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin anası Şükran Tarverdiyeva oğlu ilə bağlı xatirələrindən, onun vətənpərvərliyindən, doğma torpağa bağlılığından danışıb. “Nicat hələ müharibədən əvvəl əldə etdiyi Xarıbülbülü coğrafiya kitabının arasında Ağdərə olan hissədə uzun müddət qurudub saxlamışdı. 44 günlük Vətən müharibəsində də Nicat elə məhz Ağdərə istiqamətində şəhid oldu”-deyə, şəhidin anası qeyd edib.
MEK əməkdaşları Vətən uğrunda gedən döyüşlərdə Nicat və onun kimi minlərlə şəhidimizin öz adlarını tarixin yaddaşına qızıl hərflərlə yazdıqlarını, illər keçib, nəsillər ötsə də, onların göstərdikləri şücaətin hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacağını bildiriblər.
Görüş zamanı şəhidin anası Şükran xanım oğlu Nicat haqqında olan sənədləri toplu şəklində MEK-in Qarabağ müharibəsi qəhrəmanları fonduna bağışlayıb. Fondda həmin sənədlərdən ibarət sərgi təşkil edilib. Qeyd edək ki, N.Tarverdiyev 1998-ci il 17 noyabrda Bakı şəhərində doğulub, ailənin tək övladı olub. Ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. Füzuli istiqamətində və Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 9-da axşam saatlarında Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, III Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra Prezidentin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
|
|
31.07.2022 | 10:26 | |
|
|
|