BDU alimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzində tədqiqat aparacaq | |
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun müdiri, texnika elmləri doktoru, dosent Ziya Əliyev dəvətli tədqiqatçı kimi İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinə (DIPC) dəvət olunub.
O, 1 avqust - 29 sentyabr tarixlərində yeni nəsil maqnit topoloji izolyator – kvant materiallarının dizaynı və kristal quruluş xüsusiyyətlərini öyrənəcək. Maqnit topoloji izolyatorlar trivial topoloji indeksə malik olan üçölçülü maqnit materiallardır. Qeyri-maqnit topoloji izolyatordan fərqli olaraq, maqnit topoloji izolyatorlar səthində kvantlanma simmetriyası pozulduqda məxsusi yarığa (boşluğa) malik səth hallarına malik ola bilir. Belə maqnit izolyatorlar səthə perpendikulyar istiqamətdə topoloji cəhətdən qorunan yarımkvantlanmış səthi anomal Holl keçiriciliyi nümayiş etdirir.
Ezamiyyə müddətində yeni sinif maqnit topoloji izolyatorların sintezi və tədqiqi nəzərdə tutulub. Alınmış monokristal materiallar onların müxtəlif elektron xassələrinin öyrənilməsi məqsədi ilə Almaniya, İtaliya, İsveçrə, Yaponiyanın bir sıra universitet və elmi mərkəzlərinə göndəriləcək.
Qeyd edək ki, dünyada ilk maqnit topoloji izolyator olan MnBi2Te4 birləşməsi ilk dəfə azərbaycanlı alimlər Nazim Məmmədov, İmaməddin Əmiraslanov, Nadir Abdullayev və Ziya Əliyev tərəfindən alınıb. DIPC-in ümumi koordinatorluğu altında dünyanın bir neçə aparıcı universitetləri ilə birlikdə öyrənilib və alınan nəticələr 2019-cu ildə dünyanın ən nüfuzlu jurnalı olan "Nature" jurnalında dərc edilib. 2020-ci ildə isə layihə müəllifləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif ediliblər.
Bu barədə BDU-dan bildirilib.
|
|
27.07.2022 | 10:00 | |
|
|
|