Məzunlar 40 ildən sonra görüşdülər | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasından 40 il öncə məzun olan tələbələrin 40 nəfəri universitetin əsas binasında bir araya gəlib.
Tədbiri giriş sözü ilə açan rektor, professor Cəfər Cəfərov məzunların 40 ildən sonrakı görüşünü yüksək dəyərləndirərək deyib: “Tələbə yoldaşlarının belə görüşlərini sözlə ifadə etmək çox çətindir, bu hissləri yaşamaq lazımdır. Siz məzunlar bu gün həmin hissi yaşayırsınız. Mənə məlumat verildi ki, məzunların arasında elələri var ki, 40 ildir bir-birini görmürlər. Bu görüş müəyyən mənada onların da həyatını dəyişəcək. Siz bu gün 4 il qucağında təhsil aldığınız, sizin üçün “alma mater” rolu oynayan müqəddəs bir məkandasınız. Sizdən sonra burada çox şeylər dəyişib, infrastruktur yenilənib, əsas bina təmir edilib, auditoriyalar müasir İKT avadanlıqları ilə təchiz olunub. Universitetimizin imici ildən-ilə, gündən-günə yüksəlib. 10-15 il bundan əvvəl universitetimizə yüksək balla qəbul olunan tələbələrin sayı 5-10 nəfər olduğu halda, indi tələbələrimizin 80%-ə yaxını dövlət sifarişi ilə təhsil alır. Onların böyük əksəriyyəti 500-600 bal tolayanlardır. 640 bal toplayan tələbə sizin ixtisasda təhsil alır. Son illərdə universitetimizin tədris və elmi həyatında, beynəlxalq əlaqələrdə xeyli nailiyyətlər qazanmışıq. Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində ikili proqram həyata keçiririk. Artıq ikili diplom proqramı çərçivəsində təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ilk “Məzun günü” keçirmişik.
Yəqin xəbəriniz var ki, universitetin 100 illik yubileyini çox yüksək səviyyədə keçirtdik. Bununla bağlı xeyli elmi ədəbiyyat nəşr etdirmişik.Universitetimiz böyük struktura və şəbəkəyə malikdir. Universitetin 4 tədris binası Bakıda, 5 filialı isə rayonlarda yerləşir. Azərbaycan Dövlət Pedaqoji Kolleci də universitetimizin nəzdində yerləşir. ADPU ailəsinin 20 minə yaxın professor-müəllim və tələbə üzvü var. Bizim ailəmiz daha böyükdür. Sizlər də həmin ailənin üzvlərisiniz. Universitetimizin indiyə kimi 170 minə yaxın məzunu olub, bundan 16 mindən çoxu İbtidai təhsil fakültəsinin məzunlarıdır.
Vaxtı ilə təhsl aldığınız fakültədə Mehdi Mehdizadənin, Mərdan Muradxanovun, Musa Həsənovun ənənələri qorunub saxlanılır. Fakültədə Azərbaycan, rus bölmələri ilə yanaşı ingilis bölməsi də fəaliyyət göstərir. Eksperimental qrup kimi yaratdığımız bu bölmə artıq öz bəhrələrini verməkdədir. Bu il 11 tələbə ilk dəfə ingilis dilində buraxılış işi müdafiə etdi. Buraxılış işlərinin müdafiəsində iştirak edən təhsil naziri Emin Əmrullayev tələbələrimizin təqdimatlarından, dil və ünsiyyət bacarığından çox razı qaldı. Gələcək ibtidai sinif müəllimləri demək olar ki, peşə kompetensiyalarına tam yiyələnmişlər.
Mən istərdim ki, siz universitetimizin sinif otaqları, laboratoriyaları, tədris resursları və kitabxanası ilə yaxından tanış olasınız. Universitetimizin məzunları ilə sıx əlaqənin qurulması həm məzunların özləri, həm də bizim üçün faydalıdır”.
Sonra tədbir Tədris Departamentinin Məzun və karyera şöbəsinin müdiri Könül Əsgərovanın moderatorluğu ilə davam edib. İbtidai təhsil fakültəsinin 1982-ci il məzunu, hazırda həmin fakültəyə rəhbərlik edən professor Fərrux Rüstəmov tədbirin təşkilinə mənəvi dəstək verən universitet rəhbərliyinə təşəkkürünü bildirdikdən sonra qeyd edib ki, bu görüş universitet-məzun əməkdaşlığının ən yaxşı formasıdır. Belə görüşlər həmişə olub, yaxşı bir ənənədir, qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Sonra o, fakültənin 40 il müddətindəki inkişafından, qazanılan uğurlardan danışıb, xatirələrini bölüşüb. Ayrı-ayrı rayonlarda, məktəblərdə çalışan tələbə yoldaşlarının pedaqoji uğurlarından bəhs edib. Dünyasını dəyişən müəllimlərini və tələbə yoldaşlarını hörmət və ehtiramla xatırladıb. Tədbirdə iştirak edən müəllimlər - professor Zahid Xəlil, baş müəllim Çiçək Hümbətova tələbələrlə bağlı xatirələrini dilə gətiriblər. Professor Zahid Xəlil çıxışında bildirib ki, bu görüş onun üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki nə tələbələr müəllimlərini, nə də müəllimlər tələbələrini unutmayıb.
Sonra məzunlar bir-bir söz alaraq xatirələrini paylaşıblar. Universitetin müasir təhsilimizdəki danılmaz rolunu və onun elm və təhsil ocağı kimi tanındığını dilə gətiriblər. Tələbəlik illərini kövrək xatirələrlə yad edən məzunlar sonda göstərdikləri diqqətə görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Məzunlardan şairlər Çingiz Əliyevin və Xürrəm Qafanlının tələbəlik illəri ilə bağlı oxuduğu şeirlər alqışlarla qarşılanıb. Hökumə Vahabova tələbə yoldaşları ilə 5 il əvvəlki görüşü xatırladıb. Görüşdə İbtidai təhsil fakültəsinin 1982-ci il məzunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Görüşdən sonra məzunlar xatirə şəkli çəkdiriblər. |
|
22.07.2022 | 18:36 | |
|
|
|