Alim ömrünün nağılı... | |
“Mən dünyada elə töhfə tanımıram ki, elmin töhfəsindən üstün olsun”, “Alim bu dünyanın işığı, axirətin çırağıdır”. XV əsrdən üzübəri cəmiyyətin ictimai intibahına misilsiz təsir göstərmiş peyğəmbərimizin bu fikirləri alim zəkasına ilahi qiymətdən söz açır. Belə zəka sahiblərindən biri - akademik Hüseyn Əhmədov pedaqoji fikir tariximizin ən parlaq çırağını yandırıb. Bu dahi alimin ömrünün 69 ili müəllimliklə, 65 ili isə elmi əsərlərlə tarixləşib. Bu da ibrətamiz, keşməkeşli və nəsillərə örnək ola biləcək fenomen bir ömrün nağıl səhifələri...
Tarixin hansı anındasa Cənubi Azərbaycanın Sulduz mahalından Qərbi Azərbaycanın Toxluca kəndinə bir neçə ailə köçür. Və heç kim bilmir ki, gələcəkdə bu ailələrin birində bir uşaq doğulacaq, alim kimi həm Cənubi, həm Qərbi, həm də Şimali Azərbaycana şöhrət olacaq.
Budur, həmin uşaq 1926-cı il iyul ayının 17-də Mustafa kişi ilə Mələk xanımın ailəsində dünyaya göz açır. Ata oğluna imam Hüseynin adını verir. 1932-ci ildə Hüseyn birinci sinfə qədəm qoyur.
1936-cı ildə Hüseynin ailəsi Göykilsə kəndinə köçür. Burada o, 7-ci sinfi bitirib, 1940-cı ildə təhsilini qonşu Kapkan məktəbinin 8-ci sinfində davam etdirir. Hər gün 9-10 km yol qət edir, hər əzaba dözür, 3 ay qışı məktəbin nəzdindəki internatda qalmalı olur. Ağır günlər yaşayır, dərsini əla oxuyur.
1941-ci il. Böyük Vətən müharibəsi başladı. Hüseynin atası İrəvan yaxınlığında düşmən tankları əleyhinə xəndək və səngər qazmağa səfərbər edilir. Ata burada xəstələnir, həmin il oktyabr ayında vəfat edir. Hüseyn 9-cu sinifdə təhsilini yarımçıq qoyur. Əvvəlcə kəndin mal-qarasını otarır. Kolxozda naryadçik, kənd sovetində katib işləyir, bir müddət səngər qazılmasında iştirak edir.
1943-cü il. Qardaşları müharibədə yaralanıb tərxis olunur. Kəndə qayıdır. Ailə yenidən doğma Toxlucaya köçür. Hüseyn burada 9-cu sinfi bitirir və 10-cu sinfə dərsə yeni başlayanda təhsili yenə yarımçıq qalır. Bu vaxt möcüzə baş verir. Siniflərdə əla oxuduğunu və müəllim kadrlarının çatışmadığı nəzərə alınır. Hüseyn doğma kənd məktəblərinə ibtidai sinif və V-X siniflərdə erməni dili müəllimi vəzifəsinə təyin olunur.
Müəllim kimi ona ayda 2 pud taxıl verilir. Ailə bununla birtəhər dolanır.
1946-cı il. Hüseyn müəllimlikdən azad olunur. 2 ay mağazada işləyir, sonra biçinə gedir. Bir gün Cəlil kişinin doğma səsi sanki onu yuxudan ayıldır:
“Sən müəllimsən, get müəllimliyini davam etdir. Nə vaxta qədər mənimlə biçin biçəcəksən?”.
Bir neçə gündən sonra Qaraqoyunlu dərəsi ilə Qazağa 3 gənc yola düşür. Onlar iki gün yol gedir. Qazax Pedaqoji Texnikumuna çatırlar. Direktor Gülzar xanıma məqsədlərini deyirlər. Direktorun “2-ci kursa imtahansız, 3- cü kursa imtahanla” fikri ilə razılaşmayıb, Gəncə Pedaqoji Texnikumuna yollanırlar. Burada da eyni vəziyyət.
İmtahanlar başlayır. Hüseyn 13 fəndən fərq imtahanı verib, 3-cü kursa qəbul olur.
Hüseyn Kirovabad Pedaqoji məktəbini əla qiymətlərlə, qırmızı diplomla başa vurur. Dövlət imtahan komissiyası təhsilini davam etdirmək üçün Hüseyni BDU-ya göndərməyi qərara alır.
Hüseyn 2 yol ayrıcındadır. Anası Mələk xanım, qardaşı Hidayət onu işləməyə və evlənməyə səsləyir. Hüseyni insititut çəkir. Bakının isə nə yolunu tanıyır, nə də bu şəhərdə ona tanış və ərki çatan bir ünvan var. 1947-ci ilin yayı... Hüseyn evə, mal-qaraya tədarük görüb Gəncəyə qayıdır. Pedaqoji institutun rektoru Hacıbala müəllimin qəbuluna gəlir. Vəziyyəti danışır, onun köməyi ilə BDU Gəncə Pedaqoji İnstitutu ilə əvəz olunur. Hüseyn sənədlərini tarix fakültəsinə verir. Bir il əvvəl institutun auditoriyalarında dolaşan bir xəbəri-“Pedaqoji texnikumda oxuyan bir tələbə - Hüseyn Əhmədov tarixi institut tələbələrindən yaxşı bilir” xəbərini xatırlayır. Dövlət imtahanı zamanı institutun tarix müəlliminin bir neçə tələbə ilə texnikuma gəlməsi, imtahanda Hüseynin bilet çəkib fikirləşmədən həm biletin, həm də tələbələrin suallarına cavab verməsi gözləri önündən kinolenti kimi keçir. Beynində də bu fikirlər dolaşa - dolaşa kəndə qayıdır. Ailənin qış azuqəsini yığıb, Gəncəyə gəlir və dərsə başlayır.
2-ci kursdan ona “Lenin komsomolu” təqaüdü verilir.
1951-ci il. Hüseyn “Lenin komsomolu” adlı təqaüdlə institutu bitirir. Gənc kadr kimi institutun tarix fakültəsinə baş laborant saxlanılır. Növbəti qəbul başlayır. Hüseyn qəbul komissiyasına məsul katib təyin edilir, eyni vaxtda Toxuculuq və pambıqçılıq texnikumlarında dərs deyir.
Gəncədən uzaqlarda-Toxluca kəndinin tarixinə isə bir səhifə yazılır. 55 il ötəcək, bu tarix böyük alimin “Seçilmiş pedaqoji əsərləri”nin XII cildində belə bir səmimiyyətlə ifadə olunacaq: “Kəndimizdən ilk ali təhsil almaq mənə, mən yetim Hüseynə nəsib oldu”. Və onu da yazacaq ki, “ali təhsilim daşlı - kəsəkli yollardan keçib”.
Hüseyn institutda 1 il işləyir. İnstitut, texnikum və Gəncə həyatı onun dünyagörüşünün formalaşmasında misilsiz rol oynayır. Dahi Nizaminin “Qüvvət elmdədir” tövsiyəsi onu elmə çağırır. Fikrini anasına və institutun direktoruna bildirir. Maddi vəziyyətinin indi-indi düzəldiyini deyən ana razı olmur. Direktor isə sənədləri hazırlayır.
1952-ci ildi. Hüseyn Bakıya gəlib ADPİ-nun aspiranturasına ərizə verir. Bir yer uğrunda 7 nəfər mübarizə aparır. Hüseyn hər imtahan günü qatarla Bakıya gəlib imtahan verir və axşam Gəncəyə qayıdır. Beləliklə, bütün imtahanlardan müvəffəq qiymət alan Hüseyn aspiranturaya qəbul olur. Və gələcəkdə zərb-məsələ çevriləcək - “Gəncədən gedirəm, yüküm kitabdır” mənəvi sərvətini götürüb Bakıya köçür.
1955-ci il. Hüseyn pedaqogika ixtisası üzrə aspiranturanın əyani şöbəsini bitirir. Və həmin ildən alim kimi dövri mətbuata çıxır. “Azərbaycan məktəbi” jurnalında 2 samballı məqaləsi çap olunur.
1956-cı il... İnstitut komsomol komitəsinin birinci katibi seçilir. İki il bu vəzifədə çalışır.
1957-58-ci illər... Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi vəzifəsində işləyir və burada uğurla müdafiə edib alimlik dərəcəsi alır. Dissertasiyanı akademik Makolevski, professor Kamarovski, M.Muradxanov və dosent Mustafayev yüksək qiymətləndirir.
O, N.Nərimanovun pedaqoji fikirlərini tədqiq etməyə başlayır.
1958-ci il. Hüseyn ADPİ-nun pedaqogika kafedrasında assistent kimi fəaliyyət göstərir, iki il sonra həmin kafedrada baş müəllim olur.
1959-cu ildə N.Nərimanovun pedaqoji fəaliyyətinin “Həştərxan dövrü” məqaləsini “Azərbaycan məktəbi” jurnalında dərc etdirir.
1960-cı il. Onun ilk kitabı işıq üzü görür.
1964-cü il. Hüseyn dosent seçilir.
1968-ci il... Doktorluq dissertasiyası müdafiə etmək üçün iki il müddətinə baş elmi işçi vəzifəsinə keçirilir. Ermənistanda 4, Gürcüstanda 7 nəfərin tədqiq etdiyi XIX əsr kimi olduqca mürəkkəb və zəngin bir dovrü - ümumiyyətlə, Azərbaycanda bütün tiplərdən olan məktəb tarixinin 100 illik bir dövrünü doktorluq dissertasiyası mövzusu təsdiq edib verirlər Hüseyn müəllimə. Moskva, Leninqrad, Bakı, Tiflis, İrəvan, Həştərxan dövlət arxivlərində, mərkəzi kitabxanaların, elmi müəssisələrin arxivlərində minlərlə sənədi tədqiq edir, elmi təhlildən keçirir.
Azərbaycan pedaqoji ictimaiyyəti yaxşı bilirdi ki, Hüseyn müəllim bu ağır işin öhdəsindən uğurla gələcək. Axı Hüseyn Əhmədov 1967, 68, 70, 71-ci illərdə “XIX əsrin əvvəllərində Azərbaycan xalq maarifi və məktəbi”, “Azərbaycanda ilk qəza məktəbləri”, “XIX əsrin 40-cı illərində “Azərbaycanda xalq maarifi və məktəb”, “Ana dili dərsliyi tərtibində ilk mərhələ”, “Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixindən”, “Azərbaycanda orta ümumtəhsil məktəbləri tarixindən”, “Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair”, “XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən”, “Azərbaycan məktəbləri XIX əsrin ortalarında”, “Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi və inkişafı”, “N.Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri”, “Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair”, habelə “Ana dili təlimi ideyasının meydana gəlməsi və inkişafı” kimi samballı əsərlər ortaya qoymuşdur.
H.Əhmədov doktorluq işini tamamlayır. SSRİ PEA-nın Elmi-Tədqiqat Ümumi Pedaqogika İnstitutuna təqdim edir və gözləyir. Bir müddət keçir. Vəziyyətlə professor Əhməd Seyidov maraqlanır. SSRİ ali və orta ixtisas təhsili naziri Yelyutinə belə bir məktub yazır: “Əhmədovun doktorluq dissertasiyası Azərbaycan məktəb və pedaqoji fikir tarixi ilə bağlıdır. Buna görə də bu dissertasiyanın Azərbaycan elmi-pedaqoji ictimaiyyəti qarşısında müdafiə edilməsi daha məqsədə müvafiqdir”. Bununla da, bu ixtisas üzrə ilk dəfə doktorluq işinin Azərbaycanda müdafiə olunmasına icazə verilir ki, bu da Hüseynin bəxtinə düşür.
Hüseyn Əhmədov akademik Mehdi Mehdizadənin rəhbərliyi ilə “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Onun müdafiəsinə rəsmi opponent kimi Moskvadan akademik Qançarov gəlir, müdafiədən məmnun qalır və bir neçə il sonra nəşr ediləcək “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası ilə Hüseyn müəllim “sağlığında özünə abidə ucaldır”. Bu fundamental əsərlərlə Hüseyn Əhmədov Azərbaycan pedaqoji fikir məktəbinin əsasını qoyub və bu elmə öz möhürünü vurub.
1972-ci il. Milli və pedaqoji fikrimizin böyük tədqiqatçısı “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair”, “Pedaqogika qanun və qanunauyğunluq”, “Uşinskinin pedaqoji ideyalarının Azərbaycanda yayılmasına dair”, “SSRİ xalqlarının mədəni irsinə dair” əsərləri ilə dünya və pedaqoji fikir tarixinin də mahir tədqiqatçısı olduğunu təsdiq edib, ittifaqda böyük alim olduğunu təsdiq edir.
1973-cü il. Hüseyn müəllim Azərbaycan SSRİ-nin “Qabaqcıl maarif xadimi” adına layiq görülür.
1974-cü il. H.Əhmədov İnstitut elmi şurasının üzvü və pedaqoji institutda “Orta məktəb müəllimlərinin ixtisas artırma fakültəsi”nin dekanı seçilir. Üç il bu vəzifədə işləyir. Həmin illərdə o, 9 sanballı elmi məqalə yazır, müəllif kollektivinin iştirakı ilə “Pedaqogikaya giriş” kitabını nəşr etdirir.
1975-ci il. Hüseyn müəllim “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi kursu”nun yaradıcısı kimi Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət olunur. İki il burada mühazirə oxuyur, yaratdığı məktəbi sınaqdan keçirir və təsdiq edir.
1977-ci il. SSRİ Ali Attestasiya komissiyası Hüseyn Əhmədova “professor” adı verir, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi isə onu “SSRİ maarif əlaçısı” döş nişanı ilə təltif edir. Elə həmin il Hüseyn müəllim müsabiqə yolu ilə ADPİ-nin Ümumi pedaqogika kafedrasının müdiri seçilir. 30 il keçir. “Uzunömürlü kafedra müdiri”, “ustad müəllim”, “müəllimlər müəllimi” fövqünə yüksəlir.
1980-ci il. Hüseyn Əhmədov Azərbaycan SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyi yanında Pedaqoji Elmlər üzrə Elmi-Metodiki Şuranın üzvü təsdiq olunur. Azərbaycan SSR Bilik Cəmiyyəti idarə heyətinin üzvü seçilir, pedaqogika-psixologiya bölməsinin sədri təsdiq edilir. Elə həmin il sayca 60-cı olan “Ana dili dərsliyi problemində ilk addım” əsərini yazır.
1981-ci il. Azərbaycan məktəb və pedaqoji fikir tarixindən oxuduğu xüsusi kurs üzrə müsbət iş təcrübəsi SSRİ Maarif Nazirliyinin Elmi-Metodik Şurası tərəfindən bəyənilir və bu təcrübənin İttifaqda yayılması məsləhət bilinir. Elə həmin il “Azərbaycan SSR Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülür. 1981-82-ci illərdə 8 əsər yazır. 1983-cü ildə isə “ Azərbaycan məktəb və pedaqoji fikir tarixi”ndən xüsusi kurs üzrə mühazirə oxumaq üçün Tbilisi Pedaqoji İnstitutuna dəvət olunur.
1984-85-ci illərdə Hüseyn müəllimin 10 əsərdə fərdi imzası var. Dörd əsərin isə həmmüəllifidir.
1985-ci il. Hüseyn Əhmədov SSRİ Pedaqoji Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə yaradılan “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi problemi üzrə elmi şura”nın üzvlüyünə təsdiq olunur.
1986-cı il. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Sovetinin qərarı ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ixtisaslaşdırılmış müdafiə şurası sədrinin müavini seçilir.
1990-cı il. Dekabr ayı... SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvlüyünə seçilmək üçün 159 alim mübarizə aparır. 39 nəfərin sənədi qəbul olunur. 39 nəfərdən isə 6-sı seçilir. Burada Hüseyn müəllim 2-ci yer tutur və elə 1-ci turda müxbir üzvlüyünə qəbul edilir. Akademiyaya seçilən 4 azərbaycanlıdan biri kimi Hüseyn Əhmədov pedaqoji fikir tariximizə yeni səhifə yazır.
1993-cü il. Böyük alimin həyatında üç əlamətdar hadisə yadda qalır. Aprelin 30-da müsabiqə yolu ilə 4-cü dəfə ADPU-nun “Ümumi pedaqogika” kafedrasının müdiri, may ayında Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü, iyul ayında isə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilir. Və pedaqoji fikir tariximizi “Pedaqoji peşəyönümlü: tarixilik və müasirlik”, “Pedaqoji kadr hazırlığında mühüm amil” kimi sanballı əsərlə zənginləşdirir.
1998-ci il. Alimin beynəlxalq miqyasda təsdiqinin daha bir ünvanı. Hüseyn müəllim elmə-pedaqoji sahədəki yaradıcılıq uğurlarına, elmi-pedaqoji kadr hazırlığındakı xidmətinə görə Beynəlxalq Pedaqoji Akademiyanın Y.A.Komenski adına “Böyük Qızıl medalı” ilə təltif olunur. Bu mükafat haqda Hüseyn müəllim alim sadəliyi ilə yazır: “Yan Amos Komenski adına Böyük Qızıl Medalla təltif edilməyim mənim pedaqoji elmlər sahəsində qazandığım az-çox uğurlarımın nəticəsi idi”. Özünə belə sadəliklə yanaşan alim elə bu ildə oxuculara Azərbaycan maarif, elm və mədəniyyəti haqda 3 sanballı məqalə təqdim edir. Həmin il yazdığı iki məqaləyə “Heydər Hüseynovun Azərbaycanda maarif, elm və mədəniyyətin inkişafındakı xidmətləri”, “Qərbi Azərbaycan ziyalılarının ümumi Azərbaycan maarifi, elm və mədəniyyətinin inkişafındakı tarixi xidmətləri” məqalələrinə nəzər yetirmək kifayətdir ki, onun tədqiqat arealının genişləndiyini təsəvvür etmək mümkün olsun. 1999-cu il 29 dekabr.
Pedaqoji fikir tariximizin azman tədqiqatçısı elə bu il Rusiya Təhsil Akademiyasına həqiqi üzv seçilir və 1998-ci ildə aldığı “Qızıl medal”ın təsadüfi olmadığı təsdiq olunur. 1999-cu il təqvimində akademik oxucularına 1 siyasi, 4 pedaqoji məqalə təqdim edir. “Azərbaycan Respublikasının konstitusiyası demokratik prinsipləri özündə əks etdirən tarixi sənəddir” elmi əsəri onun ensiklopedik alim zəkasını təsdiq edir.
2000-ci il. “N.Nərimanovun pedaqoji fikirləri”, “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyaları yenidən işlənir, təkmilləşdirilir və nəşr edilir. İctimai-pedaqoji tariximizə və fikrimizə aid 5 məqalə yazılır. Alimin anadan olmasının 75, elmi-pedaqoji fəaliyyətinin 55 ili qeyd olunur. Yaradıcılığı ilə bağlı yüzlərlə məqalə yazılır.
2001-ci il. Akademikin iki dərs vəsaiti, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” I hissə, “İdarəetmənin pedaqogika və psixologiyası” kitabları nəşr olunur. V cildlik “pedaqoji əsərləri”nin I, III cildləri tələbələrin və geniş oxucu kütləsinin ixtiyarına verilir.
2002-2003-cü illər. Akademikin “Seçilmiş pedaqoji əsərləri”nin daha 3 cildi nəşr edilir. “XIX əsr Azərbaycan pedaqoji elminin korifeyi”, “Heydər Əliyev və müstəqil Azərbaycanın təhsil siyasəti” kimi sanballı məqalələr yazılır.
2004-cü il. Hüseyn müəllim müsabiqə yolu ilə 5-ci dəfə ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri seçilir. Bu, respublikamızın pedaqoji həyatında nadir hadisə kimi qarşılanır.
N.Nərimanovun pedaqoji fəaliyyəti, idarəetmənin pedaqogika və psixologiyası, milli-mənəvi dəyərlərimiz, qloballaşma problemi, ölkə Prezidentinin siyasi fəaliyyəti, K.D.Uşinskinin 180 illik yubileyi, Qərbi və Cənubi Azərbaycanın məktəb tarixinə dair akademikin 9 məqaləsi və 2 kitabı işıq üzü görür.
2005-ci il. Noyabr ayında Nalçik şəhərində “Təhsildə inteqrasiya, problemlər, perspektivlər”, dekabr ayında isə Moskvada “MDB ölkələrində təhsilin inkişafı problemi”nə həsr olunmuş Beynəlxalq konfransda məruzə ilə çıxış edir. “Yüksək vətəndaşlıq mövqeyindən 15 iyundan başlayan milli inkişaf strategiyası” məqaləsini yazır.
2005-ci ilin sonu. Ankaradan xoş xəbər gəlir. Hüseyn müəllim Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən “Türk dünyasına Hizmet” (Xidmət) “Qızıl Medalı” ilə təltif edilir.
2006-cı il. “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Hüseyn Əhmədov Heydər Əliyev adına Əsrin Akademiyasına həqiqi üzv seçilir. “Unikal həyat və yaradıcılıq fəaliyyətinə görə” akademikin əsərləri Amerika Biblioqrafiya İnstitutunun “Beynəlxalq mütəxəssislər və Ekspertlər” haqqında məlumat kitabına daxil edilir. Alimin 12 cilddə “Seçilmiş pedaqoji əsərləri”nin nəşrinə başlanır.
2007-ci ilin yazı. Hüseyn müəllimin həyatında daha bir qızıl səhifə. O, Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasına həqiqi üzv seçilir və üçqat akademik olur.
2007-ci ilin yayı. Dünya və rus pedaqogikasının mütərəqqi ideyalarının geniş tədqiqi və öyrənilməsi sahəsindəki əvəzsiz xidmətləri, Rusiya - Azərbaycan elmi-pedaqoji və ictimai əlaqələrinin inkişafındakı misilsiz rolu və 80 illik yubileyi ilə əlaqədar akademik Hüseyn Əhmədov Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən K.D.Uşinski adına “Qızıl medal” ilə təltif olunur. Və Rusiya Təhsil Akademiyasının fəxri fərmanına layiq görülür. Hüseyn müəllim Uşinski medalına layiq görülən ilk azərbaycanlı alimdir.
Elmi fəaliyyəti dövründə 500 elmi əsər yazmış bu alimin tədqiqatları arasında bir neçə ömrə sığmayan narahat günlər, yuxusuz aylar, illər dayanır. Bu böyük insan gələcəyini görüb və gələcəkdə yaşamaq haqqı qazanıb.
65 illik tədqiqat, axtarış yolunu təhlil edəndə öncədən yəqin edirsən ki, Toxluca məktəbinə qədəm qoyan bu uşaq - islam məktəbi yaradan Əhmədin nəvəsi - elmin “daşlı-kəsəkli yollarından keçib şöhrəti Azərbaycana və dünyaya yayılan öz məktəbini yaradıb. O, dəmir iradəsi, kövrək qəlbi ilə XIX-XX əsr məktəb tariximizi fenomen araşdırıcı kimi tədqiq edib.
Hüseyn müəllim 65 illik alim ömrünü 30 il qabaqlayıb. Yaradıcılıq dolu 1 əsri yola salıb. Tədqiqatlarının, araşdırmalarının fasiləsiz təqvimi 81 ili əhatə edir. 65 illik tədqiqatlarında 90 ilin işini görüb Hüseyn müəllim.
Fikirləşirsən ki, akademik Moskvada nəşr olunan “Azərbaycan Pedaqoji fikir antalogiyası” fundamental əsərinin, “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi” oçerklərinin, “Rus pedaqoji ensiklopediyası”nın və 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın əsas müəlliflərindən biridir, onda biz gələcək əsrlərin çox-çox dərinliklərinə gedəcək bir dahi alimlə müasir olmaq xoşbəxtliyindən qürur duymaya bilmirik. Moskva, Leninqrad, Ulyanovsk, Nijni-Novqorod, Penza, Riqa, Daşkənd, Tiflis, Səmərqənddə keçirilən elmi-praktik konfranslarda çıxışları Hüseyn müəllimin milli, milli olduğu qədər də dünyəvi alim olduğunu təsdiq edir.
Milli pedaqoji tariximizin elə bir səhifəsi yoxdur ki, onun qartal baxışından yayınsın. “Maarifçi, görkəmli pedaqoq, rus və Azərbaycan xalqları arasında dostluğun carçısı A.O.Çernyayevskinin tarixi xidmətlərini nəzərə alaraq alimin diqqəti və köməyi ilə 125 illiyi münasibətilə Çernyayevskinin “Vətən dili” kitabı çap edilib, oxucuların ixtiyarına verildi. Bax, buradaca adamın qəlbindən bir səda keçir. Bəli, “Zər qədrini zərgər bilər”.
Əsərlərini oxuyub, söhbətlərini dinlədikcə fikirləşirsən ki, bu alim sanki göylərdən gəlib. Axtarışlarla, tədqiqatlarla, ziya ilə dolu 96 ilin bir qütbündəki alim ömrünü simurq quşu nağıllara aparır, bir qütbündəki ömür isə gözümüzün qarşısında canlı heykələ dönür. Fərəh hissi keçirirsən ki, bu ömür bizim milli sərvətimizdir!
Haşiyə: Ailə ocağı “Hüseyn Sayalı” ocağında dörd övlad böyüyüb. Oğlu Hümeyir və qızı Mehriban atanın yolunu davam etdirir. Mustafa hüquqşünas, Reyhan həkimdi. Həyat yoldaşı haqda böyük səmimiyyətlə yazır: “Mən mən olmazdım, məni mən eləyən olmasaydı”. Azərbaycan pedaqoji ədəbiyyatımızın qızıl fonduna daxil olmuş əsərlərindən birini “XIX əsr Azərbaycan məktəbi” kitabının isə doktorluq dissertasiyasında ona mənəvi və maddi dayaq duran və dünyadan vaxtsız köçən qaynı Fazil Hüseynovun xatirəsinə həsr etməsi yetirmələrinin sərrast sözləri ilə desək, akademikin həm elmin uca zirvəsində, həm də “insanlığın mötəbər kürsüsündə” olduğunu təsdiq edir.
Göydən bir ömür düşdü, alim ömrü. Böyük yaradan ona “Sənə əsərlərin qədər ömür, elmin çətin yolunu keçsən məktəb yaratmaq nəsib edəcəyəm” - dedi. Bu ömür xalqına və bəşəriyyətə fədakarlıqla xidmətə başladı. Elmin 40 sehirli qapısını açdı. Milyonların qəlbində işığa, beynində ziyaya döndü. Milli təhsilimizin pedaqoji fikir məktəbini yaratdı.
Qənbər AĞAYEV, SSRİ Teleradio media əlaçısı, “Qızıl qələm” media mükafatı laureatı, Əməkdar jurnalist |
|
24.07.2022 | 11:34 | |
|
|
|