“İsveç İnstitutu Qlobal Peşəkarlar” adlı təqaüd proqramının qalibi | |
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Nicat Quliyev İsveç Krallığının “İsveç İnstitutu Qlobal Peşəkarlar” adlı təqaüd proqramının (SI) 2022-ci il üzrə qalibi olub. Sözügedən təqaüd proqramı Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi ilə yanaşı, öz ölkələri və regionlarında müsbət və davamlı inkişafa töhfə verəcək gələcək qlobal liderləri yetişdirmək məqsədi daşıyır.
Peşəkar və akademik səviyyədə inkişafa dəstək verən proqram İsveç Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. 54 min avro dəyərində olan təqaüdün qazanılması N.Quliyevə bir sıra üstünlüklər verir. Belə ki, təqaüd daxilində qalibə təhsil haqqının tam təminatı, təhsil müddəti ərzində yaşayış xərclərinin ödənilməsi üçün aylıq təqaüd, xəstəlikdən sığorta və səyahət qrantının verilməsi nəzərdə tutulur.
Qarşıdakı iki il ərzində N.Quliyev İsveçin Göteborq şəhərində yerləşən, informasiya texnologiyaları, təbiət elmləri və memarlıq sahəsində ixtisaslaşmış “Chalmers” Texnologiya Universitetində İnnovativ və dayanıqlı kimya mühəndisliyi ixtisası üzrə magistr pilləsində təhsil alacaq.
Qeyd edək ki, İsveç Krallığının ali təhsil müəssisələrində 2022/2023-cü tədris ili üçün “İsveç İnstitutu Qlobal Peşəkarlar” təhsil təqaüd proqramı üzrə kvotaya əsasən, magistratura səviyyəsində 42 ölkə üzrə 350 təqaüd yeri nəzərdə tutulub.
|
|
23.07.2022 | 13:27 | |
|
|
|