MDU yeni inkişaf mərhələsində: əsas hədəflər və nəticələr

(Əvvəli https://muallim.edu.az/news.php?id=21343)

 

Müasir ali təhsil mühitinin formalaşdırılması

 

Mingəçevir Dövlət Universitetində (MDU) müasir və əlverişli ali təhsil mühitinin təmin edilməsinə prioritet əhəmiyyət verilir. İdarəetmənin müasir dövrün tələblərinə uyğun və tələbəyönümlülük kontekstində təkmilləşdirilməsi, təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması, sənaye ilə səmərəli işbirliyinin qurulması,sosial fəaliyyətlərin genişləndirilməsi və cəmiyyətə fəal inteqrasiyanın təmin edilməsi, qarşılıqlı faydalı yerli və xarici əməkdaşlıqların inkişaf etdirilməsi MDU-da başlıca fəaliyyət istiqamətlərini təşkil edir.

 

İdarəetmənin təkmilləşdirilməsi

 

Hesabat dövründə universitet idarəçiliyində çevik, şəffaf və rəqəmsal mexanizmlərin geniş tətbiqinə xüsusi diqqət göstərilmişdir. MDU-da mövcud struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması, yeni struktur bölmələrin yaradılması, əməkdaşların stimullaşdırılması və sosial rifahının yüksəldilməsi istiqamətində müvafiq addımlar atılmışdır.

 

Ali təhsilə göstərilən yüksək dövlət qayğısı, təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması prioriteti və MDU-nun mövcud maliyyə imkanları əsas tutularaq cari tədris ilində universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərinin aylıq əməkhaqları orta hesabla 20 faiz artırılmışdır. Eyni zamanda, elmi nəşrlərdə dərc edilən əsərlərə görə MDU əməkdaşlarının müvafiq qaydada mükafatlandırılması həyata keçirilmişdir.

 

Dünya və milli ali təhsil məkanında baş verən dəyişikliklər, universitetin strateji hədəfləri, qabaqcıl yerli və beynəlxalq təcrübə, müasir və daha səmərəli idarəetmənin təmin edilməsi zəruriliyi nəzərə alınaraq universitetin strukturunun təkmilləşdirilməsi məqsədilə müvafiq işçi qrupları yaradılmış və fəaliyyət göstərmişdir. İşçi qruplarının təklifləri əsasında cari tədris ilində MDU-da İnformasiya Texnologiyaları fakültəsinin yaradılması və Mühəndislik fakültəsinin yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, Pedaqoji fakültə Təhsil fakültəsi adlandırılmış,Magistratura və Doktorantura Təhsil Mərkəzi, Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmişdir.

 

Universitet idarəçiliyində tələbələrin daha fəal iştirakının təmin edilməsi hesabat dövründə də diqqət mərkəzində saxlanılmışdır. MDU-nun Elmi Şurası və fakültə elmi şuralarında, eləcə də imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibində tələbələr fəal təmsil olunmuşlar. Bununla yanaşı, tələbə və valideynlərin istəklərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə cari tədris ilinin payız və yaz imtahan sessiyaları ərzində çevik onlayn kommunikasiya vasitələrindən biri kimi universitet rektorunun iştirakı ilə hər həftə “Açıq qapı” günləri keçirilmişdir. MDU-da “İmtahanlara dəstək qrupu” və “Qaynar xətt”in fəaliyyət göstərməsi imtahan sessiyasında operativliyin təmin edilməsinə və yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasına xidmət etmişdir.

 

Hesabat dövründə Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurasının üzvləri tədris prosesi və imtahan sessiyasını müşahidə etməklə və müvafiq müzakirələrə qoşulmaqla universitetin idarəçiliyinə fəal cəlb olunmuşlar.2021-ci ilin 6 oktyabr və 2022-ci ilin 6 iyul tarixlərində MDU rektorunun Şura üzvləri ilə keçirdiyi görüşlərdə müvafiq olaraq cari tədris ilinə hazırlıq və onun yekunları barədə fikir mübadiləsi aparılmışdır.

 

“Rektorla söhbət” layihəsi

 

Universitet və cəmiyyətlə çevik kommunikasiyanın təmin edilməsi məqsədilə 2021/2022-ci tədris ilində MDU-da “Rektorla söhbət” layihəsinə start verilmişdir. Layihə çərçivəsində MDU üzvləri ilə yanaşı, regionun təhsil, elm, innovasiya və sahibkarlıq ekosisteminin nümayəndələri ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulan görüşlər universitetdə strateji fəaliyyətlərin yeni çağırışlara uyğunlaşdırılması işinə xidmət edir. Layihə ilə əlaqədar MDU rektorunun iki görüşü keçirilmişdir.

 

Kadr potensialının və təhsilalanların hərtərəfli inkişafı

 

Həm akademik və inzibati heyət üzvlərinin, həm də təhsilalanların hərtərəfli inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq layihələrin, təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsinə MDU-da xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə həyata keçirilən bir çox fəaliyyətlərə MDU-da yeni yaradılan KİM təşkilatçılıq etmişdir.

 

“Peşəkarla görüş”

 

Əsas məqsədi MDU-nun tələbələri, magistrantları və məzunlarının, akademik və inzibati heyət üzvlərinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarət olan “Peşəkarla görüş” layihəsi çərçivəsində cari tədris ilində iki görüş təşkil edilmişdir. 2022-ci ilin 29 aprel tarixində “Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat” mövzusunda keçirilən görüşün qonağı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev, 2022-ci ilin 8 iyun tarixində “Sahibkarlıq universiteti modeli: təhsil-elm-biznes üçbucağı” adlı növbəti görüşün qonağı isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov olmuşdur.

 

Karyera və şəxsi inkişaf

 

Hesabat dövründə MDU-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə və texniki dəstəyi ilə yaradılan Karyera və İnkişaf Mərkəzinin (KİM) açılışı olmuşdur. Mərkəzin yaradılmasında əsas məqsəd əmək bazarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin davam etdirilməsi və karyera inkişafında digər vacib məsələlərdə təhsilalanlara, təhsilverənlərə və məzunlara köməklik göstərməkdir.

 

Cari tədris ilində KİM-in təşkilatçılığı ilə MDU-nun təcrübəli akademik heyət üzvləri, eləcə də tanınmış yerli və beynəlxalq təlimçilər tərəfindən universitetin tələbə və əməkdaşlarının yumşaq bacarıqlarının inkişafına hədəflənən, karyera və şəxsi inkişafı ilə bağlı müxtəlif təlimlər və maarifləndirici seminarlar keçirilmişdir. Bu istiqamətdə Türkiyədən olan beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan tərəfindən “İnnovativ idarəetmə bacarıqları” və “XXI əsrdə karyera inkişafı üçün peşəkar bacarıqlar”, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun professoru David Visk tərəfindən “Ali təhsilin beynəlmiləlləşməsi və müəllimlərin beynəlxalq əməkdaşlıqda iştirakı” və “ABŞ-da təhsil imkanları”, Rutqers Universitetinin professoru Huşəng Əmirəhmədi tərəfindən “Dayanıqlı inkişafda təhsilin artan rolu” və GIZ layihə meneceri Jalə Ələkbərova tərəfindən “XXI əsrin bacarıqları” mövzularında keçirilmiş seminarları, Gənc Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüdlü təhsil imkanları ilə bağlı Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə təşkil edilmiş infosessiyanı xüsusi qeyd etmək olar.

 

Bunlarla yanaşı, MDU “Education HUB” sosial platformasının “YouthTech”, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gələcəyini qur!”, Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf Platforması”,“Peşələr Festivalı”, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun regional ofisi Gəncə Destinasiya Menecmenti Təşkilatının “Təlimçilər üçün təlim” layihələrində fəal təmsil olunmuşdur. MDU KİM-in və “ParaBOKT” ASC-nin birgə təşkilatçılığı ilə universitetdə “Karyera günü” təşkil edilmişdir.

 

Tədqiqat bacarıqlarının inkişafı

 

2021-ci ilin dekabrında MDU və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktik seminar keçirilmişdir. ADA Universitetinin təcrübəli əməkdaşları “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” və “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” mövzularında təqdimatlarla çıxış etmişlər.

 

2022-ci ilin fevralında MDU-da Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar təşkil olunmuşdur.

 

Bununla yanaşı, hesabat dövründə Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət üzvü Rüstəm Cəmilov tərəfindən “Xaricdə təhsil və tədqiqat təcrübəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı Aytən Hüseynli tərəfindən“Akademik yazının tamlığı, əsas prinsip və modelləri”, Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmaz tərəfindən “Effektiv elmi təqdimat” və “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzularında seminarlar keçirilmişdir.

 

Pedaqoji kadrların peşəkarlığının artırılması

 

Hesabat dövründə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birlikdə “Pedaqoji kadrların peşəkar inkişafı” layihəsi reallaşdırılmışdır. Layihə çərçivəsində “Dərsin planlaşdırılması” və “Müasir təlim strategiyaları” mövzularında təlimlər keçirilmişdir.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əməkdaşlıq çərçivəsində MDU-da yeni akkreditiasiya qaydaları, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi barədə keçirilən maarifləndirici seminarlar akademik və inzibati heyət üzvlərinin tədris prosesinin idarə edilməsində peşəkarlığının artırılmasına hədəflənmişdir.

 

Eyni zamanda, cari tədris ilində MDU-da tələbə və əməkdaşların sahibkarlıq, xarici dil, rəqəmsal və media bacarıqlarının inkişafı məqsədilə müxtəlif mövzularda təlimlər və seminarlar təşkil edilmişdir. Bu istiqamətdə Almaniyanın Siegen Universitetinin qonaq professoru Müslüm İbrahimov tərəfindən “Sahibkarlıq ekosistemi”, MDU-nun qonaq professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz tərəfindən “Süni intellekt” mövzusunda keçirdikləri seminarları və “Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimləri xüsusi vurğulamaq olar.

 

Sənaye ilə işbirliyinin gücləndirilməsi

 

Regional innovasiya ekosisteminin başlıca faktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və tədqiqatların nəticəyönümlüyünün artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.

 

SOCAR ilə əməkdaşlıq

 

2022-ci ilin aprelində SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə MDU arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda MDU və “SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması, regionların dayanıqlı inkişafına töhfə verən müxtəlif əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi və digər məsələlər əksini tapmışdır.

 

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq

 

2022-ci ilin aprelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilmiş və əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Cari ildə ASK ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hazırlanmış müvafiq fəaliyyət planı üzrə tədbirlərin keçirilməsinə başlanılmışdır.

 

“Azərbaycan İES” MMC ilə əməkdaşlıq

 

MDU və “Azərbaycan İES” MMC ilə əməkdaşlıq çərçivəsində ekskursiya, “dəyirmi masa”, elmi-praktik konfrans və məşğələ dərsləri təşkil edilmişdir. Bununla yanaşı, 2021-ci ilin noyabr-dekabr aylarında MDU-nun Mühəndislik fakültəsində təhsil alan 16 tələbənin iştirakı ilə “Azərbaycan İES”-də iki həftəlik təlim-təcrübə proqramı, 2022-ci ilin mart ayında isə universitetin təcrübəli akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşları üçün təlim proqramı həyata keçirilmişdir.

 

“Universitet-peşə məktəbi-sənaye” əməkdaşlıq formatı

 

MDU, Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC şirkəti arasında “universitet-peşə məktəbi-sənaye” formatında üçtərəfli əməkdaşlıq hesabat dövründə uğurla davam etdirilmişdir. Bu çərçivədə MDU-nun 5 və MPM-in 2 tələbəsinin iştirakı ilə“Azmade Group” MMC-yə daxil olan Zəyəm Texnologiyalar Parkında (ZTP) “Yay Təcrübə Proqramı” reallaşdırılmışdır. Bundan əlavə, 2022-ci ilin iyun ayında MDU və Bərdə Peşə Liseyi arasında əməkdaşlığın əsası qoyulmuşdur.

 

Bunlarla yanaşı, “Kapital Bank” ASC, “Atəşgah” Sığorta Şirkəti və Mingəçevir Sənaye Parkı ilə əməkdaşlıq davam etdirilmiş, MDU tələbələri müxtəlif sənaye müəssisələrində ekskursiyada və təcrübədə olmuşdurlar.

 

Çoxşaxəli tələbə fəaliyyətləri

 

MDU-da tələbəyönümlü təhsil mühitinin yaradılmasına, tələbə gənclərin hərtərəfli inkişafına, onların universitet idarəçiliyində fəal təmsil olunmasına, çoxşaxəli könüllülük fəaliyyətinə cəlb edilməsinə və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.Universitetin tələbə və magistrantları Qarabağ Zəfərinin birinci ildönümünə, “Şuşa ili”nə, eləcə də digər əlamətdar günlərə və tarixi şəxsiyyətlərə həsr olunan tədbirlərdə,elmi konfranslarda, müvafiq təbliğat və maarifləndirmə işlərində, iməciliklərdə, startap və könüllülük fəaliyyətlərində, müxtəlif bilik, yaradıcılıq, idman müsabiqələri və yarışlarında yüksək fəallıq nümayiş etdirmiş və uğurlu nəticələrə nail olmuşlar.

 

Ümummilli Liderə həsr olunan respublika müsabiqələrində uğurlu iştirak

 

2021-ci ilin noyabrın 12-də Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və ölkənin 48 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında MDU-nun tələbələrdən ibarət komandası 11-ci yerdə qərarlaşmışdır.

 

Cari ilin aprel-may aylarında Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı və təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqə-festivalına MDU tələbələri də fəal qatılmışlar. Müsabiqə-festivalda MDU “Müasir rəqs” nominasiyası üzrə II yer tutmuşdur.

 

Startap fəaliyyətlərində nailiyyətlər

 

Qardaş Türkiyənin ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST 2022”-nin final mərhələsində MDU 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə fəal təmsil olunmuşdur. Festivalın “Aqrar texnologiyalar” müsabiqəsində MDU-nun “Sevil” komandası “Ağıllı müqəvva - əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova - süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Smart Qarabağ” hakatonunda “Zəfər” komandası “GarabaghVRTEX - Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdirmişlər.

 

Bundan əvvəl, MDU-nun “Aqrinova” komandası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilən Bakı Qida Hakatonunun qalibi olmuş və 5000 avro məbləğində pul mükafatı qazanmışdır.

 

Eyni zamanda, 2022-ci ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində  keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2022) universitetin tələbə və gənc əməkdaşlarından ibarət heyət kənd təsərrüfatı məhsullarının minimum itki ilə daşınması və məhsulların marşrut boyunca izlənilməsi kimi problemlərin innovativ həllini təklif edən“AZIOT” startap layihəsini təqdim etmişdir.

 

Vətənpərvərlik tərbiyəsi

 

Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan MDU-da təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. MDU-da Qarabağ Zəfərinə və qəhrəmanlara həsr edilən, tariximizin faciəvi və şanlı səhifələrinin, milli mənəvi dəyərlərin və adət-ənənələrin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlər keçirilmişdir. Müntəzəm olaraq universitetin şəhid məzunlarının ailələri ziyarət edilmiş, Şəhidlər xiyabanında onların əziz xatirələri anılmış, qazi məzunlarla görüşlər, şəhid məzunların ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmiş, kollektiv üzvlərinin Ağdama səfəri təşkil edilmiş, qəhrəmanlarımıza həsr olunmuş tədbirlərdə tələbə və əməkdaşların fəal iştirakı təmin edilmişdir.

 

COVID-19 pandemiyasına qarşı mübarizə

 

COVID-19 pandemiyasının davam etdiyi bir şəraitdə MDU-da kollektiv üzvlərinin sağlamlıqlarına, xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə, tələbə və müəllim kollektivinin müvafiq dozalar üzrə vaksinasiya prosesində fəal iştirakına, müntəzəm olaraq tibbi-profilaktik və dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilmişdir.

 

Təhsil nazirinin MDU-ya gəlişi

 

Cari ilin iyunun 28-də təhsil naziri Emin Əmrullayevin MDU-ya gəlişi universitetə göstərilən diqqət və dəstəyin ifadəsi, eləcə də əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Nazir universitetə ziyarəti çərçivəsində MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının açılışında, magistrantların “Poster Sessiyası”nda və “Məzun Günü 2022” tədbirində iştirak etmiş, yeni kampus üçün ayrılmış əraziyə baxış və kollektiv üzvləri ilə görüş keçirmişdir.

 

(ardı var)

 

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru



22.07.2022 | 12:25