Şagirdlərin yaradıcı təfəkkürünün, tədqiqatçılıq qabiliyyətinin inkişafı

Məlum olduğu kimi, kurikulumun tətbiq olunduğu mühitdə təhsil alan şagird müstəqil qərarlar qəbul edən, özünə inamlı, özünü ifadə, liderlik və natiqlik bacarıqlarına, yaradıcı təxəyyülə və təfəkkürə sahib, tədqiqat aparan, ətrafına tənqidi yanaşan bir insan kimi formalaşdırılır.

 

O, məktəbli yaşlarından tədqiq etməyi öyrənir, buna vərdiş edir. Əldə etdiyi yeni biliyi kor-koranə deyil, araşdıraraq qəbul edir, mənimsəyir. Fəal dərsin mərhələlərindən biri də məhz bunun üçün nəzərdə tutulmuşdur: tədqiqatın aparılması.Məşhur amerikalı pedaqoq, filosof John Deveyin də dediyi kimi, təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür. Həyatda da tədqiq etmək, araşdırmaq zərurəti yaranır. Araşdırmalı, qərarlar qəbul etməli oluruq. Məhz bu mənada şagirdlərdə bu bacarığın təhsilin ilk pillələrindən inkişaf etdirilməsi olduqca əhəmiyyət kəsb edir. Filosof təhsil haqda yazdığı və çoxluq tərəfindən birmənalı qarşılanmayan məşhur “My pedagogic creed” məqaləsində bütün bunları aydınlığı ilə qeyd etmişdir. Hələ zamanında səs-küyə səbəb olmuş bu məqaləylə o, təhsilə yeni yanaşma gətirmiş, özünün bütün bu fəlsəfi düşüncələrini sınamaq üçün təcrübə məktəbi yaratmışdır. Məlumat üçün deyim ki, məktəb 8 il fəaliyyət göstərmişdir.

 

Filosofun fikrincə, şagirdi həyatın içində öyrətmək, məktəbdə də evdəkindən fərqli olmayan mühit yaratmaq lazımdır. Çünki o ilk ailə, ev mühitini görür və həyata ordan atılır. Məktəbi də məhz ev mühiti halına gətirmək, daha sonra məqsədyönlü və mərhələli şəkildə həyatın digər  tərəflərini ona göstərmək lazımdır.  O qeyd edir ki,  uşağa sadəcə bu gün üçün lazım olan bilik və bacarıqlar verilməlidir. Devey öyrənmənin önəmli qisminin problemin həlli qabiliyyəti olduğunu qeyd edirdi. Çünki bu, yaradıcı işdir, digərləri kimi kopyalama, hazır bilgilərə əsaslanan deyil. Şəxs problemini özü həll etməlidir. Ancaq bu halda onda hansısa yaradıcı qabiliyyətlər formalaşa bilər.

 

Filosofun fikirlərindən çıxış edərək demək istəyirəm ki, uşaq məktəbə gəldiyinə görə özünü xoşbəxt hiss etməlidir, məktəb uşağı xoşbəxt edən məkana çevrilməlidir. Məcburi olan heç bir proqram, heç bir standart reallaşdırılmamalıdır. İlk əvvəl uşaqların ehtiyacları, məsələn oyun, əylənmək, həmyaşıdlarıyla maraqlı zaman keçirmək ehtiyacları ödənməli, daha sonra müəyyən proqramlar tədris olunmalıdır. Məhz bu şəraitdə təhsil alan şagird yaradıcı potensialının fərqində olacaq və öz təxəyyül imkanlarının sərhədlərini genişləndirəcəkdir. Bunun nəticəsində də əldə etdiyi yaradıcı bacarıqları asanlıqla sərgiləyə biləcək.

 

Təklif edərdim ki, məsələn, hər gün “Oyun saatı” adlı bir fənn tədris olunsun. Şagirdə özündən müəyyən bir oyunun və yaxud əyləncəli bir idman hərəkətinin düşünülməsi tapşırılsın.Yaxud da hansısa sevdiyi mahnını oxumaq, müəyyən musiqi alətində ifa etmək kimi fəaliyyət reallaşdırılsın. Bu addım onlarda həm ruh yüksəkliyi, öyrənməyə, yeniliyə həvəs yaradar, həm də onları prosesə motivasiya edər.

 

Şagirdlərin tədqiqatçılıq və yaradıcılıq qabiliyyətlərini artırmaq üçün həm də aşağıda qeyd edilən məlum fəaliyyətləri də icra etmək olar. 

* inşa, ifadə, esse yazıları;

* ekskursiyalar;

* sinifdənxaric və məktəbdaxili tədbirlər;

* yarış, olimpiada və müsabiqələrin (bilik, rəqs, rəsm və s) təşkili.

 

Sadalanan istiqamətlər üzrə şagirdlərin qazanmış olduqları bilik və bacarıqlar onların inkişafına əvəzsiz töhfə verir. Şagirdin praktikada, fəaliyyət zamanı əldə etdiyi təcrübə onun cəmiyyətdəki sosial həyatı üçün əhəmiyyətli məqama çevrilir. Bu cəhətdən də yuxarıda qeyd edilən məsələlərin reallaşdırılmasına müəllim və məktəb kollektivi (bu işlə əlaqədar olanlar)  xüsusi diqqət yetirməlidirlər. Məsələn, zaman-zaman ekskursiyaların təşkili, rayon və yaxud respublika olimpiadalarında iştirakın təmin edilməsinə xüsusi diqqət ayrılmalıdır.

 

Ümumiyyətlə, pedaqoji prosesin məqsədi və amalı şagird şəxsiyyətinin hərtərəfli inkişafını təmin etməkdir. Bu fəaliyyət üçün təhsil işçiləri bütün səfərbərliyini, güc və enerjisini sərf etməkdən çəkinməməli, cəmiyyətin sabahkı qurucularını, rəhbər işçilərini yetişdirməkdən zövq almalıdırlar. Çünki uşaqlar bizim gələcəyimizin təminatçısı, parlayan ümid işığıdır! Nə xoş bizə ki, bu ümdə vəzifənin məsul işçiləriyik.

 

 

Nərmin ABDULLAYEVA,

Hacıqabul rayon Abdulabad kənd N.Rüstəmov adına tam orta məktəbin ibtidai sinif müəllimi

 

 

 



07.09.2018 | 16:37