Tələbə kreditinə müraciətlərin qəbulu davam edir | |
2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir. Abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron sistemə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir.
Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsili pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir.
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.
|
|
21.07.2022 | 11:20 | |
|
|
|