Gələcəyə səriştələrlə | |
Son illər təhsil sahəsində aparılan islahatlar müəllimlərimizin, pedaqoji müəssisələrin dövrün aktual trend və çağırışlarına uyğun, təhsilalanların səriştə və bacarıqlarının stimullaşdırılmasına xidmət edən innovativ təşəbbüslərlə çıxış etməsinə vəsilə olub. Ötən tədris ilində keçirilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin əsas hədəfi də inkişaf əsaslı təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Qalib layihələrin müəllifləri olan müəllimlər “Azərbaycan müəllimi”nə öz hədəf və axtarışları barədə fikirlərini bölüşüblər.
“Robotis Bioloid STEM səviyyə 2” layihəsi
V Qrant müsabiqəsinin fərdi kateqoriyada qaliblərindən biri Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Nərgiz Əliyevadır. O, müsabiqədə “Robotis Bioloid STEM səviyyə 2” layihəsi ilə iştirak edib. N. Əliyeva layihəsi barədə məlumat verir:
- Məlumdur ki, dünyada geniş istifadə olunan və təhsil sistemimizə daxil olan yeni nəsil “Robotis STEM” məhsulları qlobal robot həlləri təminatçısıdır və robot aparatlarının aparıcı istehsalçılarından biridir. Biz təhsil və sənayenin bütün sahələrində istifadə üçün robot aparatları və robot platformaları, habelə hər yaş və bacarıq səviyyələri üçün təhsil robot dəstləri istehsalında ixtisaslaşırıq. İnnovasiya və sənayenin qabaqcıl mütəxəssisləri ilə əməkdaşlığa yönəldiyimiz üçün Robotis, demək olar ki, hər hansı bir tətbiqin ehtiyaclarına uyğun hazırlanmış həll yolları təqdim edə bilir. Robotis aparatında, insanlara interaktiv xidmət edən robotlara, çatdırılma dronlarına, tibbi yardım, axtarış və xilasetmə robotlarına və ən müasir texnologiyalara sahib ola bilərsiniz. DYNAMIXEL ağıllı aktuatorların təklif etdiyi bir sıra ölçülərdən avtomatlaşdırma, müdafiə, animatronika, xüsusi effektlər, tibb, kənd təsərrüfatı və dəqiq hərəkət komponentlərinə ehtiyacı olan peşəkar və sənaye sahələrində istifadə olunur.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə bu kursların ətraf rayon məktəblərində həyata keçirilməsi üçün zəngin baza, real zəmin, güclü kadr potensialı vardır; məktəbin müəllimlərinin İKT üzrə savadlılığı yüksəkdir. İrəli sürdüyümüz problem layihə Lənkəran şəhər 1, 6,7,10 nömrəli məktəbləri əhatə edir. Layihənin məqsədi məktəblərimizdə yeni çağırışlara cavab verə biləcək şagirdlər yetişdirmək, müəllimlərə bu sahədə təcrübə keçməkdir.
Layihə müəllim-şagird münasibətlərinin formalaşmasına yardım etmək; müəllim və şagirdin öyrənmə amalı uğrunda eyni mühitdə sıxılmadan münasibətlərinin formalaşmasına dəstək olmaq; öyrənmənin müəllim və şagird arasında fərq qoyulmadan baş tuta bilməsini cəmiyyətə göstərmək; şagird və müəllimi yeni mühitdə, komplekssiz şəkildə öyrənməyə fokuslamaq; “Robotis STEAM” avadanlığının ilk STEAM robot dəsti kimi daha yaxşı STEAM texnologiyalarını mənimsəmək; praktiki “Robotis STEAM” LV 2 robot dəstləri ilə uşaqlarda düşüncə gücu ilə açılmış oyunun azadlığı və yaradıcılığını təmin etmək; uşaqların diqqətini bu proqrama gücləndirmək, bədii bacarıqları artırmaq, məntiqi təfəkkürün inkişafını stimullaşdırmaq və özünə inamı inkişaf etdirmək kimi hədəfləri nəzərdə tutur.
Layihə çərçivəsində ilk olaraq Lənkəran şəhər 1,6,7 və 10 nömrəli tam orta məktəblərin riyaziyyat-fizika müəllimləri və ibtidai sinif müəllimləri təlimlərə cəlb edilib. Hər 4 məktəbdən 10 (5 riyaziyyat-fizika, 5 ibtidai sinif müəllimi olmaqla) nəfər olmaqla, 40 müəllim təlimlərdə iştirak edib. Təlimlər zamanı müəllimlərə “Robotis STEAM” LV 2 əsaslı dərslərin keçilmə metodikası öyrədilib. Növbəti mərhələdə hər 4 məktəbdən 20 nəfər olmaqla, 80 şagird seçilib. Uğurlu müəllim–şagird münasibətlərinə nail olmaq üçün təhsilalanların öz müəllimləri ilə birlikdə işləməsi təmin edilib. Şagirdlərə də “Robotis STEAM” LV 2 əsaslı dərslərin keçirilmə metodikası öyrədilib. Öyrənmə metodunun dərslərdə daha geniş tətbiqinə nail olmaq üçün bizim layihədə müəllimlərin davamlı olaraq “Famelab” əsaslı dərslər keçməsinə xüsusi önəm verilib. Layihənin mühüm hədəflərindən biri riyaziyyat-fizika fənlərinə daha çox maraq yaratmaqdır. Çünki dünya təhsili texniki və təbiət elmlərinə daha böyük maraq göstərir. Biz əminik ki, “Robotis STEAM LV 2” əsaslı STEM dərsləri ilə buna tam nail olacağıq.
Layihənin hədəflərinə nail olmaq üçün “PİK 2020” MMC şirkətinin və “Demokratik Gənclər” İctimai Birliyinin köməkliyi ilə Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin bazasında Mühəndislik və Proqramlaşdırma Akademiyası yaradılıb. Bu akademiyada, ilk növbədə peşəkar təlimçi müəllimlər hazırlanıb. Bu müəllimlər daha sonra şagirdlərə təlimlər keçiblər.
Təlim proqramı STEAM nədir və bizim həyatımızda rolu; STEAM tədrisində riyaziyyat mərkəzli dünya problemləri və riyazi modelləmə; STEAM proqramları; proqramlaşdırma anlayışı, animasiya və sadə oyunlar; rəqəmsal incəsənət-memarlıq abidələri və təxəyyülə uyğun 3D fiqurlar yaratmaq və animasiyaya çevirmək bacarıqları; “Robotis Bioloid STEM səviyyə 2” ağllı robotexnika qurğuları ilə tanışlıq; onlara komanda vermək və hərəkət etdirmək funksiyası; Virtual Reallıq( VR) ; STEM tədrisində ölçmə və dəyərləndirmə, qiymətləndirmə; Micro:bit yaradıcı öyrənmə mühiti kimi istiqamətləri əhatə edir.
Şagirdlər üçün seçilmiş proqramlaşdırma kursları uşaqların və yeniyetmələrin hərtərəfli inkişafına yönəlib. Bizim yeganə məqsədimiz bilikləri bölüşmək deyil. Onlar uşaqlar və yeniyetmələrdə təhsilə marağı təbliğ etməyə çalışırlar. Məhz buna görə, Start IT-də tədris metodikası məktəb dərslərindən fərqlənir. Bizim dərslər maksimal olaraq interaktiv və oyunlar formasında keçirilib.
“Robotis STEM” LV 2 qurğusu ilə tədris prosesində şagirdlər sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və onları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcək. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcək. Bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar.
“Robototexnika və 3D bacarıqlarının artırılması üçün dərnəyin təşkili”
Bakı şəhəri 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mətanət Səmədova V Qrant müsabiqəsinin fərdi kateqoriyada qalibidir. O, müsabiqədə “Robototexnika və 3D bacarıqlarının artırılması üçün dərnəyin təşkili” layihəsi ilə iştirak edib. M.Səmədova layihə çərçivəsində görülmüş işlər barədə məlumat verir:
- Yeni təhsil texnologiyaları vasitəsilə şagirdlər hər hansı obyektin şəklindən istifadə edərək virtual reallıqda onunla təmas qura, planetlər, həndəsi fiqurlar, canlıların daxili quruluşu və s. kimi kompleks obyektləri virtual mühitdə canlandıraraq görə bilərlər. Coğrafiya, mühəndislik və tibb kimi elmlərin tədrisində fiziki olaraq hərəkət etməyin mümkün olmadığı obyektlərin 3 ölçülü formatından istifadə edərək tətbiqi təcrübələr həyata keçirə bilərlər.
Günümüzdə robototexnikadan bir çox sənaye, məişət və sosial problemlərin həllində istifadə edilir. Robototexnika texnologiya ilə bağlı olaraq robotları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Dünyanın bir sıra ölkələrində bu elm sahəsinin inkişafına böyük dəstək vardır. Bu sahənin inkişafı, öz növbəsində, sənayenin, avtomatlaşdırmanın sürətli inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Bu baxımdan, şagirdlərin robototexnika və 3 D dizayn bacarıqlarını inkişaf etdirmək üçün dərnəyin yaradılmasını təklif etdik. Layihəmizin məqsədi III-VII sinif şagirdləri arasında riyazi düşüncəni inkişaf etdirən, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönələn hesablama, proqramlaşdırma və dizayn bacarıqlarının genişləndirilməsi üçün dərnəyin yaradılmasıdır. Ötən ilin oktyabrında V Qrant müsabiqəsi çərçivəsində layihəmizin MS Teams platforması üzərindən açılış tədbiri keçirildi. Açılış tədbirində məktəbin direktoru E.Ə.Məmmədova, layihənin ekspert və təlimçiləri, müəllim və şagirdlər iştirak etdi. Tədbirdə layihə haqqında geniş məlumat verildi. Layihənin icrası çərçivəsində aşağıdakı mövzular üzrə dərnəyin təşkil olunması nəzərdə tutulub: STEM və mobil öyrənmə; fənlər üzrə mobil tətbiqetmə kataloqu; artırılmış reallıq (AR) və virtual reallıq(VR) innovativ təhsil aləti kimi; GPS (Qlobal Mövqe Təyinetmə Sistemi); “Google Earth” proqramının topoqrafiya imkanları; “SketchUp” proqramı ilə ərazilərin 3D modellərinin və xəritələrinin hazırlanması. Layihənin icrasına 50 nəfər seçilmiş şagird cəlb olunub. Təlimlər həftədə 2 dəfə olmaqla 48 saatı əhatə edib. Layihə çərçivəsində MS Teams platformasında onlayn sinif otaqları, sosial şəbəkələrdə layihənin səhifəsi yaradılıb. Mütəmadi olaraq layihənin məqsədi, görülən işlər haqqında sosial şəbəkələrdə, məktəbin saytında və facebook səhifəsində işıqlandırılıb.
“Hərbi STEAM mühəndisləri”
Bakı şəhəri 240 nömrəli tam orta məktəbin müəllimi Gülşən Hacıyeva V Qrant müsabiqəsində “Hərbi STEAM mühəndisləri” layihəsi ilə qalib gəlib. G.Hacıyeva layihəsi barədə belə deyir:
- Layihənin məqsədi 7-8-ci sinif şagirdlərini hərbi STEAM dərnəklərinə cəlb etməklə onlarda müdafiə sənayesi mühəndisliyi istiqamətində öyrənmə, həyati və dizayn düşüncəsi bacarıqlarını formalaşdırmaq, ölkəmizin sosial-iqtisadi və müdafiə sahələrində peşəkarlar hazırlığına töhfə verməkdir.
Layihənin vəzifələrinə 30 nəfər şagirdin seçilməsi; mütəxəssislərlə “Hərbi STEAM” təliminə hazırlıqlar; hərbi STEAM mühəndisliyi və maker fəaliyyəti üçün ləvazimatların alışı; “Hərbi STEAM mühəndisliyi” dərnək otağının hazırlanması; 4 ay müddətində kiçik qruplarla təlimlərin, seminarların, görüşlərin təşkili; şagirdlərin yarışlara cəlb edilməsi; “Hərbi STEAM mühəndisliyi” sərgisinin təşkili; layihənin icrası və nəticələrinin KİV-də işıqlandırılması, tam hesabatların vaxtında verilməsi daxildir. "Hərbi STEAM mühəndisləri" layihəsi çərçivəsində mütəxəssis qonağımız 44 günlük Vətən müharibəsində tank tağım komandiri kimi Qubadlı, Füzuli, Xocavənd, Hadrut istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmiş, ehtiyatda olan baş leytenant İsfəndiyar Əhmədov olub. 44 günlük Vətən müharibəsinin digər iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, "Vətən Müharibəsi Qəhrəmanı", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Vüsal Yaqubovun da şagirdlərlə görüşü təşkil edilib.
Layihə çərçivəsində təşkil edilmiş növbəti təlimlərdə şagirdlər 3D dizayn üçün ehtiyac olan fiqurları, dizayn əməllərini dəqiqləşdirərək müxtəlif tank modelləri dizayn etməyə başlayıblar. Layihənin yekun tədbirində şagirdlərin əl işlərindən ibarət sərginin təqdimatı da baş tutub. Layihə təlimlərinə cəlb edilmiş şagirdlər aktiv iştiraklarına görə sertifikatla təltif edildilər.
“Həyati bacarıqlarımızı qiymətləndirək!”
- Layihəmizin məqsədi şagirdlərin həyati bacarıqlarını əsas götürməklə məktəbdaxili formativ qiymətləndirməni yüksək nəticələrlə reallaşdırmaqdır. Layihə fəaliyyətini onlayn şəkildə TEAMS platforması üzərindən davam etdirib və ilk gündən Qazax rayonunda fəaliyyət göstərən bir neçə məktəblə yanaşı, respublikanın müxtəlif məktəblərindən də şagirdlər bu prosesə qoşulmaqla öz bacarıqlarını reallaşdırıblar.
Bacarıqlara əsaslanmış təlimlər 1-5, 6-8-ci sinif şagirdlərini əhatə edib.Təlim boyu şagirdlərin tənqidi, yaradıcı təfəkkürləri ilə yanaşı, onlarda koqnitiv və metakoqnitiv bacarıqları, eləcə də təxəyyülü inkişaf etdirən əyləncəli təlimlər keçirilib. Layihə çərçivəsində müəllimlər yeni fərdi qiymətləndirmə üsulundan müntəzəm istifadə edib və çox yaxşı nəticələr əldə ediblər. Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə müstəqillik və özünəinam bacarıqları formalaşır; obyektivlik, özünə və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir; ədalətli, əməksevər və özünəgüvən, iradi keyfiyyətlər yaranır; şagird aldığı qiymətin obyektivliyinə əmin olur; qiymətin tədris prosesinin real tənzimləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür edir; fərdi qiymətləndirilən şagird bir fərd olaraq özünü özü ilə müqayisə edir; irəliləyişlərini tənzimləyir.
Biz şagirdə bilik verməklə yanaşı, fəaliyyət bacarığı da öyrədirik. Məhz buna görə də biz təkcə biliyi yox, fəaliyyəti və onun səmərəliliyini də qiymətləndirməliyik. Şagirdlər müxtəlif mövzular üzrə təqdimatlar hazırlayaraq onları nümayiş etdirir. Bu zaman “mən bunu daha necə edə bilərəm”, “bunu daha da maraqlı etmək uçün daha nələrdən istifadə edə bilərəm” deyə duşünürlər. Bu isə onlarda koqnitiv bacarıqlarla yanaşı, metakoqnitv bacarıqları da inkişaf etdirir.
Şagirdlər hər hansı bir sual və yaxud mövzu ilə bağlı fikir yürüdərkən bunu padlet TOOL-02 aləti üzərindən həyata keçirirlər. Təqdimat zamanı paylaşım edirlər, öz təqdimatlarını Süey, Book Gteatoe, Story Junmpec, POUTOON alətləri üzərindən həyata keçirirlər. Buna nail olmaq üçün öyrətdiyimiz İKT alətlərindən istifadə edirlər. Bütün bunlar dərsi daha da maraqlı edir, nəinki yuxarı, hətta aşağı sinif şagirdləri də bu alətlərdən yararlanırlar. Təlimin eksperti şagirdləri şifahi sorğu edərək onların maraq dairəsi və səviyyələri haqqında məlumatlar toplayıb. Təlimçi Tahirə Xasməmmədova "Biz məktəbə nə üçün gedirik?”, "Mənim arzum nədir?”, "Hansı fənni sevirsən və nə üçün?” kimi suallarla şagirdlərə müraciət edib. Müraciət şagirdlər tərəfindən PADLET alətində icra olunub. Şagirdlər ilk dəfə bu aləti istifadə etdikləri üçün əvvəlcə çətinlik çəkiblər.Təlimçinin izahından sonra şagirdlərin bir qismi bu işin öhdəsindən gəliblər. Şagirdlərimiz ötən dərs ili MS Teams platforması üzərindən dərslərə yiyələnmələrinə baxmayaraq, təlimçi bu bacarıqların formalaşması naminə elə ilk təlimdən ciddi addımlar atmağa başlayıb. Valideynlər üçün xüsusi tövsiyələr verilib, şagirdləri, xüsusilə azyaşlı şagirdləri həddindən çox əlavə dərslərlə yükləməyin onların fiziki və psixoloji cəhətdən yorğunluğuna səbəb olduğu, onlarda dərsə və ev tapşırıqlarına qarşı fobiya əmələ gətirdiyi diqqətə çatdırılıb.
Oruc MUSTAFAYEV
|
|
19.07.2022 | 17:08 | |
|
|
|