Təhsildə kəmiyyət və keyfiyyət fərqi | |
“Təhsildə keyfiyyət ili” bir çox istiqamətlərdə müsbət nəticələrlə müşahidə olundu. Builki tələbə qəbulunun təhlili əvvəlki illərlə müqayisədə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində ciddi fərq olduğunu göstərdi. Son beş il ərzində dəyişən rəqəmlər mənzərəni daha geniş planda görməyə imkan yaradır.
Məsələn, son 5 tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da, I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarında da xeyli artım müşahidə olunub. Bu say indiyədək rekord göstəricidir - 40806 tələbə. Son 5 tədris ilində tələbə qəbulunun proqnoz yerləri 20,8 faiz, faktiki qəbul olunan tələbələrin sayı isə 21,2 faiz artıb.
Təhsildə keyfiyyət fərqi
Ötən il imtahanlarda 200 baldan artıq nəticə göstərərək müsabiqə şərtlərini ödəyən və tələbə statusu qazanmaq hüququ olan abituriyentlərin sayı bu il 6.7 faiz dəyişib. Yəni, 2017-ci ildə 35790 nəfər olduğu halda, bu il 38201 nəfər təşkil edib.
Ümumiyyətlə, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlikdə tələbə qəbulunun keyfiyyət göstəricilərində nəzərəçarpacaq dərəcədə, yəni 18.2 faiz artım müşahidə olunub.
Xatırladaq ki, keyfiyyət göstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir.
Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 38201 nəfərdir. Bu da imtahan iştirakçılarının 52.9 faizi deməkdir.
700 bal toplayanlar: ötən il onlar 15 nəfər idi, bu il isə...
Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir. Bu ilin qəbul imtahanlarında 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Həmin göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər olub. Bu tədris ilində 29 nəfər abituriyent 700 bal toplayıb. Ötən il bu göstərici 15 nəfər idi.
İKT ixtisaslarına qəbul
İKT ixtisaslarına qəbulun keyfiyyəti həm də hər bir ölkənin gələcək inkişafının təminatıdır. Bəs ölkəmizdə İKT ixtisaslarına tələbə qəbulu keyfiyyət fərqi yarada bilirmi?
2018-2019-cu tədris ili üçün 5 İKT ixtisası üzrə tələbə qəbulu proqnozu ümumi tələbə qəbulunun 5.4 faizini təşkil edib. İKT ixtisaslarına (“Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “İnformasiya təhlükəsizliyi”) tələbə qəbulu proqnozu ötən illə müqayisədə 40.2 faiz (707 nəfər) artıb. Belə ki, bu ixtisaslara qəbul 1759-dan 2466 nəfərə yüksəlib.
Bununla yanaşı, “Pedaqoji” ixtisas qrupuna aid olan “İnformatika müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu proqnozu da artıb. Belə ki, 2017-2018-ci tədris ilinə nisbətən cari ildə bu göstərici 16.6 faiz artaraq 1055 yer təşkil edib.
İKT ixtisasları üzrə tədrisin ingilis dilində aparıldığı tələbə qəbulu proqnozu da ötən illə müqayisədə 24 faiz artaraq 465 nəfər təşkil edib. Eyni zamanda ali təhsilin magistratura səviyyəsinə İKT ixtisasları üzrə tələbə qəbulu proqnozunda ötən ilə nisbətən 34.1 faiz artım müşahidə olunub.
Müəllimliyin artan nüfuzu
“Təhsil” ixtisas qrupuna aid olan 18 müəllimlik ixtisasları üzrə son 5 ildə qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunun göstəricisidir. Burada həm ali təhsil müəssisələri üzrə, həm də ixtisaslar üzrə əhəmiyyətli artım müşahidə olunur. Qeyd etmək lazımdır ki, Bakıda (ADPU) və regionlarda (GDU, MDU, LDU, NDU) yerləşən ali təhsil müəssisələrində qəbul balları nəzərəçarpacaq dərəcədə yüksəlib. Belə ki, 2016-cı ildə qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər olduğu halda, bu il həmin göstərici 235 nəfər olub. Bu, ibtidai sinif müəllimliyində 4.4 dəfə artım deməkdir. Ümumiyyətlə, 2018-ci ildə 500 baldan çox toplayanların sayı “Kimya müəllimliyi”ndə 2.7 dəfə, “Riyaziyyat və informatika müəllimliyi”ndə 1.7 dəfə, “Biologiya müəllimliyi”ndə 12.7 dəfə, “Kimya və biologiya müəllimliyi”ndə 6.2 dəfə artıb.
100 faizlik nəticə
Dünyada müxtəlif dillərdə ünsiyyət bacarıqları təkcə gündəlik münasibətlərdə deyil, eyni zamanda təhsil-elm müstəvisində də sürətlə genişlənir. Xüsusilə də, ingilis dilinin təhsil sistemində təsir gücü günbəgün artır. Yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla ölkəmizin ali təhsil müəssisələrinin tədrisi ingilis dilində aparılan ixtisasların sayı 44-dən 57-yə, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 15 faiz artıb.
Son 3 tədris ilində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulunda proqnoz yerlərinin də sayı artıb və xüsusilə də bu ilin tələbə qəbulunda, demək olar ki, məzunlar 100 faizlik nəticə ilə xarici dildə tədrisi seçiblər.
Oğlanların magistraturada oxumaq həvəsi artıb?
Son iki ildə ali təhsil müəssisələrinə və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə də çox yaxşı nəticələr əldə olunub. Magistraturaya qəbul imtahanlarında iştirak edib magistr adını qazanan bakalavrların ümumi sayı 2016/2017-ci tədris ilinə nisbətən bu il 37 faiz artıb.
Möhlət hüququnun verilməsindən sonrakı rəqəmlərə baxaq. Beləliklə, 2017-2018-ci tədris ili üçün magistraturaya aparılan qəbulun nəticələrinə görə, 7703 proqnoz yeri 82.6 faiz dolub və qəbul olunan 6361 magistrdən 3590 nəfəri qız, 2771 nəfəri oğlan olub. Bu, oğlanların sayında əvvəlki illə müqayisədə 73.9 faiz artım deməkdir.
Gəlin, bu ilin rəqəmlərinə baxaq. Proqnoz yerlərin sayı 8373-ə qaldırılıb. Həmin yerlərə faktiki qəbul 6396 nəfər olub. Onlardan 3242 nəfəri qızdırsa, 3154 nəfəri oğlandır. Yəni, oğlanlarla qızlar arasındakı kəskin fərq nəinki azalıb, az qala bərabərləşib. Artıq magistr qızlarla oğlanlar arasında fərq cəmi 1.4 faizdir.
Yeni dərs ili
Ali təhsil müəssisələrinə daha bir qəbul başa çatıb. Artıq yeni tədris ili üçün hazırlıqlar gedir. Bu mərhələdə yanlışları görməzdən gəlmədən uğurlara köklənirik. Odur ki, ötən 5 ilin nəticələrinə əsaslanan yeni dərs ilindən gözləntilər daha böyükdür.
Ruhiyyə DAŞSALAHLI
|
|
07.09.2018 | 09:41 | |
|
|
|