“Şərq” qəzetinin 74 cilddən ibarət nömrəsi MEK fonduna hədiyyə edilib | |
22 iyul - Milli Mətbuat Günü ərəfəsində “Şərq” qəzetinin 74 cilddən ibarət nömrəsinin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna təqdim olunması münasibətilə tədbir keçirilib.
MEK-in baş direktoru, professor Məmməd Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Professor M.Əliyev ulu öndər Heydər Əliyevi Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi xarakterizə edərək, bu gün bu missiyanın ölkə başçısı İlham Əliyev tərəfindən layiqli davam etdirilməsindən danışıb.
Baş direktor “Şərq” qəzetinin 1996-cı ildən bəri dərc edilmiş 74 cilddən ibarət nömrəsinin MEK-in Dövri mətbuat fonduna daxil olmasının kitabxana üçün xüsusi önəmini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldığını qeyd edib. Bildirilib ki, son 147 ildə milli mətbuat keşməkeşli və şərəfli inkişaf yolu keçərək xalqımızın milli özünüdərkində müstəsna rol oynayıb. “Mətbuat dövrün inkişafı, həmin günün tarixidir. İnsanların taleyi kitablarla, kitabxana ilə bağlıdır. Bu mənada “Şərq” qəzeti tərəfindən atılan bu addım təqdirəlayiqdir”- deyə, Ə. Amaşov qeyd edib.
“Şərq”qəzetinin baş redaktoru Akif Aşırlu rəhbəri olduğu qəzetin fəaliyyət tarixinə qısaca nəzər salıb. Qeyd olunub ki, qəzet nəşrə başladığı gündən indiyədək orada 184 jurnalist çalışıb, müstəqilliyimizin bərpasının 26 ili bu qəzetin nömrələrində öz əksini tapıb. Vurğulanıb ki, qəzetin tam sayı yeganə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edilib:”“Biz öz irsimizi bu kitabxanaya həvalə edirik, çünki AMEA-nın çox böyük potensialı var. Təqdim olunan bu 74 cilddə əksini tapan nömrələr elmi işlərin əsas istinad mənbələridir. Nə qədər texnologiya inkişaf etsə də bizim qələmə, kağıza ehtiyacımız var. Bu baxımdan çap mətbuatı bizim jurnalistikanın təməl prinsipləridir və bunu gələcəyə ötürmək bizim borcumuzdur”.
Millət vəkili Vüqar İskəndərov cəmiyyətin formalaşmasında və maariflənməsində medianın çox vacib faktor olduğunu vurğulayıb.
AMEA Rəyasət Heyətinin üzvi, akademik Fikrət Əliyev də öz növbəsində bütün mətbuat işçilərini təbrik edib və Ulu Öndərin bu sahədəki xidmətlərindən danışıb. YAP Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu nüsxələr təkcə Mərkəzi Elmi Kitabxanada deyil, Azərbaycanda jurnalistikanı tədris edən bütün universitetlərin kitabxanalarında öz yerini tutmalıdır. V.Rəhimzadə rəhbərlik etdiyi “İki sahil” qəzetinin nömrələrini gələcəkdə bu kitabxanaya bağışlamağı nəzərdə tutduğunu bildirib.
Əməkdar artist Rafiq Həşimov 200 ilə yaxın bir dövrdə qiymətli mənbəyə çevrilən bu cür nəşrlərin kitabxanaya hədiyyə edilməsini tarixi addım kimi qiymətləndirib.
Daha sonra Vətən müharibəsində şəhid olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri çıxış edib, KİV nümayəndələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirib, informasiya savaşında peşələrini layiqincə yerinə yetirərək şəhid olan bütün peşəkar jurnalistlərin xatirəsini yad etdikləri üçün təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, hədiyyə olunan qəzet cildləri MEK-də iki həftə boyunca sərgilənəcək.
|
|
16.07.2022 | 13:26 | |
|
|
|