Bu il ilk dəfə iki ixtisas üzrə magistr buraxılışı olub | |
Azərbaycan Tibb Universitetində (ATU) 2021/2022-ci tədris ili üçün magistratura təhsil pilləsində yay sessiya imtahanları yekunlaşıb. İmtahanlarda 3 əsas (əczaçılıq, klinik psixologiya, səhiyyə menecmenti) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya, əczaçılıq texnologiyası, əczaçılığın təşkili) üzrə 1-ci kurslarda toplam 40 fəndən biliklər qiymətləndirilib.
İxtisaslar üzrə əsas fənlərdən imtahanlar bilet üzərindən şifahi olmaqla, canlı formatda müvafiq kafedralarda təşkil olunub. Yalnız Əczaçılıq ixtisasında tədris olunan Əczaçılığın tarixi və metodologiyası fənni üzrə imtahan test mərkəzində reallaşıb.
2021/2022-ci tədris ilində magistratura təhsil pilləsində 2-ci kursu bitirən 31 nəfər (əczaçılıq ixtısası üzrə 15 nəfər, klinik psixologiya üzrə 10 nəfər, səhiyyə menecmenti üzrə 6 nəfər) dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. Bu il ilk dəfə olaraq universitetdə magistr dissertasiyaları plagiat proqramında yoxlanılıb və nəticələr qənaətbəxş olub.
Onu da qeyd edək ki, bu, ATU-da Klinik psixologiya və Səhiyyə menecmenti ixtisasları üzrə magistratura pilləsində ilk buraxılışdır.
Onlardan Səhiyyə menecmenti ixtisası üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında keçirilib. Müdafiə prosesində İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvləri ilə yanaşı, ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova və şöbə müdirinin müavini, dosent Əfsanə Məmmədova da iştirak ediblər. Magistrantlar öz çıxışlarını prezentasiya formasında təqdim edərək, onlara verilən sualları hərtərəfli cavablandırıblar. Rəyçilərin fikirləri iştirakçılar tərəfindən dinlənilərək mövzu ətrafında geniş diskussiyalar aparılıb.
|
|
14.07.2022 | 16:15 | |
|
|
|