NASA ilk dəfə “Ceyms Uebb” teleskopunun çəkdiyi şəkli yayımlayıb | |
ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) iyulun 11-də öz saytında “Ceyms Uebb” teleskopunun elmi məqsədlər üçün çəkdiyi ilk şəkli nümayiş etdirib.
NASA-nın bəyanatında bunun indiyə qədər uzaq kainatın ən dərin və ən aydın infraqırmızı şəkli olduğu deyilir.
Qurumun rəhbəri Bill Nelson şəkildə Kainatın kiçik bir hissəsinin əks olunduğunu qeyd edib. “Biz 13 milyard il əvvələ baxırıq. İşıq saniyədə 186 min mil (saniyədə 299 milyon 792 min 458 metr) sürətlə hərəkət edir və gördüyünüz kiçik nöqtələrdən birinin işığı 13 milyard ildən çoxdur ki, yol gəlir”, - deyə o, Ağ evdə çıxışı zamanı bildirib.
NASA-nın direktoru teleskopun köməyi ilə çəkiləcək şəkillərin planetlərin atmosferlərinin kimyəvi tərkibi haqqında məlumat əldə etməyə imkan verəcəyini vurğulayıb. Bill Nelsonun sözlərinə görə, bu məlumat əsasında mütəxəssislər planetlərin həyat üçün yararlı olub-olmadığı barədə nəticə çıxara biləcək.
ABŞ Prezidenti Cozef Bayden teleskopu “kainatımızın tarixinə yeni pəncərə” adlandırıb. NASA iyulun 12-də “Ceyms Uebb” teleskopunun köməyi ilə çəkilən “ilk tam rəngli şəkillər dəstini” təqdim edəcəyini bildirib.
Qeyd edək ki, NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyinin birgə layihəsi olan teleskop 2021-ci ilin dekabr ayında “Ariane 5” daşıyıcı raketi vasitəsilə Fransa Qvianasındakı “Kuru” kosmodromundan orbitə buraxılıb. Teleskopda diametri 6,5 metr olan güzgü quraşdırılıb. Bu, indiyədək orbitə çıxarılan güzgülərin ən böyüyüdür. Mütəxəssislər “Ceyms Uebb” vasitəsilə kainatın ən qədim ulduzlarını və Böyük Partlayışdan sonra əmələ gələn qalaktikaları tədqiq edəcək, həmçinin yaşayış üçün potensial planetləri axtaracaq. Teleskopun təxmini fəaliyyət müddəti 10 ildir.
Azərtac
|
|
13.07.2022 | 14:20 | |
|
|
|