Özbəkistan alimləri MEK-də olub

"Ziyalı Ocağı" İctimai Birliyinin xətti ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının müxtəlif universitet, elmi institut və dövlət müəssisələrində çalışan bir qrup özbəkistanlı alim Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları kitabxananın Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə olunduğu Diplomatik fond, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, həmçinin Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların sistemli şəkildə toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış edərək, onlara geniş məlumat verib.

 

M.Əliyev eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın köklərinin tarixin dərin qatlarına gedib çıxdığını, özbəklərin hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərdiyini, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələndiyini deyib.

 

Professor  Prezident İlham Əliyevin bir müddət öncə Özbəkistana baş tutan dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib.

 

MEK-in rəhbəri AMEA-nın prezidenti,  akademik Arif Həşimovun Özbəkistan səfəri çərçivəsində bu ölkənin Elmlər Akademiyasında olduğunu, Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Anlaşma memorandumunun imzaladığını qonaqların nəzərinə çatdırıb. Bu sənədin iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyini, əlaqələrdə yeni imkanlar yaradacağını vurğulayıb. Bununla da hər iki ölkə alimlərinin elmi və elmi-texniki problemlər üzrə birgə tədqiqatların aparılmasının, birgə elmi konfransların, simpoziumların, seminarların, görüşlərin təşkilinin, kadr hazırlığının, informasiya və nəşr mübadiləsinin və s. məsələlərin nəzərdə tutulduğunu bildirib.

 

"Ziyalı Ocağı" İctimai Birliyinin sədri İlahə Bayandır iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq, qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyindən, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəyindən danışıb.

 

Qonaqlar kitabxana ilə tanışlıqdan məmnunluqlarını bildirərək, dəyərli nəşrlər hədiyyə ediblər.

 



13.07.2022 | 12:09