Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə ilk məzunlar işlə təmin olunacaqlar | |
Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə ilk məzunların buraxılışı olub.
Bu tədris ilində Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə 9 tələbə məzun adını qazanıb. Onların hamısı Əqli Mülkiyyət Agentliyində işlə təmin olunacaqlar.
Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara Fəxri fərman təqdim ediblər.
Qeyd olunub ki, respublikada əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi üzrə praktiki bilik və bacarıqlara malik ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən Əqli mülkiyyət hüququ ixtisaslaşmasının yaradılması təşəbbüsü irəli sürülüb.
Əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il 16 dekabr tarixində Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə respublikada ilk dəfə olaraq BDU-da Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Hazırda kafedrada 5 professor-müəllim çalışır. Təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi ilə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə BDU ilə bərabər agentlikdən 4, Dövlət Neft Şirkətindən 1 və Mərkəzi Bankdan 1 mütəxəssis tədris prosesinə cəlb olunub.
İxtisaslaşmanın tədris planına dünya əmək bazarının tələblərinə uyğun olan və bir çox dünya ölkələrinin qabaqcıl universitetlərində tədris edilən fənlər - Əqli mülkiyyət hüququnun müasir problemləri; Əqli mülkiyyət hüququ sahəsində Hüquq İnstitutları; Mədəniyyətin qorunması hüququ; Müəllif hüquqları və əlaqəli hüquqlar; Ticarət nişanı hüququ; Patent hüququ və sirrin qorunması; Avropa əqli mülkiyyət hüququ; Beynəlxalq xüsusi hüquq və s. daxil edilib. Tədris prosesinə Fransanın Lion 2 Universitetindən 3 professor-müəllim cəlb olunub.
|
|
10.07.2022 | 12:24 | |
|
|
|