Avropalı şagirdlərin sevimli kitabları | |
Estoniya. “Yaz”, Oskar Luts O.Lutsun kitablarının qəhrəmanlarını sevməmək, Tootsanı və Kiyranı, Teeleni və Arnonu, məktəb müəllimi Lauri və kilsə zəngçalanı Lible unutmaq mümkün deyil. “Yaz” Oskar Lutsun Paunvere kəndi və onun sakinləri haqqında povestlər seriyasından birinci kitabıdır.
Böyük Britaniya. “Harri Potter və fəlsəfə daşı”, C. K. Roulinq. “Harri Potter”in təqdimata ehtiyacı yoxdur. İngilis yazıçısı C.Roulinq tərəfindən yazılmış yeddi romandan ibarət seriya bütün dünyada uşaqların tam bir nəslini tərbiyə edib. Təbii ki, Britaniyada gənc sehrbazın macəraları - uşaqların və yeniyetmələrin sevimli kitabıdır.
İsveç. “Uzun corab Peppi”, Astrid Lindqren. Məşhur İsveç yazıçısı Astrid Lindqreninin Peppi adlı qızcığazın çox gözəl səyahətləri və məzəli macəraları haqqında yumoristik povestidir. Peppinin xeyirxah ürəyi var, o, çox əliaçıqdır. Povesti istər uşaqlar, istərsə də yaşlılar da çox sevir. İsveçdə Peppi ən populyar personajdır.
İtaliya. “Pinokkionun macəraları”, Karlo Kollodi. Karlo Kollodinin “Pinokkionun macəraları” nağılı rus dili də daxil olmaqla 87 dilə tərcümə olunub. Maraqlıdır ki, taxta oğlanla Rusiyada ilk dəfə 1906-cı ildə tanış olublar, vətəndə isə kitabın artıq 480-ci nəşri çıxıb. Eşşək kimi tərs, ağlağan və güləyən, eqoist və comərd, dözülməz, xeyirxah, coşqun, həssas, ağıllı, axmaq taxta uzunburun Pinokkio bütün ölkələrdə tanınır.
Fransa. “Kiçik şahzadə”, Antuan de Sent-Ekzüperi. “Kiçik şahzadə” nağıl-ibrətamiz hekayə 1943-cü ildə yazıçının son hərbi uçuşundan bir neçə ay əvvəl çap olunub. Sent-Ekzüperi təkrarlamağı sevirdi ki, insanın əsas keyfiyyətləri məhz uşaqlıq illərində formalaşır və bütün həyatı boyu dünyaya və canlı aləmə mərhəmətli münasibətini saxlaya bilmiş insan son dərəcə xoşbəxtdir.
Almaniya. “Sonsuz tarix”, Mixail Ende. Məşhur alman yazıçısı Mixail Endenin “Sonsuz tarix” kitabı oxucunu fantaziyalar ölkəsinə səyahətə dəvət edir. Fantastik obrazların rəngarəngliyi və dramatik süjet xəttinə malik olan epopeya oxucu qarşısında mühüm əxlaqi suallar qoyur, onlara cəsarət, sevgi və mehribanlığı öyrədir.
İsveçrə. “Xaydi”, İohan Şpiri. “Xaydi” İsveçrənin Alp dağlarında öz babasının himayəsində yaşayan balaca qızın həyatında baş verən hadisələr haqqında povestdir. 1880-ci ildə müəllif əsərin titul vərəqində yazırdı: povest “uşaqlar və onları sevənlər üçün yazılmışdır”.
Ukrayna. “Vasyukovkidən olan toreadorlar”, Vsevolod Nestayko. “Vasyukovkidən olan toreadorlar” - üç epizoddan ibarət yumoristik uşaq romanıdır. Kitab 20 xarici dilə tərcümə edilib. Əsərin baş qəhrəmanları Ukraynanın bütün dünyada məşhurlaşmaq istəyən Vasyukovka kəndindən olan şagirdlərdir. Bunun üçün onlar bütün trilogiya boyunca toreador olmağa, öz kəndlərindən xarici casusları tutmağa, Kiyevi fəth etməyə və s. çalışırlar.
Belçika. “Tintinin macəraları”, Erje. XX əsrin ən məşhur Avropa komikslərindən biri olan əsər dünyanın 50 dilinə tərcümə olunub. Tintin - öz dəyişməz peykiylə gənc və enerjili Belçika müxbiridir.
Portuqaliya. “A Fada Oriana”, Sofiya de Mello Breyner. S.Breyner tərəfindən 1958-ci ildə qələmə alınmış uşaq kitabı dünya sistemindən və fundamental dəyərlərdən bəhs edir. Baş qəhrəman meşədə yaşayan pəridir. Hansısa bir anda o, meşəni tərk edir və özünə dost tapmaq üçün şəhərə yola düşür.
İspaniya. “Platero və mən”, Xuan Ramon Himenes. İspan uşaqlarının sevimli kitabıdır. Eşşək Plateronun həyatından götürülmüş epizodlarda İspaniyanın və onun sərt təbiətinin sadə insanlarının gündəlik həyatının poeziyası təsvir olunur.
Rusiya. “Çar Saltan haqqında nağıl”, Aleksandr Puşkin. Nağıl çar Saltanın evlənməsi və onun oğlu, knyaz Qvidonun anadan olması tarixçəsinə həsr olunub. Xalalarının fitnələri sayəsində insan yaşamayan adaya düşən knyaz Qvidon orada sehrbazla - şahzadə Qu quşu ilə qarşılaşır və onun köməyilə qüdrətli hökmdar olur və yenidən atası ilə birləşir.
Macarıstan. “Tikanlı qala”, İştvan Fekete. “Tikanlı qala” romanının qəhrəmanları iki macar məktəblisidir- Dyula Lado və Pondorai Beli. Onlar yay tətillərini göldə keçirir. Hər ikisi qoca Qerqe dayının və onun sədaqətli iti Serkanın yanında iynəyarpaqlı ağaclardan qurulmuş daxmada yaşayır.
Danimarka. “İyrənc ördək balası”, Hans Xristian Andersen.
Bir köhnə malikanənin pıtraq kolluqlarında ana ördək öz balalarını çıxardı, amma onun son balası dəhşətli görkəmdə idi və digərlərinə bənzəmirdi. Quş həyətinin sakinləri iyrənc ördək balasını sevmədilər, buna görə də tez-tez ona hücum etdilər. Tezliklə ördək balası sürüdən kənarda özünə dostlar axtarmağa yollandı. |
|
02.03.2018 | 17:30 | |
|
|
|