Təhsildə yeni yanaşmalar | |
“Məktəbli dron mühəndisləri”
Son illər təhsil sahəsində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu müsabiqələrin əsas hədəfi inkişaf əsaslı və innovativ xarakterli təşəbbüslərin dəstəklənməsi və həyata keçirilməsinə nail olunmasıdır. Qalib layihənin müəllifi “Azərbaycan müəllimi”nə öz hədəf və axtarışları barədə fikirlərini bölüşüb.
Zaqatala rayon M.Musayev adına Dağlı kənd tam orta məktəbin müəllimi Təranə Cumayeva Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə “Məktəbli dron mühəndisləri” layihəsi ilə qalibi olub. T.Cumayeva layihəsinin hədəfləri barədə danışır:
- İnteqrasiya əsasında öyrənən şagirdlərin uğurları fənləri ayrı-ayrılıqda öyrənən təhsilalanların səviyyəsindən yüksəkdir. Müasir dövr müstəqil həyata atılan hər bir gəncdən test həll etmək bacarığını yox, problem həll edə bilmək, öz alternativ həll yollarını təklif edə bilmək bacarığını tələb edir. Bu isə gələcək peşə və ixtisas seçiminə düzgün yönlənmədə çox vacibdir. İnteqrativ təhsilin əsasını təhsilalanların yaşadıqları cəmiyyətin gerçək problemlərini həll edərək lazımi bilik, səriştə və bacarıqlara yiyələnməsi təşkil edir.
Beləliklə, inteqrativ təhsilli şagirdlər erkən yaşdan başlayaraq məktəbdə yalnız gələcəkdə faydalı olacaq bilik əldə etməyəcəklər, həm də artıq məktəbli partasından dünyanı və cəmiyyəti başa düşmək, bu və ya digər problemin səbəbini öyrənmək, həll etmək yollarını necə axtarmağı öyrənəcəklər.Təhsildə inteqrativ yanaşmanın tətbiqi ona gətirir ki, təhsilalanlar düşünülmüş riskləri qəbul edir, bu isə komanda işini qəbul etmələrinə və yaradıcı proses vasitəsi ilə işləmələrinə səbəb olur.
Müasir texnologiyalar, süni intellekt həyatımızın bir çox sahələrində - təhsildən müdafiə sənayesinə qədər sürətlə inkişaf etməkdədir. Azərbaycan gəncliyi də bu prosesdə - 3D texnologiyası, dron texnologiyası, robototexnika, kodlaşdırmada yaxından iştirak edir. Dron texnologiyası günümüzdə o qədər inkişaf edib ki, biz onların uğurlu tətbiqinə, hətta hərbi meydanda da şahidi olduq. Hər birimiz bilirik ki, 44 günlük Vətən müharibəsi dövründə tarixi Zəfər qazanmağımızda pilotsuz uçuş aparatlarının böyük rolu olmuşdur. Ona görə də dron mühəndisliyini dövrümüz üçün aktual hesab edirəm.
3D çapı, dron texnologiyasının təhsilalanlar üçün müsbət üstünlükləri vardır:
Təhsilalanların gələcək peşəkar inkişafı, onların həyat yollarını müəyyənləşdirmək istiqamətində kömək olacaq, müasir texnologiyalara olan marağını daha da artıracaq, şagirdlər öz gələcəklərini planlaşdıracaq və yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün istiqamətlənəcəklər, öz bacarıqlarına uyğun olaraq, təhsil aldıqdan sonra inkişaf və tərəqqi istiqamətini müəyyənləşdirə biləcəklər. Bizim layihə bölgələrdə 21-ci əsr bacarıqlarını, 3D çapı, dron texnologiyasını şagirdlərimiz üçün əlçatan edəcək.
Layihənin məqsədi təhsilalanlara 21-ci əsr bacarıqlarını layihə əsaslı öyrənmə mühitində aşılamaqla müasir texnologiyalara yiyələnmək, təsilalanlarımıza istehsal təfəkkürünü, gənclərimizi istehlakdan istehsala yönləndirməklə mühəndis-dizayn həllərinin prototipləşdirilməsi istiqamətində bilik və bacarıqlar formalaşdırmaq, dron texnologiyası proqram təminatını öyrənməklə yanaşı, praktik işlər həyata keçirməkdir.
Layihənin vəzifələrinə bölgələrdə XXI əsr bacarıqlarının, 3D çapı, dron texnologiyasının inkişafı məqsədilə Zaqatala rayon məktəbliləri arasından hədəf qrupu olacaq 15 nəfər təhsilalanın seçilməsi, təlim materiallarının hazırlanması, təlimlərin təşkil edilməsi, layihəyə cəlb olunmuş təhsilalanlar arasında həvəsləndirici müsabiqənin təşkil olunması daxildir.
Oruc MUSTAFAYEV
|
|
08.07.2022 | 15:29 | |
|
|
|