Şagirdlərimiz gimnaziyamıza 5 medal gətirib

Dünyanı dəyişdirmək üçün istifadə edəcəyimiz ən güclü silah təhsildir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”.

 

Gələcəyimizin memarı isə bu günün şagirdləridir. Hazırda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında  şagirdlərimizin və pedaqoji kollektivimizin birgə səyi sayəsində  böyük işlər görülür. Bu yaxınlarda keçirilən Lütfizadə adına Məntiq Olimpiadası da Lütfizadə irsinin şagirdlər arasında təbliği, həmçinin onların məntiqi düşünmə, yaradıcı istedad və qabiliyyətlərinin aşkara çıxarılması istiqamətində mühüm rol oynayan önəmli olimpiada məktəblilər üçün əsil bilik meydanına çevrildi.

 

Qeyd edim ki, Lütfizadə adına Məntiq Olimpiadası paytaxtımızda Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında keçirildi. Nəticədə bu olimpiadada  şagirdlərimiz gimnaziyamıza 5 medal (2 qızıl, 1 gümüş və 2 bürünc) gətirdi.

 

Şagirdlərimizdən Zəkiyeva Fidan Sahib qızı, Hacıyev Cəlal Kənan oğlu qızıl, Məmmədov Əli Tural oğlu gümüş, Cəfərov Nihat Rəşad oğlu, Şərifova Ayan Sayad qızı isə bürünc medal qazanmışlar.

 

Bu günlərdə olimpiadada uğur qazanan şagirdlərimizlə görüşdüm. Qızıl medalın mükafatçısı Fidan Zəkiyeva öz hisslərini mənimlə  belə bölüşdü: “Mən uğur qazanmaq üçün çox çalışdım... Məqsədimə də çatdım. Növbəti qızıl medalın mükafatçısı Cəlal Hacıyev isə belə dedi: “Mən hələ aşağı siniflərdən məntiqlə maraqlanırdım. Məntiqlə bağlı  kitab vəsaitlərindən, test banklarından  çox istifadə etmişəm. Unutmamalıyıq ki, bütün uğurların təməlində əzmkarlıq, məsuliyyət və çalışqanlıq durur”.

 

Gümüş medalın mükafatçısı Əli Məmmədov fikirlərini belə ifadə etdi: “Bu uğuru gimnaziyamızın müəllimləri sayəsində qazandım və onlara minnətdaram. Həm də anamın və müəllimlərimin gözlərində gördüyüm inam məni  bu uğura apardı”.

 

Bürünc medalın mükafatçısı Nihad Cəfərov bildirdi: “Mənim məntiqə böyük marağım var. Dərsdənkənar vaxtlarda məntiqlə bağlı müxtəlif müəlliflərin testlərini işləyirəm. Bir sözlə Məntiq fənnini çox sevirəm.

 

Bürünc medalın mükafatçısı Ayan Şərifova isə uğurunun sirlərini belə açıqladı: “Bu uğuru müəllimlərimin və valideynlərimin sayəsində qazanmışam. Onlara çox  minnətdaram”.

 

Bəli, gimnaziyamız üçün bu uğurlar hələ son deyil.  Bundan sonra da  gimnaziya rəhbərliyinin və müəllimlərin birgə səyi nəticəsində gələcəkdə uğurlarımızın  sayını daha da artıracağıq.

 

Gülnar HƏSƏNOVA,

S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi



08.07.2022 | 13:15