Hökumətlərarası Təqaüd Proqramını qazananlar | |
Qloballaşmanın gətirdiyi yenilik və üstünlüklər təhsil sahəsindən də yan keçməyib. Təhsil sistemində yaranan innovasiyalar təhsilalanların imkanlarını da genişləndirir. Xüsusilə, xaricdə təhsilini davam etdirmək, bilik və bacarıqlarını, təcrübələrini artırmaq istəyən gənclərin sayı çoxalmaqdadır. Hökumətlərarası Təqaüd Proqramı (HTP) hər il tələbələrə dövlət hesabına təhsil almaq şansını verir. Belə ki, 2022-2023-cü tədris ili üzrə 149 nəfər Azərbaycan vətəndaşı bu proqram çərçivəsində Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq inkanı əldə edib. Təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipenium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilib. Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsi olaraq 11 nəfər bakalavriat, 130 nəfər magistratura və 8 nəfər isə PhD səviyyələri üzrə müxtəlif təhsil müəssələrində təhsil almaq hüququ əldə ediblər. Təqaüdə layiq görülən tələbələr Macarıstanın nüfuzlu “Budapest University of Technology and Economics”, “Budapest Business School - Universityof Applied Sciences”, “Corvinus University of Budapest” və digər təhsil müəssisələrində turizm, iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, təbiət elmləri və davamlı inkişaf istiqamətləri üzrə təhsillərini davam etdirəcəklər.
Macarıstanın “Eötvös Lorand University”nin “Təhsilin idarə olunması” ixtisası üzrə magistr tələbəsi Fidan İbadova: - 2017-ci ildə Xəzər Universitetinin “Tarix müəllimliyi” ixtisasına qəbul olmuş və 2021-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Bacım Ləman isə Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi” ixtisasında təhsil alıb. Universitetin 2-ci kursundan başlayaraq bacımla birlikdə xaricdə təhsil proqramları, beynəlxalq layihələrlə maraqlanmağa başladıq. Ancaq əsas məqsədimiz magistr təhsilini xaricdə almaq və beynəlxalq təcrübə qazanmaq idi.
Hökumətlərarası Təqaüd Proqramı ilə də məhz bu ərəfələrdə tanış olduq. Təqaüd proqramına Çin, Latviya, Macarıstan, Qazaxıstan, Ruminiya, Rusiya, Tacikistan və s. kimi ölkələr aid idi. Bu ölkələrdən sadəcə birinin seçməli idik, oxumaq istədiyimiz sahə isə təhsil sahəsi idi. Universitetlərinin təhsil sahəsində daha çox inkişaf vəd etdiyini və bu sahədə daha çox təcrübəsi olduğunu düşündüyümüzə görə seçimimiz Macarıstan oldu.
Müsahibə zamanı Azərbaycan tarixi, Macarıstan-Azərbaycan əlaqələri, seçdiyimiz ixtisas, Azərbaycanda hazırda təhsildə mövcud olan problemlər və onların həlli yolları ilə bağlı suallar verildi. Azərbaycanda bacımla universitetə demək olar ki, eyni balla qəbul olmuşuq. Nəticələr elan olunanda hər ikimiz çox sevindik, çünki məktəbdə də 11 il sinif yoldaşı olmuşuq və magistr təhsilimizi də birlikdə Eötvos Lorand Universitetində “Təhsilin İdarə olunması” ixtisasında davam edəcəyik. Düzü, ilk müraciət etdiyimiz vaxt düşünürdük ki, ikimizdən təkcə birimiz seçilərik, ancaq fikrimcə, həm müsahibə, həm də seçim zamanı hər namizədə fərdi yanaşılıb. Bütün proseslərdə atam və anam hər zaman bizə dəstək olub, müsahibələr ərəfəsində hər zaman motivasiya verməyə çalışıblar.
Magistr pilləsini tamamladıqdan sonra Azərbaycana qayıdıb təhsil sahəsində işləməyi düşünürük. Mənim əsas məqsədim qazanacağım beynəlxalq təhsil təcrübələrini ölkəmizdə tətbiq etmək, ucqar kəndlərdə təhsil şəraitinin yaxşılaşdırılması və xüsusilə qızların təhsilinə dəstək üçün işlər görməkdir.
Budapest Business School - Universityof Applied Sciences-nin “Turizm” ixtisası üzrə magistr tələbəsi Şərgiyyə Abbasova: - İlk növbədə, qeyd etmək istərdim ki, Hökumətlərarası Təqaüd Proqramlarının olması çox önəmli və təqdirəlayiq addımdır. Hər il yüzlərlə tələbə bu proqramlar sayəsində müxtəlif ölkələrdə təhsil alırlar. Bu il bu şansı qazandığım və təhsilimi Macarıstanın paytaxtında davam etdirəcəyim üçün özümü şanslı və çox xoşbəxt hiss edirəm. İnanıram ki, seçdiyim universitet öz ixtisasım üzrə ixtisaslaşmağıma çox kömək edəcək. Seçdiyim universitet Macarıstanda biznes məktəbləri arasında 1-ci, Avropada isə 33-cü yerdədir. Turizm Azərbaycanda ən çox gəlir gətirən sahələrdən biridir və bu sahənin inkişafı üçün böyük imkanlar mövcuddur. Gələcəkdə təhsilimi bitirdikdən sonra öz ölkəmdə xüsusilə də azad olunmuş torpaqlarda turizmin inkişafında aktiv şəkildə fəaliyyət göstərməyi planlayıram.
Eötvös Lorand University-nin “Təhsilin idarə olunması” ixtisası üzrə magistr tələbəsi Gülər Hüseynzadə: - Hələ orta məktəbdən aktivliyim və dərsdənkənar fəaliyyətlərə marağımla seçilirdim. Bunu bakalavr illəri ərzində davam etdirərək ilk kurslarda universitet daxili klublarda iştirak edir, müxtəlif layihələrin təşkilində yer alırdım.
Xaricdə təhsil ilə bakalavr təhsilim müddətindən maraqlanmağa başladım. Tam qərarı verməyimdə isə 2019-cu ildə Slovakiyada iştirak etdiyim beynəlxalq layihənin böyük rolu oldu. Lyihədə iştirak etdiyim 6 həftə müddətdə assistant müəllim olaraq bağçada uşaqlarla məşğul olurdum. Azyaşlıların dünyasını görmə, birbaşa onlarla məşğul olmaq məni təhsilimi xaricdə davam etdirməyim üçün daha çox həvəsləndirdi. Xaricdə magistr təhsili ilə maraqlandıqca əsas fikir verdiyim nöqtələrdən biri proqram müddətində keçilən dərslər və sahə olaraq spesifik olması idi. Proqramın üstünlükləri, tələbələr üçün yaratdığı fürsətlər də seçimimin bu universitet olmasını konkretləşdirdi.
Budapest University of Technology and Economics-nin “Memarlıq” ixtisası üzrə magistr pilləsinin tələbəsi Nuran Ramazanova: - Macarıstanla bağlı araşdırmalar etməyi elə universitetdə oxuduğum müddətdə başlamışam. Bakalavr təhsilimi aldığım zaman artıq qarşıma məqsəd qoymuşdum ki, magistr təhsilimi xaricdə davam etdirəcəyəm. Sadəcə ölkə seçməkdə qərarsız idim. Macarıstan memarlığı universitetdə oxuduğum müddətdən məni özünə heyran buraxmışdı. Xüsusilə, Macarıstan memarlarının öz işləri və Avropanın ən böyük və ilk memarlıq abidələrini gedib yaxından görə bilmək imkanı məndə daha da böyük həvəs yaratdı. Bundan əlavə, bakalavr təhsilimi alanda qardaşım HTP ilə artıq Macarıstanda bakalavr təhsili almağa getmişdi və onun ölkə, yüksək təhsili ilə bağlı fikirləri, eləcə də, çoxmillətli, müasir bir ölkə olduğunu, burda dünyanın bir çox yerindən özünə rahatlıqla dost tapa bilmək imkanını, bir tələbə üçün yaşam şəraitinin uyğun olduğunu qeyd edirdi. Qısası, Macarıstanı seçməyimdə qardaşımın müsbət fikirləri də qərarımı qətiləşdirdi. Əsas məqsədim odur ki, orada öyrənəcəyim macar memarlığı üslubunu və həmçinin, daha yaxında öyrənəcəyim Avropa memarlıq üslubunu Azərbaycan memarlığı ilə inteqrasiya etdirib ölkəmdə davamlı və dayanıqlı tikinti və tikinti layihələrini təmin etməkdir. Eyni zamanda da bu yeni üslublarla həm Macarıstan, həm də Azərbaycan memarlığını dünyaya tanıtmaqdır.
Hər bir tələbəni təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Ümid edir və inanırıq ki, gənclərimiz birlik olub dövlətimizin yaratdığı bu imkanlardan yararlanacaq və ölkəmizin inkişafı, rifahı üçün öz səylərini, güclərini səfərbər edəcəklər.
Tünzalə QULİYEVA
|
|
08.07.2022 | 11:31 | |
|
|
|