Ötən illərin məzunları ilə görüş keçirilib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, hökumət və ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti, həmçinin ADNSU-nun keçmiş və indiki məzunları iştirak ediblər.
Rektor M.Babanlı 2021/2022-ci tədris ilində görülən işlərlə bağlı məlumat verib. ADNSU-da tədris prosesi, pandemiyadan sonrakı dövrdə tələbələrin yenidən ənənəvi tədrisə cəlb olunması, dövlət və özəl müəssisələrlə əməkdaşlıq və univeristetdə görülən işlərdən danışıb. Ali məktəbdə gənclərin tədrislə yanaşı, ictimai fəallığının artırılması üçün geniş imkanlar yaradıldığını qeyd edən rektor ADNSU tələbələrinin qazandıqları bilik və təcrübə sayəsində dünyanın bir sıra aparıcı univeristetlərində təhsillərini davam etdirdiyini, bir sıra yerli və beynəlxalq şirkətlərdə çalışdıqlarını deyib.
Görüşdə çıxış edən ADNSU məzunları, AMEA-nın prezidenti vəzifəsini icra edən professor Arif Həşimov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, general-mayor Pənah Süleymanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov və digər qonaqlar Azİİ ilə bağlı xatirələrini bölüşüb, ADNSU-da tədris prosesi və görülən işləri yüksək qiymətləndirdiklərini deyib, hər il belə bir tədbirin keçirilməsinə görə rektor, professor M.Babanlıya öz təşəkkürlərini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
|
|
07.07.2022 | 18:05 | |
|
|
|