İşğaldan azad edilmiş ərazilərimizin mədəniyyət ocaqları tələbə-memarların gözü ilə

Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı sərəncam çərçivəsində ölkəmizdə müxtəlif səpgili tədbirlər həyata keçirilməkdə, eyni zamanda işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işləri sürətlə icra olunmaqdadır. Bu prosesə Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil ocağı kimi növbəti öz fərqli yanaşmasını ortaya qoyub. Belə ki, Memarlıq ixtisası (Azərbaycan və ingilis qrupları) üzrə müdafiə olunan diplom işlərinin əksəriyyəti doğma Qarabağımızın inkişafına həsr olunub.

 

Universitet tələbələri torpaqlarımızın memarlıq planlasdırılması, yenidən qurulması, layihələndirilməsi istiqamətində öz baxışlarını əks etdiriblər.

 

BMU-nun Memarlıq və dizayn kafedrasının müdiri Sabir Orucov bildirib ki, diplom işlərinin əsas istiqaməti qalib ordumuzun azad etdiyi Qarabağın səfalı guşələrinin inkişafı və gələcək prespektivi istiqamətində mühüm ter tutan mövzuları əhatə edir. Buraya Şuşada “Yeni Beynəlxalq Mədəniyyət Mərkəzi”, “Yeni Musiqi Məktəbi”, “Mehmandarovun evinin bərpası və konservasiyası”, “Yeni Reabilitasiya və Tibb Mərkəzi”, həmçinin Şuşa şəhərinin yaxınlığında “Çoxfunksiyalı İctimai Mərkəz Kompleksi” və “Tarixi Mədəniyyət Mərkəzi”, Hadrutda “Yeni Bazar Mərkəzi”, Kəlbəcərdə “Sağlamlıq-İstirahət Mərkəzi”, “Xarı Bülbül Sənət Mərkəzi”, Ağdamda “Müasir İncəsənət Mərkəzi” kimi layihə işləri daxildir.

 

Diplom müdafiəsi prosesində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Adil Ələkbərov, BMU-nun professor-müəllim heyəti, o cümlədən Vaqif Məmmədov, Aqil Kazımov, Nazim Mahmudov, Ardit Elezi, Namiq Abbasov, Zahid Məmmədov və digər müəlimlər iştirak ediblər.

 

Layihələrin təqdimatı ilə bağlı fikirlərini paylaşan müəllimlər 2017-ci ildən fəaliyyət göstərən BMU-da Memarlıq ixtisası üzrə təhsil alan gənclərin ölkəmizin gələcək memarlıq mədəniyyətinə öz töhfələrini verə biləcəyinə ümidvar olduqlarını deyiblər.

 



06.07.2022 | 12:00