UNEC könüllüləri "Partners and Business" sərgi-konfransda təltif olunublar | |
Baku Crystal Hall-da yerli şirkətlərin tanıdılması məqsədilə "Partners and Business" sərgisi və konfransı keçirilib.
KOBİA, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və "Marsol" MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı, UNEC THİK-in könüllü dəstəyi ilə keçirilmiş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunub.
Ümumilikdə, 200-ə yaxın şirkətin və 10000 ziyarətçinin iştirakı ilə baş tutan sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə UNEC THİK tərəfindən 1 rəhbər şəxs- UNEC THİK sədr müavini Günay Ağazadə, 15 qrup rəhbəri, 75 fəal tələbə iştirak edib.
3 gün davam edən sərgidə sahibkarlara “Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perspektivlər”, “Mövcud qanunvericilik bazasının sahibkarlıq mühitinə təsiri”, “Sahibkarların xarici bazarlara çıxış imkanları və dövlət dəstəyi” və digər mövzularda təlimlər keçirilib.
Sərginin son günündə UNEC könüllüləri təltif olunublar. Təltifolunma mərasimində "MARSOL" MMC-nin direktoru Tural Mustafayev könüllülərə öz təşəkkürünü bildirərək, onlara plaket və sertifikatları təqdim edib.
|
|
06.07.2022 | 10:15 | |
|
|
|