“Azərbaycanla bağlı layihələrimizi “Bir millət, iki dövlət” şüarı ilə davam etdirəcəyik”

Müsahibimiz Türkiyənin Ankara Universitetinin rektoru professor Dr. Necdet Ünüvardır

 

Hörmətli rektor, öncəliklə müsahibə istəyimə müsbət cavab verib, söhbətləşmə fürsəti yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Suallarımıza başlayaq...

 

- Həkim, elm adamı, aktiv siyasətçi, rektor... Bilmirəm, bu qədər rəngarəng həyat hekayəsini ümumiləşdirmək olarmı, ya yox, amma yenə də istərdim qısaca təhsil və karyera həyatınızdan bəhs edəsiniz...

- 6 iyun 1960-cı ildə Türkiyənin Adana şəhərinin Ceyhan qəsəbəsində anadan olmuşam. İbtidai təhsili Adanada almışam. Orta məktəb və liseyi Mersində, universiteti isə Ərzurum Atatürk Universitetində bitirmişəm. Məcburi xidmətimi doktor olaraq Mardində həyata keçirdim. Ankara Təhsil və Araşdırma Xəstəxanasında Daxili Xəstəliklər rezidenturasını, daha sonra Endokrinologiya və Metabolizma rezidenturasını bitirdim. Atatürk Universitetində 1996-cı ildə dosent, 2001-ci ildə professor elmi adlarını aldım. Eyni zamanda, Atatürk Universiteti Tibb Fakültəsinin Endokrinologiya və Metabolizma kafedrasının müdiri vəzifəsində çalışmışam.

 

12.12.2002 - 08.05.2007-ci il tarixləri arasında Səhiyyə Nazirliyində nazirin müşaviri vəzifəsində çalışdım.  4 dəfə Adana millət vəkili seçilmişəm. Deputat olduğum müddətdə Narkomaniya və narkotiklərlə mübarizə, İnformatika və internet, Səhiyyədə zorakılıq üzrə komissiyaların sədri, İtkin Uşaqlarla Mübarizə Komissiyasının sədri kimi fəaliyyət göstərmişəm. 31.01.2013-cü il tarixində Səhiyyə, Ailə, Əmək və Sosial Məsələlər Komitəsinin sədri seçilmişəm. 

 

Eyni zamanda, 7 il Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri vəzifəsini böyük şərəflə icra etdim. Fəaliyyətim yüksək qiymətləndirilərək 4 iyun 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ali ordeni olan “Dostluq” ordeni ilə təltif olunmuşam.

 

Dövlət başçısının müvafiq sərəncamına əsasən 9 oktyabr 2018-ci il tarixindən Prezident yanında Səhiyyə və Qida Siyasəti Şurasının üzvüyəm. Prezidentimizin 14.08.2020-ci il tarixli 31213 saylı qərarı ilə Ankara Universitetinin rektoru vəzifəsinə təyin olunmuşam.

 

- Hocam, rektoru olduğunuz Ankara Universiteti Türkiyənin ən çox seçilən ali məktəblərindən biridir. Oxucularımıza universitetinizin yaranma tarixi və fəaliyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirəm.

- 1937-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılış iclasında Mustafa Kamal Atatürkün göstərişi ilə Ankara Universitetinin yaradılması qərara alınıb.

 

Ankara Universiteti bakalavr və magistr, doktorantura tələbələrinə əsasən, 15 böyük kampusda təhsil verməyə davam edir. Ayrıca, Ayaş, Beypazarı, Elmadağ, Haymana, Kalecik, Kızılcahamam, Nallıhandakı peşə məktəbləri, 7 rayon kampusları və digər bölmələrlə birlikdə 36 kampusdan ibarətdir. Universitet 19 fakültə, 14 institutu, 11 peşə məktəbi, Dövlət Konservatoriyası, 43 Araşdırma və tətbiq mərkəzi, o cümlədən  digər araşdırma mərkəzlərində davamlı təhsili ilə, sizin də qeyd etdiyiniz kimi, Türkiyənin ən böyük və qabaqcıl universitetlərindən biridir. 

 

- Bəs, Ankara Universitetində təhsil almağın üstünlükləri nədən ibarətdir?

- Ankara Universiteti yüksək potensiala malik, hər biri öz sahəsində təcrübəli, bir hissəsi xaricdə təhsil almış və ya mühazirə oxumuş professor-müəllim heyətli ali məktəbdir. Universitet 8026 inzibati heyət, 1121 professor, 364 dosent, 280 laborant, 2165 elmi işçi və müəllimlər daxil olmaqla 4320 pedaqoji heyətə malikdir.

 

Ankara Universitetində 71888 tələbə təhsil alır ki, onlardan 67310-u türk, 4578-i isə əcnəbidir. Universitetin tələbələri ərizə ilə öz fakültələrilə yanaşı, digər fakültələrdən də dərs alaraq ikinci bakalavr diplomunu əldə edə bilərlər. “Yan Dal” tətbiqi ilə tələbələr bakalavr proqramından əlavə başqa bir proqramı izləmək və diplom əldə etmək imkanı qazanır.

 

Eyni zamanda, tələbələrimiz beynəlxalq aləmdə tanınan nüfuzlu universitetlərlə ikili diplom proqramlarında da iştirak edə bilirlər. Bu kontekstdə Erasmus+, Akademik Əməkdaşlıq, Mövlana və bu kimi proqramlar, beynəlxalq miqyasda birgə tədqiqat layihələri, universitetlərlə əməkdaşlıqlar həyata keçirilir. Yəni, universitetin beynəlmiləlləşmə prosesi xaricdəki universitetlər və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq edərək, beynəlxalq konqreslər, seminarlar və s. keçirməklə səmərəli şəkildə təşkil olunur.

 

Universitetimizdə tələbələrin akademik olaraq özlərini təkmilləşdirməklə yanaşı, onların sosial, mədəni və idman fəaliyyətləri baxımından da inkişaf edə biləcəkləri bir çox sahələr var. Məsələn, universitetdə 230 tələbə təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar ölkə daxilində və xaricdə müxtəlif müsabiqə, şou və festivallarda iştirak edirlər. Hər il mədəniyyət və incəsənət günləri çərçivəsində teatr festivalı, rəssamlıq, heykəltaraşlıq və fotoqrafiya kimi sənətin müxtəlif sahələrində çalışmaq istəyən tələbələrə imkan yaradılır.

 

Tələbələrin faydalana biləcəyi “Didim” və “İlgaz” istirahət mərkəzləri var. Digər bir nüans; 13 muzeyi ilə də Türkiyə universitetləri arasında birinci yerdədir. Ankara Universitetini seçən tələbələr həmçinin qılıncoynatmadan badmintona, alpinizmdən üzgüçülüyə qədər müxtəlif idman növləri ilə məşğul olmaq imkanı əldə edirlər.

 

- Hocam, universitetinizdə tələbələrə təklif olunan beynəlxalq sahədəki imkanlardan bəhs etməyinizi rica edirəm.

- Universitetimiz Erasmus beynəlxalq mübadilə proqramları çərçivəsində xaricə ən çox tələbə göndərən ali məktəbdir. Beynəlxalq əməkdaşlıq sahəsində digər prioritetlər:

 

  • *  Proqrama daxil olan 29 ölkə və 298 müxtəlif ali təhsil müəssisəsi ilə 553 müqaviləsi var.
  • *  Universitetimizin dünyanın digər ali məktəbləri ilə imzaladığı qarşılıqlı akademik əməkdaşlıq protokollarının sayı 205-dir.
  • *  132 ölkədən təxminən 4.578 əcnəbi tələbə universitetimizdə təhsil alır.
  • *  24 bakalavr, 26 magistratura və 5 doktorantura proqramının tədris dili ingilis dilidir.
  • *  Bakalavr, magistr və doktorantura səviyyələrində 24 müxtəlif dil proqramı mövcuddur.
  • *  70-dən çox xarici professor-müəllim heyəti çalışır.
  • *  Ankara Universiteti UNICA (Avropa Başkent Üniversiteleri Birliyi) üzvü kimi Türkiyəni Avropada təmsil edir.
  • *  1984-cü ildə əcnəbilərə türk dilini öyrətmək üçün qurulan TÖMER türkcə ilə yanaşı ingilis, alman, fransız, ispan, italyan, rus, bolqar, yapon, yunan, osmanlı, Koreya, Çin, ərəb və Asiya türkcələrində də kurslar təklif edir.

 

- Hörmətli rektor, bildiyiniz kimi, pandemiya dövrünün şərtləri həm tələbələr, həm də təhsil işçiləri üçün çətin durumlar yaratdı. Bəs, pandemiya dövründə idarəçilik baxımından hansı çətinliklərlə qarşılaşdınız? Təhsil prosesini davam etdirərkən nə kimi yeni addımlar atıldı?

 - Bildiyiniz kimi, COVID-19 qlobal pandemiyası insanların və qurumların fəaliyyət tərzini kəskin şəkildə dəyişdi. COVID-19-un təsiri ilə davamlı texnologiyadan istifadənin geniş vüsət aldığı yeni bir dövrə keçid mərhələsi oldu.

 

Pandemiya şəraitində bir çox təhsil müəssisəsi kimi bizim universitetimizdə də distant təhsil sisteminə keçid etdik. Pandemiya dövrü bir daha bizə texnologiyanın əhəmiyyətini və onun məsafələri yaxınlaşdıran vacib bir vasitə olduğunu xatırlatdı. Biz əmin olduq ki, qlobal dövrdə texnologiyadan imtina edə bilmərik.

 

Mən bir rektor olaraq, gördüyüm işlərdə “təsir etməyi və iz buraxmağı özümə şüar edən” idarəetmə yanaşmasını mənimsəmişəm. Bu kontekstdə, hər zaman Ankara Universitetində mövcud akademik biliklərin inkişafı və yayılması  üçün rəqəmsal inkişafı izləyərək müvafiq addımlar atmağı uyğun görürəm.

 

- Hocam, necə düşünürsünüz, universitetin rektoru eyni zamanda müəssisənin lideridirmi? Yəni,  idarəetmədə necə lider olunur? Bir də uğurlu idarəedicidə vacib olan xüsusiyyətlərdən  danışsanız, çox məmnun olaram...

- İdarəetmə tələb olunan xidmət və məhsulu mövcud işçi qüvvəsi, avadanlıq, bir də fiziki strukturla təmin etmək səyidir. Liderlik - qrup üzvlərini məktəbin və ya təhsil müəssisəsinin məqsədlərinə və effektivliyinə töhfə vermək üçün həvəsləndirmək və onlara təsir etmək bacarığıdır. Mən təhsil idarəçiliyini orkestr dirijoruna bənzədirəm; Liderlik təhsil müəssisəsinin resurslarından və fiziki avadanlığından yüksək performans ilə istifadə edə bilən insan gücü ilə səmərəli nəticələrə nail olmaq üçün müəssisəyə təsir etmək sənətidir. Burada yönətici ilə lider arasındakı önəmli xətt onun öz qurumuna təsir edə bilmə dərəcəsidir. Pedaqoji heyət və tələbələr də təhsil müəssisəsində zəruri vəzifələri yerinə yetirirlər. İşçilərin (hətta təşkilatınızdakı maraqlı tərəflərin) hərəkətlərinə və düşüncələrinə təsir edib, onu müsbət şəkildə dəyişə bildiyiniz müddətcə uğurlu idarəetmədən danışa bilərik.

 

Əgər idarəçi liderlik keyfiyyətlərinə malikdirsə, o, qarşıya qoyulan məqsədlərinə çatmaq üçün işçilərə təsir edə bilməli, motivasiya prosesini uğurlu həyata keçirməli, özü də həvəslə işləməlidir. Bir sözlə, o çalışanların imkanlarından maksimum səviyyədə istifadə edə bilməldir.

 

Təhsil müəssisələrində idarəetmənin digər bir xüsusiyyəti də ondan ibarətdir ki, idarəedici üzləşdiyi çətinlikləri fürsətə çevirə bilən, müxtəlif ideyaları bir araya gətirə bilən birləşdirici amil olmalıdır. İdarəedici işçi qüvvəsi fərqlərinə baxmayaraq ümumi məqsədə uyğun keyfiyyətli xidmət və ya məhsul istehsal etməyi bacarmalıdır. Aparıcı təhsil müəssisələrində istiqamətləndirici və birləşdirici elementdir.

 

- Sizcə, uğurlu təhsil idarəedicisi hansı keyfiyyətlərə, önəmli bacarıqlara malik olmalıdır?

- İdarəedici öyrənmənin gücünə inanan, davamlı qarşılıqlı öyrənməni mənimsəyən və güclü ünsiyyət qurma bacarığına malik biri olmalıdır. İnanıram ki, biliyin güc olduğunu qəbul edən, biliyin paylaşıldıqca artacağına inananlar yaxşı idarəçi ola bilərlər. Başqa sözlə desək, ideya və biliklərin nəzəriyyədən praktikaya keçdiyi zaman məna kəsb edəcəyinə inanan idarəçi uğur qazanır. Yaxşı idarəedici yaxşı dinləyici olmalıdır. Effektiv dinləyici olmaq üçün qarşıdakı insan dinlənildiyini və ona qayğı göstərildiyini hiss etməlidir. Həmçinin, iş fəaliyyətimə şahid olan hər kəsin bildiyi kimi, mən qeydlər və sistemli şəkildə müşahidə aparan bir idarəçiyəm. Mən qeydlər aparmağı effektiv dinləmə vasitəsi kimi görürəm. Bundan əlavə, aldığım qeydlərdən faydalanaraq idarəçilik fəaliyyətimə nəzarət edə və özümü qiymətləndirə bilirəm.

 

- Hocam, universitet idarəçiliyində xüsusi ilə diqqət olunması gərəkən nüanslar nələrdir? Rektorluq fəaliyyətinizdəki təcrübələrinizi bölüşməyinizi rica edirəm...

- Qurumların yaxşı idarə olunması üçün ardıcıl, balanslı və davamlı ünsiyyətə ehtiyac var. İdarəetmə anlayışı mənim idarəetmə prinsipimi təşkil edir. İdarəetmə prinsipini mənimsəyən idarəedicilər bir sistemdə iştirakı əsas yox, idarəetməni əsas götürürlər. Mən konsultasiyaya və yerində ziyarətə əhəmiyyət verən idarəediciyəm.

 

Seminarlar və “çay-simit söhbətləri” ilə bağlı bəzi təcrübələrimi sizə danışım. 21 aya yaxındır ki, Ankara Universitetinin rektoruyam və bu il 2-ci atölye fəaliyyətini həyata keçirdik. Atölyelər hər bir bölməmiz üçün təkmilləşdirmə sahələridir. Tərəflərlə  maraqlı müzakirələr edə biləcəyimiz və problemlərə dair anında çözüm hazırlaya biləcəyimiz görüşmə mühitləridir.

 

“Çay-simit söhbətləri” hər bir bölməmizlə səhərlər yalnız çay - simit və bir də  Əkinçilik fakültəmizdə istehsal edilən bir çox məhsuldan biri olan pendirin müşayiəti ilə bölmələrimizə   səfərlər prinsipini həyata keçirdiyimiz bir fəaliyyətdir. “Çay-simit söhbətləri” həm də bir-birini yaxından tanımaq, sosiallaşmaq baxımından çox faydalıdır.

 

Eyni zamanda seminarlarımız var. Seminarların səmərəli və effektiv olması üçün həm rektorluq, həm də bölmələrimiz ayrı-ayrılıqda uzun hazırlıq işləri görürlər. Hər bir bölmənin öz sahəsində müəyyən təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün maraqlı təklifləri müzakirə edilir. Seminarlarda bütün bölmələrin rəhbərləri, şöbə müdirləri, idarə heyəti və katiblər iştirak edirlər. Bundan əlavə, hər bir bölmə gələcək üçün planlaşdırdığı işləri və tələblərini müvafiq qurumlara bildirir. Onların tələbləri bizim  növbəti il üçün iş planımızda öz əksini tapır. Beləcə, biz hər birimizi müntəzəm olaraq izləyə və qiymətləndirə bilirik.

 

- Hörmətli rektor, təhsil idarəedicisi olacaq bu günün gənc namizədlərinə tövsiyələriniz nədir?

- Elm aləmində demək olar ki, hər sahədə çoxşaxəli transformasiya gedir. Elm dünyasındakı transformasiyaya yetişmək yolunda TƏHSİL ölkələr üçün katalizator rolunu oynayır. Elmin istehsalı, alimlərin, ixtisaslı kadrların yetişdirilməsi baxımından təhsil müəssisələrinin, xüsusən də universitetlərin ölkənin inkişafında mühüm rolu var.

 

Ümumiyyətlə, idarəçilər təhsilin dəyişmə və transformasiya gücünə inanaraq öz işlərini qurmalıdırlar. Yaxşı nümunələr öyrənilməli və faydalı olacaq tədqiqatların aparılması üçün səy göstərilməlidir. Bu çərçivədə təhsil idarəçisinin həm özünə, həm də quruma qarşı ən mühüm vəzifəsi hədəfə sahib olmaqdır.  Bu məqsədə çatmaq üçün bir plan da qurulmaldır. Məqsədini reallaşdırmaq üçün maraqlı tərəfləri öz qurumuna cəlb etməklə yanaşı planını da həyata keçirməyə çalışmalıdır.

 

- Son olaraq, hörmətli rektor, səlahiyyət müddətinizin sonuna kimi daha nələr etmək istəyirsiniz? Universitetinizin gələcək perspektivi və strategiyası haqqında öyrənmək istəyirəm.

- Ankara Universitetinin tələbələrini üç mərhələdə izləməyi planlaşdırırıq: onlar bizim universiteti seçməzdən əvvəl, universitetimizdə təhsillərini davam etdirərkən və məzun olduqdan sonra. Ölkəmizin hər bir köklü universitetində olduğu kimi, Ankara Universitetində də güclü professor-müəllim heyətinin davamlılığında gənc pedaqoqların məşğulluğunu təmin etmək üçün səylərimi davam etdirirəm.

 

Ayrıca, texnologiya əsrinin tələb etdiyi təkmilləşdirmələri izləmək və bu yenilikləri universitetimizə gətirmək kimi məqsədlərim var. Qeyri-hökumət təşkilatları, xüsusən də dövlət qurumları, yerli özünüidarəetmə orqanları və sənaye-ticarət palataları ilə səmərəli əməkdaşlığı artırmaq üçün səylərimiz var. Bütün fakültələrin, hətta dövlət qurumlarının istifadə edə biləcəyi funksional laboratoriyalar tikməyi planlaşdırırıq və bununla bağlı çalışmalarımız davam edir.

 

- Azərbaycanla bağlı hər hansı layihələriniz varmı?

- Azərbaycan ruhumun dincəldiyi və çoxlu dostlarımın olduğu ölkədir. Ankara Universitetinin rektoru olduqdan sonra Azərbaycan və Türkiyə arasında köklü əlaqələri təhsil sahəsinə daşıdıq. COVID-19 prosesi zamanı ölkəmizdəki professor-müəllim heyətini qardaş Azərbaycanda tələbələrlə görüşəcək səviyyəyə çatdırdıq.

 

Pandemiya dövründə Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti ilə çox mühüm əməkdaşlıqlar qurmuşuq. YÖK-ün dəstəyi və təsdiqi ilə Azərbaycan Texniki Universiteti ilə ikitərəfli diplom müqaviləsi imzaladıq. İkili diplomumuza “Kompüter mühəndisliyi” bölməsi ilə başladıq. Ola bilsin ki, onu başqa sahələrə də köçürək...

 

Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə olunması” bölməsi ilə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin “Biznesin idarə olunması”  bölməsi arasında ikitərəfli diplom işlərini sona çatdırmaq üzrəyik. İnşallah, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq qurmaq səylərimiz davam edər.

 

Bizim Azərbaycanda, xüsusən sənaye sahəsi ilə əməkdaşlıq baxımından mühüm addımlar atmaq planlarımız var. Təkcə istehsal olunan elmə deyil, elm vasitəsilə bəşəriyyətə də faydalı məhsullar istehsal etməyi hədəfləyirik.  Bildirmək istərdim ki, biz Azərbaycanla bağlı layihələrimizi “Bir millət, iki dövlət” şüarı ilə davam etdirəcəyik.

 

Şəhla ASLAN,

jurnalist, təhsil araşdırmaları üzrə doktorant

 



01.07.2022 | 13:25