Müəllimlərdə yeni peşəkar səriştəliliyin və fəaliyyət növlərinin formalaşdırılması | |
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Standartlarının tələbləri əsasında hazırlanmış ixtisasın yeni məzmununun ixtisas xarakteristikası və ümumi kompetensiyalar (Bakalavr səviyyəsinin Təhsil proqramı) qüvvədə olan təhsil standartlarından prinsipial şəkildə fərqlənir. Bu prinsipial fərqlər, birinci növbədə ondan ibarətdir ki, hazırda müəllimlərdə (öyrədənlərdə) hansı yeni peşəkar səriştəliliyin formalaşdırılması tələb olunur. Bu halda müəllimlər aşağıdakı suallara cavab verməyi bacarmalı və müəyyən etməlidirlər ki, onlar uşaqları (öyrənənləri) “necə öyrətməli?”, onlarda “nəyi formalaşdırmalı?”, “nəyi və necə qiymətləndirməlidirlər?” Qeyd olunan suallardan birincisi, əsasən təlim texnologiyaları ilə bağlıdır. Tətbiq olunan yeni standartlar qoyulan suala birmənalı cavab verərək, təlim prosesinə mədəni-tarixi və sistemli-fəaliyyət yanaşmasının tətbiqini irəli sürür və təlimin özünü fəaliyyətlə bağlı şəxsi - səmtləşmə yanaşma ilə əlaqəli texnologiyalardan istifadə edərək qurmağı tələb edir. Son illərdə metodiki ədəbiyyatlarda ən çox informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə bağlı tendensiyalara üstünlük verilir. Ancaq qeyd etmək istəyirəm ki, İKT pedaqoji prosesin təşkili üsulu kimi deyil, başlıca olaraq təlimin vasitəsi rolunu oynayır.
Təlim prosesinə yeni texnologiyaların tətbiqi, hər şeydən əvvəl, praktiki bacarıqlarla bağlı məsələ olduğundan, öyrədənlərdə texnoloji səriştəlilik ön plana çəkilməli və onun formalaşdırılması üzərində fəaliyyət gücləndirilməlidir. Yəni, öyrədən texnologiyanın nəzəri əsaslarını bilməkdən başqa, onu öz pedaqoji praktikasına tətbiq etməyi bacarmalıdır. Onu da bilmək lazımdır ki, təlim texnologiyasının seçilməsi problemi bir dəfə ilə həll edilə bilməz. Müəllimin texnoloji səriştəliliyi, məhz ondan ibarətdir ki, hər bir halda tələb olunan texnologiyanı effektiv istifadə etmək üçün təlim prosesini bütövlükdə təhlil edib, onun yenidən səmərəli qurulmasının yollarını müəyyən etməyi bacarmalıdır.
Araşdırmalar göstərir ki, bunun üçün müəllimdə texnoloji səriştəliliyin aşağıdakı formalaşma mexanizmlərinə üstünlük verilməlidir:
Bu halda başlıca məsələ müəllim pedaqoji fəaliyyətində dəyişikliklərin aparılmasını və daima pedaqoji qarşılıqlı təsirlərin təşkilinin effektiv yollarının axtarılmasını başa düşməlidir.
“Nəyi formalaşdırmalı” sualına cavab da Dövlət Standartlarının tələbləri əsasında birmənalı müəyyən edilmişdir. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumu) sənədində öyrənənlərin (şagirdlərin) əsas səriştəlilik səviyyəsinə qoyulan tələblər müəyyən edilib. Eyni zamanda şagirdlərdə universal tədris fəaliyyətinin (UTF) formalaşmasına qoyulan əsas strateji tələblər və istiqamətlər işlənilmişdir.
Səriştəli - səmtləşmə əsasında təlimə dair tədqiqatçı alimlər çox əvvəllər bu problemlərlə bağlı öz fikirlərini söyləsələr də yalnız sonralar standartlar əsasında qanunvericiliklə biliyə əsaslanan təlimdən səriştəlilik paradiqmasına keçid qismən təmin olunmuşdur. Yeni standartlar təhsilalanlarda əsas səriştəlilik kimi şəxsi, sosial, idraki (dərketmə) və kommunikativlik bacarıqlarının formalaşdırılmasını təmin edir. Bu halda, başa düşmək lazımdır ki, təhsilalanda qeyd olunan səriştəliliyi yalnız o, müəllimlər formalaşdıra bilərlər ki, onların özlərində belə kompetensiyalar tam formalaşmış olsun.
Yeni təhsil standartlarının əsas xüsusiyyətlərindən biri də universal tədris fəaliyyətinin (UTF) formalaşmasını təmin etməsidir. Bu anlayışın ümumpedaqoji və psixoloji mənası ümumtəhsilin dövlət standartlarında öz əksini tapmışdır. UTF-də dörd qrup fəaliyyət - şəxsi, idraki, tənzimləyici (nizamlayıcı) və kommunikativ bir-birindən fərqləndirilir. Öyrənənlərdə göstərilən fəaliyyətlərin formalaşdırılması təhsil müəssisələrinin ümumpedaqoji məsələsi hesab edilir. Belə fəaliyyətlər hər bir dərsdə, dərsdənkənar fəaliyyətlərdə formalaşdırıla bilər və formalaşdırılmalıdır.
Şəxsi UTF özündə həyati, fərdi və peşəkar özünütəyini, sağlam düşüncə və mənəvi-etik qiymətləndirməni, sosial rollara orientasiyanı və şəxsiyyətlərarası münasibətləri birləşdirir. Tənzimləyici universal tədris fəaliyyəti isə özündə tədris-təlim fəaliyyətinin təşkili, məqsədəmüvafiqliyi, planlaşdırmanı, proqnozlaşdırmanı, nəzarəti, korreksiyanı və qiymətləndirməni birləşdirir.
İdraki universal tədris fəaliyyəti içərisində ümumtədris, eyni zamanda məntiqi və problemin qoyuluşu və həlli ilə bağlı fəaliyyətlər əsas yer tutur. Kommunikativ universal tədris fəaliyyətinə, birgə fəaliyyət zamanı və ya informasiya mübadiləsində əməkdaşlarla ünsiyyət, müəllimi və yaşıdları ilə tədris əməkdaşlığının planlaşdırılması və təşkili, mənəvi-etik və psixoloji prinsiplər əsasında şəxsi fəaliyyətin tənzimlənməsini daxil etmək olar.
Onda sual olunur, müasir öyrədənlərdə (müəllimlərdə) hansı peşəkar səriştəlilik formalaşdırılmalıdır ki, fəaliyyət prosesində səriştəli-səmtləşmə və təhsilalanlarda effektiv tədris fəaliyyətinə keçid təmin olunsun. Başqa sözlə, onda layihə-konstruktivliklə bağlı səriştəliliyi formalaşdırmaq mümkün olsun.
Bunlardan başqa müəllimlər müxtəlif nəşriyyatlar tərəfindən təqdim olunan çoxlu sayda tədris-metodik komplekslərin, öyrənənlərdə UTF-nin və əsas səriştəlilik səviyyəsinin formalaşmasını təmin edənlərin seçilməsi və təsdiqinə nail olmalıdırlar. Bunun üçün müəllimlərdə analitik və proqnostik səriştəlilik inkişaf etdirilməlidir.
Analitik səriştəlilik yeni təhsil standartlarının tələbləri əsasında tədqiq olunan tədris-metodik komplektlərin qiymətləndirilməsinə, dərsliklərin, dərs vəsaitlərinin seçilməsinə imkan verir. Proqnostik şəriştəlilik isə müxtəlif komplektlərin istifadəsi zamanı təlim nəticələrinin proqnozlaşdırılmasına və yaxşılaşdırılmasına zəmin yaradır. Belə səriştəliliyin öyrədənlərdə inkişafı, yuxarıda göstərilənlərdən başqa “Dərsliklərin ictimai-dövlət ekspertizası”nın da aparılmasına geniş imkanlar açır. Bu halda tədris-təlim prosesinin qiymətləndirilməsi üçün müəyyən kriteriyalar hazırlanır və təklif olunur, dərsliklərin təhlili üçün bəzi alqoritmlər işlənilir və bütün bunlar tədris-təlim prosesinin müsbət və mənfi cəhətlərini müəyyən etməyə imkan verir.
Bütün bunlarla yanaşı əsas məsələ müəllimin şüurunda yeni standartların tələbləri əsasında pedaqoji məsələlərin qoyulmasında və tətbiqində müasir tələblərə cavab verən dəyişikliklər getməlidir. Yeni nəticəyönümlü standartlarda orta məktəb məzunlarının üç səviyyədə - şəxsi, fənlərarası və bir də fənn üzrə “planlaşdırılmış nəticələr” anlayışını təhlil etməyə və müvafiq nəticələr çıxarıb, müəyyən təkliflər verməyə istiqamətləndirilir.
Şəxsi nəticələr öyrənənlərin hazırlıq səviyyəsini şəxsi özünüinkişafa və özünütəyinə, onlarda təlimə motivasiyanın və məqsədəuyğun idraki fəaliyyətin formalaşmasına, həyati planları ilə bağlı məqsədin qoyulmasına və icrasına, fəaliyyətdə şəxsi və vətəndaş mövqeyinin dəyər və məna səviyyəsində qurulmasına, sosiumda çoxmədəniyyətliliyin eyniləşdirilməsində bacarıqları özündə birləşdirir.
Fənlərarası nəticələr öyrənənlərdə fənlərarası əlaqələrin mənimsənilməsini, onların universal tədris fəaliyyətini, bunlardan tədris, idrak və sosial praktikada istifadəni, tədris fəaliyyətinin sərbəst planlaşdırmasını və həyata keçirilməsini, müəllimləri və yaşıdları ilə tədris əməkdaşlığının təşkilini, fərdi təlim trayektoriyasının qurulmasını özündə birləşdirir.
Fənlər üzrə nəticələr şagirdlərdə tədrisi nəzərdə tutulmuş hər hansı fənnin mənimsənilmə səviyyəsini, bu fənlər üzrə yeni biliklərin qazanılması ilə bağlı fəaliyyət növlərini, qazanılmış biliklərin tədris, tədris-layihə və sosial-layihə situasiyalarında tətbiqini, elmi və tənqidi təfəkkürün formalaşdırılmasını, yeni texnologiyaların, açar anlayışların, metodların və üsulların elmi əsaslarına sahib olmaq bacarıqlarını özündə birləşdirir.
Məktəb müəlliminin yeni səriştəlilik modelinin strukturu
Qeyd olunan məsələləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, öyrədənlərdə yeni qiymətləndirmə ilə bağlı yeni qiymətləndirmə səriştəliliyi formalaşdırılmalıdır. Bundan başqa, müəllim hər bir ayrıca tələb olunan vaxtda öyrənənin nailiyyətlərini sadəcə qiymətləndirməklə kifayətlənməməli, onun nəticələrinin dinamikasını izləməli, başqa sözlə, öyrənənlər tərəfindən təhsil proqramlarının mənimsənilməsinin keyfiyyəti, həm də özünün müəllimlik fəaliyyəti ilə bağlı monitorinq keçirməlidir. Ona görə də müəllimlərdə monitorinq aparmaqla bağlı səriştəlilik formalaşdırılmalıdır.
Gənc müəllimi o vaxt səriştəli müəllim kimi qəbul etmək olar ki, o, fəaliyyəti prosesində aşağıdakı keyfiyyətləri özündə formalaşdırmağı bacarsın:
* metodika elminin əsas müddəalarına, əsas metodiki kateqoriyalar və anlayışlar sisteminə yiyələnmiş və fəaliyyətində onlardan istifadə etməyi bacarır; * metodika elminin strukturunu, onun komponentləri arasındakı qarşılıqlı əlaqələri başa düşür; * tədqiqat obyektini, onun xassələrini və əlaqəsini sistemli olaraq təqdim etməyi bacarır; * fəaliyyət xarakterli müasir yanaşmalardan istifadə edir; * geniş erudisiyaya (hər hansı bir sahədə dərin bilik, geniş məlumat) malikdir; * müəyyən metodiki təklifə qədər nəzəri müddəaları konkretləşdirməyi bacarır; * öyrənmənin metodikası müstəvisində pedaqogika və psixologiyanın müddəalarını izah və təsvir etməyi bacarır; * təhsilalanların (öyrənənlərin ) təhsildə qarşılaşdıqları obyektiv çətinlikləri aşkarlamağı və onları aradan qaldırmağı bacarır; * dərslikləri və tədris materiallarını təhlil etmək bacarıqlarına yiyələnmişdir; * tədris-təlim situasiyalarının strukturlaşdırılmasını bacarır; * öyrənənlərin (şagirdlərin) fərdi və yaş xüsusiyyətlərinə uyğun tədris materialını seçməyi bacarır; * konkret fənnin təlim məqsədlərini və onun məzmununu müəyyənləşdirmək qabiliyyətinə malikdir; * qoyulmuş məqsədə çatmaq üçün əlverişli metodların seçilməsini və təlimin təşkili ilə bağlı məsələlərin həlli üçün yeni yanaşmaları işləməyi bacarır; * informasiya texnologiyaları ilə işləməyi bacarır və özünün metodiki fəaliyyətinin təkmilləşdirilməsi üçün ondan səmərəli istifadə edir; * məlum texnologiyalar əsasında yeni təlim texnologiyalarının layihələşdirilməsini yerinə yetirir; * tədris olunan fənnin əsas nəzəri və praktik məsələlərini təhlil edib, prosesdə tətbiq etməyi bilir; * təlimin əsas sistemlərini araşdırır və onlardan konkret situasiyalarda istifadə etməyi bacarır; * müxtəlif təlim situasiyalarını müşahidə edərək, metodika ilə bağlı problemi formulə etməyi bacarır; * metodiki təfəkkürün formalaşmasında əsas rol oynayan problemlərin real tədris situasiyalarında modelləşdirilməsi ilə bağlı məsələlərin həllində fəal iştirak edir və müvafiq təkliflər formalaşdırmağı bacarır.
Bütün bunları ümumiləşdirərək, müasir orta məktəb müəlliminin səriştəlilik modelini formalaşdırmaq olar.
Araşdırmalar göstərir ki, təklif olunan yeni peşəkar səriştəlilik modeli müəllimlərdə Dövlət Standartlarının tələblərinə uyğun peşəkarlıq səviyyəsinin yüksəlməsində və müasir müəllimin peşəkarlıqla bağlı portretinin, məzmununun dəyişməsində, gənc müəllimlərin səriştəli müəllim kimi formalaşmasında həlledici rol oynayacaqdır.
Zülfiyyə VƏLİYEVA, ADPU ETM-nin elmi işçisi, Əməkdar müəllim, “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” layihəsi üzrə Milli məsləhətçi
|
|
01.07.2022 | 12:20 | |
|
|
|