“Dünyanın gələcəyi təhsildən, təhsilin gələcəyi isə xoşbəxt məktəblərdən asılıdır”

“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Harvard Universitetinin tarixində ən çox tələbəsi olan kursun müəllimi, kitabları 30-dan çox dilə tərcümə edilən yazıçı, beynəlxalq bestseller müəllifi, Xoşbəxtlik Araşdırmaları Akademiyasının həmtəsisçisi və baş direktoru, xoşbəxt məktəb proqramlarının yaradıcısı Tal Ben Shahar məsud olmağın yollarını işıqlandırmağa çalışıb. Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 23 iyun 2022-ci il tarixində yayımlanan bölümündə Tal Ben Shaharla xoşbəxt məktəblər və liderliyin psixologiyası barədə danışılıb.

 

“T-Network”ün koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Xoşbəxtlik inqilabı

 

Aparıcı Cəfər Mənsimi qonağı salamlayıb və ona ilk sualını ünvanlayıb: “Siz insanları xoşbəxtlik inqilabına dəvət edirsiniz. Bəs sizin xoşbəxtlik inqilabınız necə başlayıb? Ümumiyyətlə, Harvard Universitetinin tarixində ən çox tələbəsi olan müəllim kimi bu cür nəticələr xoşbəxtliyə baxışınızı necə formalaşdırıb?” Tal Ben Shahar proqramda iştirak etdiyindən məmnunluğunu bildirərək xoşbəxtlik səyahətinə şəxsi səbəblər üzündən baş vurduğunu, bu yolçuluğa xoşbəxt olmadığına görə çıxdığını bildirib. Daha öncə Harvard Universitetində kompüter elmləri üzrə təhsil aldığını, kifayət qədər yüksək akademik və idman göstəricilərinə malik olduğunu, sosial həyatının da qaydasında keçdiyini diqqətə çatdıran yazıçı bununla yanaşı xoşbəxt olmadığını yada salıb. T.B.Shahar xoşbəxt olmamağının səbəbini tapmaq məqsədilə ixtisasını dəyişməyə qərar verib və İngiltərənin Kembric Universitetində fəlsəfə və psixologiya sahəsini öyrənməyə başlayıb. Qonaq deyib: “Məni maraqlandıran başlıca məsələ özümün, ətrafımda olan insanların, oxuduğum təhsil ocağının, ailələrin xoşbəxt olması üçün nə edə bilərəm düşüncəsi idi.  Xoşbəxtliyin nə olduğunu araşdırmaq, tədqiq etmək idi ki, artıq son 30 ildə mən bununla məşğulam. Maraqlıdır ki, xoşbəxtlik ilə bağlı mühazirələr oxumağa başladığım dövrdən bir çox insanların da, tələbə və müəllimlərin də belə bir sualla üz-üzə qaldığının, daha xoşbəxt olmaq üçün eyni sualları verdiyinin şahidi oldum. Bu səbəbdən də mənim mühazirələrim Harvardda ən geniş dinləyici toplayan mühazirələr olub”.

 

Kimdir xoşbəxt?

 

Xoşbəxtsizliyin bir çox səbəbləri olduğunu bildirən Tal Ben Shahar əsas  səbəb kimi insanların xoşbəxtliyi yanlış təsəvvür etdiyini göstərib, xoşbəxtliyi yalnız uğur, müvəffəqiyyət əldə etməkdə görməyin düzgün olmadığını vurğulayıb. Xoşbəxtliyi araşdıran bir çox tədqiqatların mövcudluğu barədə danışan yazıçı insanların bunu öyrənməli olmasının vacibliyini qeyd edib.

 

Qonaq bildirib ki, xoşbəxtliyi başa düşmək üçün bir növ xoşbəxt olmamağı qəbul etmək, mütəmadi, müntəzəm olaraq xoşbəxt olmağın mümkünsüzlüyünü dərk etmək lazımdır: “Xoşbəxtsizliyin səbəblərindən biri xoşbəxtliyin daim bizimlə olacağını gözləməkdir. Həmin intizar elə xoşbəxtsizliyə gətirib çıxarır. Biz bu ümidlə yaşadığımız zaman kədər, qəm, qüssə, narahatlıq, həsəd kimi hissləri özümüzdən uzaq tutmağa çalışırıq. Lakin biz bu hisslərlə barışsaq, həyatımızın bir hissəsi kimi qəbul etsək bir o qədər də rahat olarıq, onlarla yaşamağı qəbul edərik. Xoşbəxtliyə gedən birinci addım xoşbəxtsizliyi qəbul etməkdir. Bunun ardınca isə sizi xoşbəxt edəcək digər addımlar var: fiziki məşğələ, idman, ətraf mühitlə əlaqə, ictimai həyat, yeni biliklərə yiyələnmək, meditasiya, ətraf dünyanı sezmək, dərk etmək”.

 

Aparıcının “Xoşbəxtliyi bir cümlə ilə ifadə etsəydiniz bu barədə nə deyə bilərsiniz?” sualına cavabında T.B.Shahar bunun çətin olduğunu dilə gətirərək “Xoşbəxtlik şüurla cismin vəhdətidir” söyləyib.

 

Əsas ideya

 

Təhsil dünyasında təbliğ etdiyi əsas ideya haqqında danışan xoşbəxtlik tədqiqatçısı deyib: “Dünyanın gələcəyi təhsildən, təhsilin gələcəyi isə xoşbəxt məktəblərdən asılıdır”. Məşhur amerikalı psixoloq Martin Seliqmanın araşdırmasını misal gətirən  qonaq bildirib ki, həmin alim valideynlərə iki sualla müraciət edib: birinci sual “Siz uşaqlarınız üçün ən çox nəyi arzu edərdiniz?”, ikinci sual isə “Sizin övladlarınıza nəyi tədris edirlər?” olub. Cavablar əsasında iki siyahı tərtib edən M.Seliqman bu siyahılar arasında heç bir vəhdət görməyib, belə ki, birinci suala “Övladımı xoşbəxt, ağıllı, tərbiyəli, möhkəm, sarsılmaz, ünsiyyətcil görmək istəyirəm” deyən valideynlər ikinci suala cavabda tarix, coğrafiya, biologiya, yazı, riyaziyyat və digər elmləri sadalayıblar. Bütün bu fənlərin əhəmiyyətinin danılmaz olduğunu qeyd edən Tal Ben Shahar birinci sualın cavabında sadalanan keyfiyyətlərin formalaşması üçün bu fənlərin kifayət etmədiyini bildirib.

 

Dünya şöhrətli müəllim xoşbəxtliyin artıq bir elm sahəsi kimi qəbul edildiyi hazırkı dövrümüzdə belə təhsil ocaqlarında bu sahənin tədris edilməməsindən məyus olduğunu bildirib, səadət, həyatda yaşanan streslə mübarizə və stresə davamiyyətin təhsil müəssisələrində öyrədilməsi, araşdırılmasının vacibliyini vurğulayıb. O, qeyd edib: “Burada xoşbəxtliyi təyin edən əsas birinci siyahıdır və şagirdi uğura aparan yoldur. Təhsil göstəriciləri heç də uşağı xoşbəxt edən amillər deyil. Xoşbəxtlik performansa aparan yoldur, performans xoşbəxtliyə aparan yol deyil. Məhz xoşbəxt olan, daxilən, zehnən rahat olan, məsud yaşayan şagirdin təhsil göstəriciləri daha yaxşı olacaq. Xoşbəxt şagird bütün elmləri daha müvəffəqiyyətlə mənimsəyəcək”.

 

3 R

 

Xoşbəxt məktəblərlə bağlı konsepsiyanın 3R-ə dayandığını bəyan edən beynəlxalq bestseller müəllifi 3R-in nə olduğunu açıqlayaraq qeyd edib ki, 1-ci R (reminders-xatırladanlar) bizə müəyyən hadisə və məqamları xatırladan məsələlərin olmasıdır. Tal Ben Shahar deyib: “Bir çox seçimlərin olması, mən buna ritorik  seçim deyirəm, insana çox rahat gəlir. İnsanlara sahib olduqları gözəlliklərə görə şükür edirsinizmi sualını versək əksəriyyət “bəli” cavabını verəcək. Lakin sual vermədən sadəcə diqqət yetirsək görərik ki, insanlar sahib olduqları gözəlliklərə, insanlara görə şükür etmirlər, minnətdarlıq hissi yaşamırlar. Onlar bütün sahib olduqlarını elə belə də olmalıymış kimi qəbul edirlər. Biz həmişə xatırlamalıyıq ki, həyatda bizi xoşbəxt edən bir çox məqamlar, insanlar var. 1R xatırladıcıları çox sadə əşyalar ola bilər: kompüter ekranında mənzərəni dəyişən fonlarda, mobil telefonlarda, qolbaqlarda və s. həmin xatırladıcıları yerləşdirmək olar. Bu xatırladıcılar bizə nə üçün xoşbəxt, məsud, nəyə görə şükr etməli olduğumuzun səbəblərini xatırlatmalıdır. Müəllimlər şagirdlərinə bunları xatırlatmalıdır, müəllim və şagirdlərə bunları xatırladan posterlər, plakatlar olmalıdır”.

 

2-ci R-in (repetition) təkrarlama olduğunu qeyd edən yazıçı müsbət ismarıcları, hər gün şükr, minnətdarlıq hiss etməyi, nəzakətlə davranmağı, fiziki aktivliyi və digər müsbət xüsusiyyətləri gündəlik təkrar edərək vərdişə, xasiyyətə çevirməyi tövsiyə edib.

 

3-cü R (rituals) xatırladıcıların sayəsində gündəlik təkrar etdiyimiz vərdişlərin artıq həyatımızın bir ritualına, gündəlik davranışlarına, həyat mərasiminə çevrilməsi deməkdir. Nəticədə insanlar həyatlarından məmnun olur, həyatı daha dolğun yaşamağa başlayır. T.B.Shahar istər şəxsi həyatda, istər məktəblərdə, işdə və s. dayanıqlı, davamlı dəyişikliyin təşəkkül tapması üçün 3R-dən istifadə etməyi məsləhət görüb.

 

Texnologiyanın məhdudlaşdırılması

 

Şagirdlərin məktəbdə sıxılması barədə sualı cavablandırarkən qonaq ABŞ-da aparılan bir tədqiqatın nəticəsini paylaşıb və bu nəticələrin tək Amerikada deyil, Avropa, Asiya, Avstraliya, Afrikada da keçərli olduğunu diqqətə çatdırıb. Araşdırmaya görə məlum olub ki, son illər ərzində depressiya, narahatlıq, stres, intihar hadisələrinin sayı dəfələrlə artmışdır və bunun əsas səbəbinin smartfonlar olduğu aşkar edilmişdir. Uşaqların kiçik telefonların ekranlarına gözlərini zilləməsi, telefon və planşetlərə alüdə olması dünyada təşəkkül tapan depressiyanın əsas və birinci səbəbidir. Texnologiyaların həyatımızda əvəzolunmaz faydasından danışan yazıçı eyni zamanda özümüzə və övladlarımıza texnologiyalardan aşırı istifadə etməməyi, istifadəni məhdudlaşdırmağı, texnologiyalardan asılı olmamağı tövsiyə edib: “Texnologiya davamlı olaraq bizim övladlarımızı stimulyasiya qarşısında qoyur. Bu, o deməkdir ki, əslində uşaqlar can sıxılmaq, darıxmaq nədir bilməlidirlər. Məhz belə məqamlar uşaqları daha kreativ olmağa, yeniliklər axtarmağa, hər hansı bir işlə məşğul olmağa vadar edir, onların təxəyyülünü inkişaf etdirir. Texnologiya bu istiqamətdə onları bir növ dilsiz-ağızsız edir və texnologiyanın məhdudlaşdırılması həm fiziki, həm də əqli sağlamlıq cəhətdən faydalıdır. Biz bir araya gəldiyimiz zaman, ünsiyyət qurduğumuz zaman interaktiv inkişaf edirik. Odur ki, texnologiyanın məhdudlaşdırılması mənəvi və əqli baxımından şərtdir”.   

 

Xoşbəxtliyin tədrisi

 

Tal Ben Shahar hesab edir ki, müəllim hər bir cəhətdən şagirdlərinə nümunə olmalı, hansı fənni tədris etməyindən asılı olmayaraq şagirdlərinə xoşbəxtlik aşılamalıdır. Müəllim şagirdlərindən tələb etdiyi xüsusiyyət və davranışlara ilk növbədə özü sahib olmalıdır.

 

Qonaq xoşbəxtliyin öyrədilməsində müəllimlərə 3R yanaşmasından istifadə etməyi də təklif edib. 1R - müəllimlər kurikuluma xoşbəxtlik xatırladıcılarını daxil etməli və praktiki məşğələlərlə bunları uşaqlara çatdırmalıdırlar. 2R - tapşırıqlar vasitəsilə bütün tədris boyu xoşbəxtlik xatırladıcılarını təkrar etməlidirlər. 3R - mütəmadi təkrarlayaraq bunu bir rituala, gündəlik davranışa çevirməlidirlər. 

 

Yazıçı xoşbəxtliyin tədris olunmasında müəllimlərə əhvalat və hekayə formasından istifadə etməyi tövsiyə edib, çünki uşaq və ya böyük olmasından asılı olmayaraq insanlar hekayələr vasitəsilə ötürülən məlumatları daha tez mənimsəyirlər. Elektrik lampasının ixtiraçısı Tomas Edisonu misal gətirən xoşbəxtlik tədqiqatçısı onun 1093 müxtəlif ixtiralarının mövcudluğundan, lakin bu barədə çox insanın bilmədiyindən danışıb. Eyni zamanda Edisonun 1093-dən çox uğursuz nəticələrinin olduğunu söyləyərək ixtiraçının “Mən uğura gedən yolda bir çox uğursuzluqlarla üzləşmişəm” sözlərini sitat gətirib. T.B.Shahar bildirib ki, uşaqlara uğursuzluğun normal bir hal olduğunu, gələcək uğurlara yol açdığını başa salmaq lazımdır.

 

SHARP modeli

 

Cəfər Mənsiminin “Kitablarınızda bəhs etdiyiniz SHARP modelini qısa olaraq bizə necə izah edərdiniz və biz bunu həyatımızda necə tətbiq edə bilərik” sualını cavablandırarkən bestseller müəllifi qeyd edib ki, SHARP modeli 5 elementdən ibarətdir: S (streght) - güc, H (health) - sağlamlıq, A (absorbsion) - nəyisə qəbul etmək, R (relationship) - münasibətlər, P (purpose) - məqsəd deməkdir. Birinci elementin güclü cəhətləri özündə əks etdirdiyini bildirən Shahar bir çox hallarda təhsildə şagird və tələbələrin güclü tərəflərini bir kənara qoyub zəif tərəflərinə diqqət yetirildiyini önə çəkib, güclü tərəflərə nə qədər çox fikir verilsə insanlarda özünə inam hissinin yüksək olacağını, xoşbəxt olmaq imkanının artdığını bildirib.

 

İkinci elementin sağlamlığı əks etdirdiyini deyən yazıçı burada müntəzəm məşqlərin, düzgün qidalanmanın, gücün bərpa olunmasının, övladlarımızın düzgün yetişdirilməsi və böyüməsi haqqında məsləhətlərin yer aldığını diqqətə çatdırıb. Üçüncü element meditasiya, dünyanı olduğu kimi qəbul etmək anlayışlarını əks etdirir. Dördüncü element sağlam münasibətləri, səadəti özündə ehtiva edir. Beşinci element isə hər bir kəsin həyatında bütün atılan addımların məqsədyönlü, anlamlı olmasının vacibliyindən bəhs edir.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar” sualının qarşılığında yazıçı aşağıdakı çağırışları sadalayıb: “1.Texnologiya - elə etmək lazımdır ki, biz texnologiyanın yox, texnologiya bizim xidmətimizdə dursun, texnologiya bizi deyil, biz texnologiyanı idarə etməliyik; 2.Fiziki fəaliyyət - tarixən uşaqlar məktəb həyatı ilə yanaşı icma həyatında iştirak edərdilər, təsərrüfatda insanlara köməklik göstərərdilər. İndi isə şagirdlər sadəcə sinif otağında parta, kompüter arxasında hərəkətsiz otururlar; 3.Məlumatcanlı, elmcanlı, araşdırmaçı olmaq; 4.Həyatda məqsədin olması, məqsədə nail olmaq uğrunda mübarizə. Yeniyetmələr, gənclər bu məqamla bağlı əziyyət çəkirlər; 5.Bəzi emosiyalara müqavimət göstərməmək, narahatlıq kimi hisslərlə barışmaq, həmin hissləri normal qəbul etmək; 6.Uşaqlarımıza arzularına investisiya etməyi öyrətmək - nailiyyətlər əziyyət tələb edir; 7.Sağlam münasibətlər qurmaq - övladlarımıza körpəlikdən ünsiyyət qurmağı, yola getməyi, dost qazanmağı öyrətməliyik; 8.Mehriban və nəzakətli olmaq, həyat yalnız paylaşarkən gözəl olur”.

 

Çıxışının yekunu olaraq “Özünüzə insan olmağa icazə verin” çağırışının müəllifi Tal Ben Shahar izləyicilərə həyatın sürətini bir balaca azaltmağı, bir anlıq telefonu, işi kənara qoyub düşüncələrə qapılmağı, kənardan dünyanı müşahidə etməyi, iç dünyalarına baxmağı, özlərilə söhbət aparmağı, həyatı dəyərləndirməyi tövsiyə edib.

 

Görüşün sonunda “T-Network”un koordinatoru Cəfər Mənsimi dəyərli zamanını ayırdığı və dolğun cavabları üçün qonağa dərin minnətdarlığını bildirib, “əsas çağırışlardan biri də özünə varmaq, xoşbəxtlik xəzinəsinin içimizdə olduğunu qəbul etməkdir” fikri ilə izləyicilərlə növbəti görüşədək sağollaşıb.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



01.07.2022 | 10:22