Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dayanıqlı şəhər və kəndlər inşa edir | |
Məlum olduğu kimi, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir sürətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Bu Forum şəhərləşən dünyada dayanıqlı insan məskunlaşmasının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması, təmiz içməli su və sanitar şəraitin təmin edilməsi kimi məsələləri müzakirəyə çıxarır və lazımi qərarlar qəbul edir. Ötən həftə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev sessiyada videoformatda çıxış edərək ölkəmizin bu istiqamətdə atdığı addımları diqqətə çatdırdı.
Təbii ki, Azərbaycan belə problemlərdə öz konsepsiyası olan və məsələlərin həlli yönündə davamlı şəkildə konkret işlər görən bir ölkədir. Bu baxımdan sessiyanın gündəliyi bizim üçün aktuallıq kəsb edir və Azərbaycan öz mövqeyini gördüyü, görəcəyi böyük işlərin siyahısı ilə ortaya qoyur.
Öncə paytaxtdan başlasaq, məlumdur ki, son on ildə Bakının infrastrukturu yenidən qurulub, burada yeni yaşayış binaları, çoxsaylı fərdi evlər tikilib, parklar, istirahət ocaqları salınıb. Bütün bu işlər görülərkən Bakının memarlığı qorunub saxlanılıb və tarixiliklə müasirliyin vəhdətində gözəl, müasir bir şəhər formalaşıb; Bakı inanılmaz dərəcədə böyüyüb və gözəlləşib. Bakının içməli su problemi tamamilə həllini tapıb, alternativ yeni su kəmərləri ilə bu məsələdə müsbət irəliləyiş əldə olunub.
Amma Azərbaycanın gördüyü işlər təkcə Bakı ilə məhdudlaşmır. Ayrı-ayrı dövrləri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla həyata keçirilib, nəticədə bölgələrin də siması dəyişib, yeni infrastruktur yaradılıb. Hazırda Azərbaycan bu siyasəti 30 ilə yaxın Ermənistan işğalında qalmış və 44 günlük müharibədə öz azadlığına qovuşmuş torpaqlarında həyata keçirir. Həm də təkbaşına, öz resursları hesabına, heç bir beynəlxalq təşkilatdan humanitar yardım almadan!
Nəzərə alsaq ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında erməni cinayətləri nəticəsində yurdumuzun bu hissəsində həyat əlamətləri tamamilə itmiş, şəhərlərin, rayonların bütün infrastrukturu dağıdılmış, qaçqınların öz yurdlarına qayıtması qeyri-mümkün olmuş və postmüharibə dövrünün ilk işi bu torpaqlara həyatın qaytarılması üçün vacib layihələri-işıq, qaz, su təhcizatı, məktəb, xəstəxana, aeroport tikintisi, yolların çəkilməsi kimi iri, strateji layihələri təcili həyata keçirmək idi, bu baxımdan sözügedən sessiyanın gündəliyi bizə üzləşdiyimiz problemlər nöqteyi-nəzərindən çox yaxındır.
Azərbaycanın hazırda işğaldan azad etdiyi torpaqlarında görülən və görüləcək kifayət qədər işlər var ki, bunlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi”nin tələblərinə cavab verən məsələlərdir. 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük əhəmiyyət kəsb edib. Nəyə görə?
Çünki Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam və Füzuli şəhərləri tamamilə yoxa çıxarılıb. İndi bu şəhərlər vaxt gözləmədən bərpa olunmalı, öz sakinlərinə təhvil verilməlidir.
Hazırda Azərbaycan bu bölgədə nəhəng bərpa-yenidənqurma işlərinə imza atır. İlk öncə ən ağır prosesdən-ərazilərin minalardan təmizlənməsindən başlanılır, daha sonra tikinti işlərinə ardıcıl olaraq start verilir. Söhbət müasir şəhər planlaşdırılmasından gedir və burada “yaşıl enerji”, “sıfır tullantı” konsepsiyaları tətbiq olunur.
Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu, “ağıllı kənd” layihəsi ilə qurulub və bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıb.
Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib və istifadəyə verib. Bundan başqa, işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda iki hava limanının tikintisi davam edir.
Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Ağdam Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək və burada on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı isə artıq fəaliyyət göstərir.
Başlanan bütün bu işlərdə məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Söhbət elə bir yenidən qurulmadan gedir ki, yeni şəhərlərdə, kəndlərdə yaşamaq şəraiti ilə bərabər, həm də işləmək, işlə təminat imkanları olsun, çünki bu, mühüm amildir.
Göründüyü kimi, ölkəmiz BMT-nin Yaşayış Məskənləri Proqramına uyğun konkret, real işlər ortaya qoyur.
Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılsa da, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsinin həyata keçirilməsi, bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru Maimuna Mohd Şərifin Ağdam şəhərinə səfəri, dağıntıların miqyasına şahidlik etməsi, onunla gələcək əməkdaşlığın müzakirə olunması müsbət addım kimi qiymətləndirilməyə bilməz. Azərbaycan ümid edir ki, azad edilmiş ərazilərin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq mümkün olacaq, təşkilatın mütəxəssisləri işğalın acı nəticələrini yaşamış torpaqlarımızda yenidənqurma prosesinin fəal iştirakçıları olacaqlar.
V.ALLAHVERDİYEVA
|
|
01.07.2022 | 11:00 | |
|
|
|