Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizlik Laboratoriyasının açılışı olub

İyunun 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Kiber Təhlükəsizlik Laboratoriyasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və digər qonaqlar iştirak ediblər.

 

Qonaqlar Laboratoriyada yaradılmış şəraitlə tanış olublar. 

 

Bildirilib ki, Laboratoriya  Təhsil Nazirliyinin qrantı əsasında həyata keçirilən “Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Cari ilin yanvar-iyun aylarında icra edilən layihənin əsas məqsədi İnformasiya texnologiyaları təhsili sahəsində MDU-nun potensialını artırmaqdan, kiber təhlükəsizlik üzrə modern təhsil modeli yaratmaqdan, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir.


Laboratoriya kiber təhlükəsizlik və bütövlükdə İnformasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssis-mühəndislər hazırlamağa imkan verəcək və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən platforma rolunda çıxış edəcək. 

 

Qeyd edilib ki, Laboratoriyanın yaradılmasında Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz yaxından iştirak ediblər.


Laboratoriyada mövcud olan 22 kompüter kiber təhlükəsizliklə bağlı müvafiq proqram təminatına malikdir.


İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə seçilmiş fənlərin tədrisinin həyata keçiriləcəyi Laboratoriya müvafiq istiqamətlər üzrə tədqiqatların aparılmasına da imkan verəcək.

 

 



28.06.2022 | 20:08