Gələcək naminə səriştələrin formalaşdırılması | |
Qlobal çağırışlar dönəmində təhsil sistemləri qarşısında duran mühüm trendlərdən biri təhsilalanlarda gələcək naminə yeni səriştə və bacarıqların formalaşdırılmasına nail olmaqdır. V Qrant müsabiqəsinin qalib layihələri arasında da sözügedən istiqamətdə pedaqoji yanaşmalar mövcuddur. Qalib layihələrlə tanış olaq.
“Daha gözəl həyat üçün - Antibullinq Psixoloji Dəstək Mərkəzi”
Sumqayıt şəhər 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Həsənova V Qrant müsabiqəsində “Daha gözəl həyat üçün-Antibullinq Psixoloji Dəstək Mərkəzi” layihəsi ilə qalib gəlib:
- UNESCO-nun 2019-cu ilin əvvəlində yaydığı məlumata əsasən dünya üzrə məktəblərdə hər üç şagirddən biri qısnamaya, yəni digər şagirdlər tərəfindən təkrarlanan zorakı davranışa məruz qalır. UNICEF-ə görə, bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Şagirdlərə qarşı aqressiv davranışların qarşısının alınması üçün maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ciddi ehtiyac var. Müasir dövrdə istənilən fəaliyyətin və insan münasibətlərinin səmərəliliyi psixoloji biliklərin tətbiqinə əsaslanır. Bu baxımdan fəaliyyət məramından, məqsədindən asılı olmayaraq bütün sahələrdə psixoloji xidmətin təşkili olduqca vacibdir. Bu aktuallıq məktəb mühitindən də yan keçmir. Təhsilin keyfiyyətinin, şagirdlərin təlim motivlərinin və nailiyyətlərinin yüksəldilməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn, icma-məktəb münasibətlərinin daha da yaxşılaşdırılması işində məktəbdə təşkil edilmiş psixoloji işin mühüm əhəmiyyəti vardır.
Layihənin əsas məqsədi məktəbdə 5-9-cu sinif şagirdlərinin əhatə olunduğu bullinq situasiyasının əsas səbəblərinin araşdırılması və onun nəticəsindən asılı olaraq zorakı davranışın həll yollarının təklifi və müəllim-psixoloq heyətlə birgə müzakirə edilməsi, məktəbdə informativ mühitin yaradılmasına nail olmaqdır.
Layihənin vəzifələrinə şagirdlərin bullinqə səbəb olan halların araşdırılması üçün sorğu şkalalarının qurulması; araşdırmanın keçirilməsi üçün online sorğuların təşkili və məlumatların yığılması; məlumatların təhlili; alınmış nəticələrin əsasında bullinq və qısnama davranışının həll yollarının təklifi; müəllim və məktəb psixoloq heyəti ilə online müzakirələrin təşkili; nəticə və müzakirələrə əsasən məktəb mühitində “Şagirdin sosial-psixoloji təhlükəsizliyi siyasətinin” yaradılması və bu siyasətin sinif otaqları və dəhlizlərdə vizual-informativ olaraq dəstəklənməsi daxildir.
Bununla bağlı Sumqayıt şəhər psixoloqlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə “Daha gözəl həyat üçün - Antibullinq Psixoloji Dəstək Mərkəzi” yaradılıb, müəllim, psixoloq, şagird və valideynlər maarifləndirilib. Layihədə əsas dəstək təşkilat kimi bu sahə üzrə böyük təcrübəsi olan “Demokratik Gənclər” İctimai Birliyi, uşaq hüquqları üzrə beynəlxalq təlimçi-ekspert Ramil Süleymanov cəlb edilmişdir. Hazırda məktəbimizin peşəkar psixoloqları və könüllü işçiləri tərəfindən uğurla davam etdirilən layihə ərzində V-IX sinif şagirdləri arasında Renessans Sosioloji Sorğu Mərkəzi sosioloji sorğular keçirib. Layihəmizin ən böyük uğuru müəyyən psixoloji problemi olan şagirdlərimizin aşkar olunması olub. Psixoloq, müəllim və valideynlərimiz üçün “Demokratik Gənclər” İctimai Birliyi, “Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzi”nin peşəkar komandası tərəfindən hazırlanmış Beynəlxalq Təlim modulu da layihənin davamlılığı üçün olduqca uğurlu nəticədir.
Layihə məktəbdə şagirdlərin sosial-psixoloji təhlükəsizliyi mühitinin yaranması məqsədilə 11-15 yaşlı yeniyetmələr arasında bullinq/qısnama probleminin həlli yolunda bu davranışın səbəblərini müəyyən etməyə əsaslanır. Nəticə etibarı ilə məktəb mühitində həm 5-9-cu sinif şagirdlərinin zorakı davranışının səbəbləri aşkarlanacaq, bu səbəblərə fokuslanan həll yolları təklif olunacaq, həm də müəllim və məktəb psixoloqları bu davranışın effektiv həllində pozitiv və etibarlı rol oynayacaqlar. Bundan əlavə, məktəbdə sosial-psixoloji mühitin vurğulanması və dayanıqlığı üçün şagird, müəllim eləcə də valideynlərin daim görə biləcəyi şəraitdə (dəhliz, sinif otaqları) destruktiv davranış modellərinə dair vizual-informativ vəsait (poster, davranış xəritəsi) yer alacaqdır. Sorğunun nəticələri bullinq davranışının səbəblərini müəyyən etməklə yanaşı, aparılacaq işləri düzgün istiqamətləndirəcək, müəllim və psixoloqların problem haqda məlumatlılığını artıracaq. Şagirdlərlə aparılacaq işlər onlarda bullinqə qarşı davranış modellərinin formalaşması üçün müvafiq vizaul-informativ vəsaitin yaranmasına, eləcə də məktəb mühitinin daha təhlükəsiz məkana çevrilməsinə təkan verəcəkdir. Şagirdlərin məktəbdə aparılan işlərə cəlb olunması motivasiyası da artmış olacaqdır. Müəllim və psixoloqların məktəb mühitində şagirdlərin destruktiv davranış modellərilə bağlı məlumatlılığı, bu spesifik davranışın müəllim-şagird-valideyn üçbucağına dayanaraq effektiv həll yollarının mənimsənilməsi və tətbiq olunmasına yardımçı olacaq. Ümumilikdə, şagirdin sosial-psixoloji təhlükəsizliyinin təmin olunması və dəstəklənməsi müəllim və pedaqoji heyətin bu istiqamətdə biliyinin artırılması, şagirdlərin pozitiv aktivliyinin vurğulanması və bununla bağlı xüsusi biliklərinin formalaşmasına xidmət edəcək.
“Arduino emalatxanası - elektronikaya açılan qapı”
Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələrindən biri də Şirvan şəhər 18 nömrəli məktəb-liseyin coğrafiya və STEAM müəllimi Pərvanə Hətəmovanın “Arduino emalatxanası-elektronikaya açılan qapı” layihəsidir. P.Hətəmova layihəsi barədə danışır:
- Arduino ətraf mühit ilə qarşılıqlı əlaqə yarada və sistemləri asanlıqla dizayn edə bilən, elektronika həvəskarları üçün asan, proqramlaşdırıla və elektron sxemlər üzərində qurula bilən açıq mənbəli inkişaf - mikrokontroller platformasıdır. Arduino laboratoriya dəstləri ilə uşaqlar əylənərkən öyrənə biləcəkləri bir mühitə sahib ola bilərlər. İnteraktiv və ya inkişafetdirici mühit yaratmaq üçün Arduino layihəsi idealdır. Arduino əsaslı dərslər praktiki bir yanaşmanı sinif otağına gətirərək şagirdlərə əsl elm adamları kimi düşünməyə və davranmağa imkan verir. Şagirdlərə ağıllı cihazların necə işlədiyini araşdırmağa, məlumatları qeyd etməyə, müşahidələri sənədləşdirməyə və təcrübələrə təşviq edən bir elmi laboratoriya yaradır.
Layihənin əsas məqsədi də Arduino dərsləri ilə elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrinin əsaslarını, əhəmiyyətini başa düşmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağın artırılması, yenilikçi layihələrin yaradılması, bacarıqlarının aşkara çıxarılmasını öyrətmək və proqramlaşdırmağa nail olmaqdır. Layihə çərçivəsində Şirvan şəhər 18 nömrəli məktəb-lisey, Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey, R.Həbibov adına 14 nömrəli və E.B.İmanov adına 10 nömrəli tam orta məktəblərində 3 ay müddətində 90 şagirdi, 7 qrup olmaqla 42 akademik dərs saatını əhatə etmiş təlimlər keçirilmiş və uğurla tamamlanmışdır. Gənc təlimçimiz Sənan Heydərli şagirdlərimizə Arduino haqqında, elmi və texnoloji bacarıqlarını formalaşdırmaq; alətlərlə təhlükəsiz iş qaydaları ilə tanış olmaq, prototip hazırlamaq üçün ən yaxşı təcrübə, yerinə yetirilən işə yaradıcı münasibət formalaşdırmaq; komandada işləmək, yaradıcı təşəbbüs və müstəqilliyi inkişaf etdirmək; şagirdlərin psixofizioloji keyfiyyətlərini inkişaf etdirmək; yaddaş, diqqət, məntiqi düşünmək, təhlil etmək, əsas məqsəd üzərində cəmləşmək bacarığı kimi ilkin məlumat verib.
Təlimlər gedişində şagirdlərin öz düşüncələrini aydın, məntiqi ardıcıllıqla çatdırmaq, baxış bucağını müdafiə etmək, vəziyyətin təhlili əsasında məntiqi mülahizə yolu ilə müstəqil olaraq suallara cavab tapmaq bacarığını inkişaf etdirmək kimi bacarıqların formalaşdırılmasına, şagirdlərin tam şəkildə maraq və tələbatlarının ödənilməsinə, istedad və bacarıqlarının üzə çıxarılmasına nail olunub. Şagirdlər Arduino Uno lövhəsi, sensorlar, digər parçalarla tanış olublar. Daha sonra əldə etdikləri biliklərlə müxtəlif elektron sxemləri Arduino Uno platformasında qurub və bununla da paralel olaraq sxemin lazımı şəkildə işləməsi üçün kompüterdə qurulan sxemə uyğun kodları (C ++ proqramlaşdırma əsasları) yığaraq, problemlərin həlli üçün alqoritmlərin mənimsənilməsi və tətbiqi üzrə layihələr təqdim ediblər. Bu layihənin uşaqların həm kompüter, həm də elektronika bacarıqlarının inkişaf etdirilməsində (mikrokontrolerin proqramlaşdırılması, Arduino proqramının yüklənməsi və quraşdırılması, Arduinonun kompüterdə istifadəsi, Arduino proqramlaşdırma dilinin (C++) əsaslarının mənimsənilməsində və inkişafı), tədqiqat və elmi-praktik işin aparılmasında böyük əhəmiyyəti olub.
Dərslər zamanı şagirdlər praktik tapşırıqlar üzərindən əyani proqram mühitində asanlıqla və effektiv şəkildə alqoritm və proqramlaşdırmanı öyrənmək fürsətləri əldə ediblər. Səmərəli öyrənmə mühitinin tam təmin olunduğu təlimlər zamanı öyrənmə fəaliyyəti şagirdlərin maraq və təlabatlarının ödənilməsinə xidmət edib. Məhz buna görə layihə şagirdlərin həddindən artıq böyük maraqlarına səbəb olub.
Əlavə edim ki, dərslər zamanı şagirdlər layihə çərçivəsində alınmış Arduino dəstləri və təlim materialı ilə təmin olunub. Bu təlim materialları nəzəri və praktik baxımdan şagirdlərə səmərəli öyrənmə üçün tam imkanlar yaradıb.
Oruc MUSTAFAYEV |
|
24.06.2022 | 12:32 | |
|
|
|