Müxtəlif sahələrdə nailiyyətləri ilə fərqlənən tələbələr mükafatlandırılıb | |
Naxçıvan Müəllimlər İnstitutunda 2021/2022-ci tədris ilinin ikinci yarımilində müxtəlif sahələrdə nailiyyətləri ilə fərqlənən tələbələrin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
İnstitutun rektoru Azad Novruzov dövlətin qayğısı və diqqəti ilə təhsilalanlar üçün yaradılmış yüksək şəraitdən danışıb, mövcud infrastruktur, maddi- texniki baza və kadr potensialının təhsilalanlar və təhsilverənlər üzərinə xüsusi məsuliyyət qoyduğunu diqqətə çatdırıb.
Rektor müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik və bacarıqlarını daim inkişaf etdirmələrinin vacibliyinə diqqət çəkib, nailiyyətləri ilə fərqlənən tələbələri təbrik edib, onların timsalında bütün tələbələri institut həyatında yaxından iştirak etməyə, intellektual və idman yarışlarında, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.
İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tələbələrin asudə vaxtlarının təşkili istiqamətində görülən işlər, elmi katibi Qurban Qurbanlı isə tələbə elmi tədqiqat işlərinin işlənməsi vəziyyətinə dair məruzə ilə çıxış edib. Bildirilib ki, ötən tədris ilində tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə institutdaxili və muxtar respublikada gənclərlə iş sahəsi üzrə fəaliyyət göstərən müxtəlif təşkilatlarla birlikdə müxtəlif səpkili tədbirlər, proqramlar həyata keçirilib, onların intellektual oyunlarda, diskussiyalarda, kitab müzakirələri və müsabiqələrdə, eyni zamanda idman yarışları və festivallarda kütləvi iştirakı təmin edilib, tələbələrin böyük bir hissəsi elmi tədqiqat işlərinə cəlb olunub.
Sonra 2021/2022-ci tədris ilinin ikinci yarımilində görülmüş işlərə, qazanılan nailiyyətlərə həsr edilən videoçarx nümayiş olunub.
Sonda uğurları ilə seçilən tələbələr diplom, sertifikat və tərifnamələrlə mükafatlandırılıb.
|
|
23.06.2022 | 11:05 | |
|
|
|