“İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri bəlli olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qalibləri təbrik edərək bildirib ki, gənc alimlərin stimullaşdırılması Pedaqoji Universitetin strateji inkişaf planında qarşıya qoyulan hədəflərə çatmaq üçün tətbiq olunan vasitələrdən biridir və bu tədbirlər gələcəkdə daha da böyük kontingenti əhatə edəcək.

 

Universitetin elm və innovasiyalar üzrə prorektoru, müsabiqəni təşkil edən Elm komissiyasının sədri, professor Asəf Zamanov isə qeyd edib ki, müsabiqəyə ADPU və filiallardan, ümumilikdə 13 gənc tədqiqatçı müraciət edib, onlar arasından humanitar elmlər, dəqiq və təbiət elmləri olmaq üzrə iki nominasiyada qaliblər seçilib. Humanitar elmlər üzrə I yerə İlkin Əsgərov və Sevinc Quliyeva, II yerə Taleh Cəfərov layiq görülüb. Dəqiq və təbiət elmləri nominasiyası üzrə birinci yer tutulmayıb, nominasiya üzrə Gülnar Əlizadə II yerə, Ülkər Baxşıyeva isə III yerə layiq görülüblər.

 

Prorektor vurğulayıb ki, namizədlərin qiymətləndirilməsi tədqiqatçının çap olunan elmi əsərləri, habelə nüfuzlu elmi jurnallarda dərc edilən məqalələri, dissertasiya işinin müdafiə vaxtı, respublika və beynəlxalq elmi konfranslarda iştirakı, habelə universitetin ictimai həyatında fəallığı və elmi-təşkilati fəaliyyəti kimi kriteriyalar əsasında aparılıb.

 

Müsabiqənin qaliblərinə pul mükafatı və müvafiq diplomlar təqdim olunub.

 

 



22.06.2022 | 13:34