Qlobal dünya nizamına təhdidlərə qarşı beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

Ötən həftə Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi - IX Qlobal Bakı Forumunun açılışı oldu.

 

“Qlobal dünya nizamına təhdidlər” başlıqlı Forumun mövzusu olduqca geniş və vacib idi. Forumda qlobal dünya nizamına təhlükə yaradan  mühüm problemlər, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası, iqlim dəyişikliyi, ərzaq böhranı kimi çeşidli mövzularda səmərəli müzakirələr aparıldı.

 

Təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları bu gün hamını düşündürən mövzudur və qlobal gündəlikdə əsas yer tutması o deməkdir ki, dünyada hazırkı geosiyasi vəziyyət bütün ölkələri ciddi şəkildə narahat edir, bu baxımdan münaqişələrin aradan qaldırılması, müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səylərin birləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

 

Və sevindirici haldır ki, ölkəmiz son illərdə dünya üçün əhəmiyyətli məsələlərin müzakirə ünvanına çevrilib, xüsusilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri diqqətdə saxlayan, geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan biri olub, sürətlə dəyişən dünyanın qayğılarını araşdıran, təhlil edən, qərarlar verən əlverişli bir platforma kimi özünü təsdiq edə bilib. Sonuncu noyabr forumundan sonra ortaya çıxan yeni beynəlxalq məsələlərə münasibət zərurəti ilə toplanan Forum 50 ölkədən yüksəksəviyyəli nümayəndəni növbəti dəfə bir araya gətirdi, hər bir ölkənin üzərinə düşən məsuliyyət, öhdəlik müəyyənləşdirildi, beləliklə, Bakı Forumu siyasi aktuallıq  baxımından mühüm tədbir kimi yadda qaldı. 

 

Bu aktual Forumda Azərbaycanın təhlükəsizliklə bağlı, Avropanın hazırda üzləşdiyi məsələlərə, enerji təhlükəsizliyi, ərzaq böhranı, miqrantlar probleminə baxışı olduqca maraqlı idi, çünki Azərbaycan ərazisində uzun illər mövcud olan münaqişəni təkbaşına həll etməklə həm sabitliyə, insan haqlarının qorunmasına, humanitar fəlakət olan qaçqınlar məsələsinin həllinə, regionun iqtisadi inkişafına və siyasi əməkdaşlığa mühüm töhfə verib, həm də öz nüfuzunu dünyada möhkəmlədib, sarsılmaz etimad qazanıb.

 

Azərbaycanın mövqeyini ifadə edən Prezident İlham Əliyev Forumda konkret təkliflər irəli sürdü.

 

Bunlar nədən ibarət idi?

 

Ondan ibarət idi ki, əgər dünyada ərzaq böhranı meydana çıxıbsa və bu vəziyyət həm də potensial miqrant problemi yaradacaqsa, üstəlik, enerji bazarında proqnozlaşdırılması çətin bir vəziyyət mövcuddursa-

 

-Beynəlxalq  institutlar, maliyyə institutları dərhal ərzaq böhranı ilə bağlı öz rollarını müəyyənləşdirməlidirlər.

- Xarici təşkilatlar, aparıcı ölkələr miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməlidirlər.

- Enerji bazarındakı vəziyyət ətraflı təhlil olunmalı, gərəkli addımlar atılmalıdır. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazar yaradılmalıdır.

- Müharibələrin baş verməməsi üçün dünya gücləri beynəlxalq səylərini artırmalıdır. Dünyanın münaqişəsiz və təhlükəsiz olması üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

 

Prezident İlham Əliyev Azərbaycanın fəal iştirak etdiyi OPEC+ formatında səylərin bu məsələlərə yönəldiyini diqqətə çatdırdı. Üstəlik, 44 günlük müharibədən sonrakı situasiyanın vacib xronikası yada salındı. Bu xronika ona görə lazım idi ki, hazırda gündəlikdə olan mövzularda Azərbaycan öz uğurlu nümunəsini bütün dünyaya göstərib. Qarabağ münaqişəsini həll etməklə regionda təhlükəsizlik üçün, sülh üçün yaxşı bir fürsət yaradıb, təhlükəsizliyə töhfə verib, Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf üçün gözəl zəmin yaradıb.

 

Azərbaycanın  sülh modelini seçməsi dünyanın təhlükəsizliyi üçün addımlar atmasının isbatıdır. Hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və başqa prinsipləri irəli sürməsi də buna xidmət edir. Azərbaycan artıq özü tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və eyni addımın Ermənistan tərəfindən atılmasını gözləyir. Bu addım atılan kimi danışıqlar başlayacaq. Sərhədlərimizin delimitasiyasına başlanılması ilə bağlı proses də start götürüb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutub. Azərbaycan hesab edir ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

 

Azərbaycan Brüssel formatında keçirilən görüşlərdə mövqeyini etibarlı şəkildə ortaya qoyub: Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycan çoxmillətli ölkədir və bütün millətlərin nümayəndələri, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər bərabər hüquqa malikdir.

 

Forumda bütün bunlarla bərabər Ermənistanın nümayiş etdirdiyi davranışlar da açıqlandı. Həm Qarabağın statusu məsələsində həvəsləri, həm kommunikasiyaların açılması məsələsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən qaçmağa çalışması, ATƏT-in Minsk qrupu formatına qayıdış cəhdləri haqlı tənqid olundu.   

 

Cənubi Qafqaza sülh nə zaman gələcək?

 

Prezident İlham Əliyev bu suala konkret cavab verdi: “Əgər hər iki tərəf xoş məramla çalışsa, sülh sazişini bir il ərzində imzalaya bilsə, Qafqaza sülh gələcək. Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir”.

 

Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir?

 

Bu sual da maraqlı idi və Prezident qəti olaraq bildirdi: “Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər? Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin də mövqeyi aydındır ki, biz dialoq və təmaslara start verməliyik”.

 

Bu, Azərbaycanın sülh və sabitlik üçün mövqeyinin aydın mənzərəsi idi.

 

İndi isə baxaq, Azərbaycan qlobal gündəliyin digər aktual məsələlərindən olan enerji təhlükəsizliyinə son illər necə töhfə verir?

 

Azərbaycan bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirib və gələcək addımlarını müzakirə edib. Ölkəmizin karbohidrogen ehtiyatlarına dünyada tələbat artır və bu məqsədlə Avropa Komissiyası ilə enerji dialoquna start verilib. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Məlumdur ki, bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var və bir il yarımdan sonra 700 meqavatdan artıq külək və günəş enerjisi həcmi istifadə oluna biləcək. Bu, yalnız başlanğıcdır. Potensial daha böyükdür, artıq 4 qeqavat enerji həcmi ilə bağlı razılaşma da imzalanıb, üstəlik, təkcə Xəzər dənizinin potensialı 157 qeqavatdan ibarətdir. Bu, nəhəng həcmdir, şübhəsiz ki, Azərbaycan yaşıl enerji zonasına çevriləcək və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi söz sahibi olacaq.

 

Beləliklə, IX Qlobal Bakı Forumunun ortaya qoyduğu yekun nəticə konkret bundan ibarət oldu: təhlükəsiz dünyaya töhfə vermək bütün dövlətlərin işidir və bu yolda qarşılıqlı çalışmaq başlıca şərtdir.

 

V.ALLAHVERDİYEVA

 



21.06.2022 | 15:46