Gələcəyə çalınan “Son zəng”

Bir çox anları geri qaytarmaq, yenidən yaşamaq imkansızdır. Məktəb illəri kimi... Məktəb bizim həyatımızda çox önəmli illəri əhatə edir. Məktəb bizi ağuşuna alır, bəsləyir, bilik-bacarıqlarımızı artırır, şəxsiyyət kimi formalaşdırır, gələcək müstəqil həyata hazırlayır. Bütün bunlar bizim həyatda mövqeyimizi müəyyənləşdirir, bizə ilham verir, yolumuza işıq olur. Bunun nəticəsidir ki, məktəbi çox illər əvvəl bitirsək belə, hər ilin “Son zəng” günündə duyğusal anlara köklənirik. Orta məktəb həyatına qayıdırıq...

 

“İndi isə 11-cilər üçün sonuncu zəng çalınır” ifadəsi hər bir məktəbin “Son zəng” tədbirində səsləndirilir və ardından da zəng vurulur. Bu səs insan həyatının unudulmaz illərinin carçısı, həyəcanlı anlarının zümzüməsi kimi ətrafa səs salır. Hər insanın düşüncəsində böyük xatirələr oyanır, məktəbə getdiyi ilk gün, ilk müəllim, sinif yoldaşları və orada keçirdiyi illər xəyalında canlanır. Geriyə baxdıqda ötən illərin qüruru, fəxarəti, doğmalığı xatırlanır. Yenidən uşaq olmaq, o günlərə qayıtmaq, o zamana dönə bilmək hissi baş qaldırır düşüncələrdə.

 

Təbii ki, hər kəsdən fərqli olaraq bu günə 11-ci siniflər daha həssasdır və xüsusi hazırlıq görürlər. Onların gəldiyi bu mərhələ müstəqil həyata atılmalarına vəsilə olur. Buna görə də məzunlarda həssas duyğulara qapılmaqdan savayı, həm də fərəh, sevinc dolu hisslər yaşanır. Məktəblərdə bir canlanma yaranır, kimisi şeir, mahnı axtarır, kimisi ssenari hazırlayır, müxtəlif formada maraqlı əyləncəli səhnəciklər planlayırlar. Bu ilin məzunları bizim keçirdiyimiz hisslərdən daha fərqli hisslər keçirir. Onlar daha çox xoşbəxt, məğrur, qürurlu görünür. Hər ilin bütün tədbirlərində, “Son zəng” günündə də hər kəsin dilində, arzularında “O gün olsun, torpaqlarımız işğaldan azad olsun, qoy şəhidlərimizin ruhları rahatlıq tapsın. Biz inanırıq ki, o gün uzaqda deyil” ifadələri əzbər formasında dildən-dilə gəzirdi. Bu dəfəki məzun günündə nə şagirdlərin, nə də müəllimlərin arzularında o kəlmə eşidildi və heç bir zaman eşidilməyəcək də! Onun əvəzinə “Şuşaya səfər zamanı”, “Qarabağda səfərdə olanda” cümlələri eşidildi və bundan sonra da bu formada davam edəcək.

 

O gün bu gündür ki, artıq məzunların hər biri ümidlə, coşqu ilə gələcək həyatlarnda, arzularında hədəflərinə doğru addımlamağı düşünür, işğaldan azad olunmuş ərazilərimizi abadlaşdırmaq, hətta məzunların əksəriyyəti müəllimlik peşəsinə yiyələnib Qarabağ bölgəsində  yaradılacaq təhsil ocaqlarında çoxlu sayda məzun yetişdirəcəyi haqqında planlar qurur, hədəflər düşünür, dilə gətirirlər. Şuşanın illər əvvəl orda döyüşən, doğma torpaqlarımız uğurunda şəhid olan, yaralanan nəslin davamçılarına qucaq açmasından, Qarabağla bağlı bitib- tükənməyən arzularını sevinc hissi ilə nəql edirlər. Eyni zamanda, bu il bütün məktəblərdə məzunlar “Vətən yaxşıdır” mahnısı ilə səhnəyə dəvət olunur. Hansı ki, bu mahnını eşidəndə hər birimizin ağlına torpaqlarımız uğrunda əzmlə, qorxmadan döyüşən, vətən üçün şəhid olan Xudayar və onun timsalında digər döyüşçülər yada düşür. Bu da  Qarabağın artıq azad nəfəs alma gerçəyini xatırladır.  Bir Azərbaycan vətəndaşı olaraq bundan o yana qürurverici hiss yoxdur.

 

Bildiyimiz kimi, “Son zəng” ifadəsi onbirincilərin həyatında təkcə sonuncu zəngin olduğu anlamına gəlmir. Bu, eyni zamanda, yaşamlarında yeni mərhələnin başlanğıcı, bitib- tükənməyən arzuların, hədəflərin reallaşmağına doğru gedilən bir aləmin astanasıdır. Bu zəng məzunları yeni müstəqil həyatla mübarizəyə, müvəffəqiyyətlərə yola salır. Onlara məktəbdə əldə etdikləri bilikləri, tərbiyəni növbəti həyat yaşamında da tətbiq etmələrini bildirir. Bu zəngin son olmadığı, təhsilin digər mərhələlərindəki zənglərlə əvəz olunacağının işarəsidir...

 

Tünzalə Quliyeva                                                                                                                                                                                                                                                                                                                                                          

 



15.06.2022 | 14:00