Naxçıvan Dövlət Universiteti ilə İstanbul Yeditepe Universiteti əməkdaşlığa başlayıb | |
I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Yeditepe Universiteti arasında görüş olub.
NDU-nun rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanları, beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib. Qeyd olunub ki, əməkdaşlıq universitetlər arasında bağlanılmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Rektor universitetin beynəlxalq əlaqələrində Türkiyə universitetlərinin xüsusi rolu olduğunu qeyd edib. Vurğulayıb ki, ali təhsil ocağı Türkiyənin 130-dan çox universiteti ilə beynəlxalq əməkdaşlığa malikdir. E.İsayev artıq bu tədris ilindən etibarən Yaponiya universitetləri ilə də beynəlxalq əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Yeditepe Universitetinin rektoru, professor Canan Aykut Bingöl 1996-cı ildə əsası qoyulan ali məktəbin ABŞ, Kanada, Rusiya, Cənubi Amerika başda olmaqla dünyanın 700-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olduğunu bildirib. Vurğulayıb ki, 13 fakültə ilə texniki sahədə kadr hazırlığını həyata keçirən universitetdə Tibb, İqtisadiyyat, Mühəndislik, Hüquq, Ədəbiyyat və digər ixtisaslar üzrə müasir akademik proqramlara uyğun ingilis dilində tədris həyata keçirilir. Professor diqqətə çatdırıb ki, universitet Türkiyədə ilk dəfə olaraq günəş enerjisindən yararlanaraq öz enerji ehtiyacını təmin edən ali məktəbdir.
Müzakirələrdən sonra tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilədə akademik məlumat və materialların mübadiləsi, akademik sahədə əməkdaşlıq, professor-müəllim heyətinin, tədqiqatçıların mübadiləsi, magistr və bakalavr sahələri üzrə mübadilə proqramları, birgə layihələr və tədqiqat əməkdaşlığını həyata keçirmək, mühazirələrin aparılması və simpoziumların təşkili müddəaları öz əksini tapıb.
|
|
20.06.2022 | 17:31 | |
|
|
|