NDU və I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı əməkdaşlığa dair protokol imzalayıb | |
I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti (NDU) ilə İ.M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.
NDU-dan bildirilib ki, I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyevlə görüşən rektor Elbrus İsayev qonağa rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Ali təhsil ocağının malik olduğu imkanlar, fakültələri, tədris olunan ixtisasları və beynəlxalq əlaqələri haqqında danışan E.İsayev xarici universitetlərlə ikili diplom layihəsi, tələbə-müəllim mobilliyinin ali təhsil ocağının beynəlxalq əlaqələr sistemində mühüm rol oynadığını diqqətə çatdırıb. Rektor ali təhsil ocağının Web of Science indeks bazalarına malik jurnallarla əməkdaşlığa başladığını qeyd edib. Vurğulayıb ki, bu cür əlaqələrin qurulması gələcəkdə professor-müəllim heyətinin öz elmi məqalələrinin nüfuzlu jurnallarda nəşri üçün əhəmiyyətli rol oynayacaq. E.İsayev qeyd edib ki, tibb fakültəsində təhsil alan tələbələr universitet xəstəxanasında təcrübə keçməklə bərabər muxtar respublika xəstəxanalarından klinik baza kimi istifadə edirlər. Gələcəyin həkimləri Türkiyə universitetləri ilə bağlanan müqavilələrə əsasən, orada təcrübə keçir, qardaş ölkə universitetlərinin təcrübəsindən yararlanırlar.
NDU-da olmaqdan məmnunluğunu bildirən İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev bu cür mötəbər foruma ev sahibliyi etdiyi üçün ali təhsil ocağının kollektivini təbrik edib, I Beynəxalq Tibbi Forumun yüksək səviyyədə təşkilindən danışıb. Rektor rəhbəri olduğu universitetin əsasının 15 may 2015-ci ildə qoyulduğunu qeyd edib. Vurğulayıb ki, filialın yaradılması haqqında qərar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib və ilk tədris ilində filialda dövlət sifarişi əsasında 100 tələbə Müalicə işi ixtisası üzrə təhsil almağa başlayıb. Bildirilib ki, filialda tədris fəaliyyəti I Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Rektor gələcək həkimlərin praktiki vərdişlərinin yaxşılaşdırılması və mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə filialın bazasında yaradılmış Simulyasiya Mərkəzinin fəaliyyətindən danışıb.
Görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub və protokol imzalanıb. Protokolda birgə layihələrin həyata keçirilməsinə dəstək, məlumatın təqdim edilməsi və mübadiləsi, elmi-təcrübi konfransların, forumların, seminarların təşkili, orada birgə iştirak, və digər əməkdaşlıq növləri üzrə məsələlər öz əksini tapıb.
|
|
20.06.2022 | 11:22 | |
|
|
|