Təhsil və məktəb psixologiyası: pedaqoji texnologiyanın nizamı

Məktəb və pedaqoji psixologiya nisbətən gənc elm sahələri olaraq son yarım əsrdə təhsil sisteminə daxil olub. Təlim və təhsilin sürətlə inkişaf edən bu istiqaməti bütün dünyada olduğu kimi, Azərbaycanda da genişlənməkdədir. Pedaqoji psixologiyaya dair ölkəmizdə son illər keçirilən elmi-təcrübi tədbirlər, layihələr öz aktuallığına görə seçilməyə başlayıb və geniş ictimaiyyətin də marağını cəlb edə bilir.

 

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil İnstitutu, “Məktəblinin dostu” və “Sağlam təhsil - sağlam millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda bu yaxınlarda keçirilən Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransın əhəmiyyətini xüsusi vurğulamaq mümkündür.

 

Bu aktual konfrans göstərdi ki, məktəb psixoloqlarının peşəkar inkişafına nail olmaq, bu sahənin mütəxəssislərinin və peşəkarlarının həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırmaq vacibdir.

 

Bu mənada tanınmış psixoloq Elnur Rüstəmovun rəhbərlik etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun pandemiya dövründə məktəb psixoloqlarının peşəkar inkişafı ilə bağlı həyata keçirdiyi layihələr, apardığı tədqiqatlar, nəşr etdirdiyi kitab və metodik vəsaitlər, eyni zamanda, qurumun beynəlxalq əməkdaşlığı məktəb psixoloqlarının peşəkar inkişafına müsbət mənada təsiri böyükdür.

 

Xüsusi olaraq qeyd olunmalıdır ki, bu istiqamətdə Təhsil Nazirliyi və onun strukturlarının rəhbəredici rolu çox böyükdür. Milli təhsildə sosial-psixoloji xidmətdə problemlər, perspektivlər bu dövlət qurumunun xüsusi nəzarətində olan məsələlər sayılır. Təhsil Nazirliyi məktəblərdə psixoloji işin təşkili sahəsində layihələri dəstəkləyir və bu istiqamətdə əməkdaşlığa hər zaman hazır olduğunu bildirir.

 

Məktəb psixoloqlarının öz peşə fəaliyyətlərində rastlaşdıqları əsas çətinliklər və onların həlli istiqamətində atılması vacib olan addımlara görə ictimai təsisatlardan, KİV, eləcə də vətəndaş cəmiyyətindən, QHT-lərdən dəstək gözləməkdə haqlıdırlar.

 

Ekspert, yaradıcı şəxs, təhsil yazarı və pedaqoji psixoloq kimi Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransında iştirak etmək mənə də qismət oldu. Mütəmadi iştirak etdiyim bu tipli tədbirlərdən fərqli olaraq, konfransın psixoloq-mütəxəssislərə verdiyi yeni bilgi və bacarıqları xüsusi qeyd etmək istəyirəm. Konfransdakı çıxış və məruzələr bu aktual məsələyə - məktəb psixologiyasına kreativ və innovativ yanaşmaları tələb etdiyi bir daha nümayiş olundu.

 

Biz həm də məktəb psixoloqları şagirdlərlə, valideynlərlə, geniş ictimaiyyətlə yaxından, birbaşa təmasda olduğumuzdan, cəmiyyətdə baş verən mənəvi-psixoloji prosesləri yaxından izləyə bilirik. Yeni nəsil nümayəndələrinin psixoloji aləmində baş verən böhranlı hallara qarşı aparılan fəaliyyətlərdə yerli və xarici təcrübələrdən yararlanmaq vacib olduğundan, konfransda iştirak edən həmkarlarımızla birlikdə fəallıq göstərir, bildiklərimizi paylaşır, yeni təcrübələrlə tanış olurduq.

 

Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),

Kəlbəcər rayonu, 37 nömrəli tam orta məktəbin psixoloqu, Prezident təqaüdçüsü

 

 



19.06.2022 | 12:20