MEK-də “Vikipediya” təlimləri

Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyası  (AMEA) institutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə start verilib. Təlimlər ənənəvi və AMEA Naxçıvan Bölməsi Elm və Təhsil şöbəsi, AMEA Şəki Regional Mərkəzi, eləcə də AMEA Gəncə Bölməsi üçün onlayn formatda baş tutacaq.

 

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, pandemiya bitdikdən sonra “Vikipediya” maarifləndirici təlimlərinə üç aydır,  yenidən başlanılıb. Alim “Vikipediya”nın həm dövlət, həm də vətəndaşlar üçün maraq doğurduğunu vurğulayıb və bu sahənin inkişafında ziyalıların üzərinə düşən öhdəlikdən danışıb. Baş direktor onu da qeyd edib ki, qalib ölkə - Azərbaycan haqqında informasiyanı düzgün şəkildə dünyaya çatdırmaq vətəndaş olaraq bizim borcumuzdur. Daha sonra baş direktor “Qorqud” Vikipediya Metodik Klubunun və klubun sədri, millət vəkili Elnur Allahverdiyevin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, o cümlədən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnur Eltürkün sözügedən təlimlərin keçirilməsində dəstəkçi olduqlarını vurğulayaraq onlara təşəkkürünü bildirib. M.Əliyev, həmçinin onu da qeyd edib ki, təlimdə iştirak edənlər sonda diplom və sertifikatla təltif olunacaqlar.

 

Tədbirdə çıxış edən  “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Azərbaycanda bu sahənin gücləndirilməsi və genişləndirilməsində MEK-in rolundan danışıb. Həmçinin bildirib ki, AMEA institutlarının əməkdaşları mütəmadi təlimlərə qatılaraq öz töhfələrini verirlər.

 

Daha sonra təlimçi Nuray Tanrıverdiyeva “Vikipediya”nın tarixinə nəzər salaraq, iştirakçıları təlimlər haqqında məlumatlandırıb.

 



19.06.2022 | 11:06