Müəllim hazırlığına müasir yanaşma

İyunun 11-də Gənc Müəllimlərin II Forumu keçirilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan forumun açılışında təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan 300-ə yaxın müəllim iştirak edib. Xatırladaq ki, Azərbaycan müəllimlərinin XV qurultayında irəli sürülən bir təşəbbüslə Gənc Müəllimlərin Forumu 2020-ci ilin fevralında işə başlayıb.Müəllimlərin bilik və bacarıqlarının artırılmasına xidmət edən forum gənc müəllimlərin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil edilir.

 

Qarşıdakı illər üçün 4 hədəf

 

Forumun təşkilatçısı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi və onların şəbəkələşməsi, eləcə də elmi-praktiki konfransların təşkilidir. Eyni zamanda, təşkilat gənc müəllimlər arasında innovativ yenilikləri təbliğ edir, müəllimlərin biri-birinə dəstək verməsinə imkan yaradır.

 

Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Əsədzadə rəhbərlik etdiyi təşkilatın növbəti iki il ərzindəki hədəflərindən danışıb: “Başa düşdük ki, biri-birimizə dəstək olmalı, daha böyük hədəflərə nail olmaq üçün şəbəkələşməliyik. Bunun üçün 4 hədəf müəyyənləşdirdik. Onlardan birincisi gənc müəllimlər üçün davamlı öyrənmək imkanlarının yaradılmasıdır. Bunun üçün daha az müddətdə daha çox fayda verməyin, fəaliyyətimizin qısa zamanda daha çox müəllimi əhatə etməsinin yollarını axtardıq.Bu məqsədlə hazırda 4 istiqamətdə xidmət edən onlayn platforma yaratdıq.İstiqamətlərdən biri beynəlxalq standartlara cavab verən şirkətlərin onlayn öyrənmə kurslarının Azərbaycan variantını yaratmaq idi və hazırda 20-yə yaxın platformada kurslarımız fəaliyyətdədir. Həmin kurslar özünü inkişaf etdirmək istəyən gənc müəllimlərin istədiyi vaxt xidmətindədir. Biz bu kurslarla zaman və məkan məhdudiyyətini aradan qaldırdıq, qısa zamanda yüzlərlə gənc müəllim üçün faydalı olduq”.

 

Gənc Müəllimlər Assosiasiyası tələbəlik illərinin çətinliklərini də qruplaşdırıb. Həmin çətinliklərlə indiki tələbələrin qarşılaşmaması üçün təcrübə mübadiləsinə məhz tələbələrdən başlamağa qərar veriblər: “III-IV kurslarda təhsil alan tələbələrin inkişafına dəstək olmaq məqsədilə bir sıra addımlar düşündük. Təşkilatımızın yaratdığı imkanlardan, kurslarımızın fəaliyyətindən onlar da yararlansın, müəllim olarkən təcrübəli olsunlar deyə III-IV kurs tələbələrinin də təşkilatımıza üzv olmalarına qərar verdik”.

 

Assosiasiya müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsi və təşəbbüslərinin dəstəklənməsini hədəfləyib: “Regionların hər birinin özünəməxsus ehtiyacları olduğunu müəyyənləşdirdikdən sonra 17 fərqli istiqamət ortaya çıxdı. Müəllimlərin fəaliyyətinin ilk illərində müşahidə olunan adaptasiya, valideynlərlə münasibət və şagird müəllim əlaqələrinin qurulması idi ki, platformamızda bu istiqamətdə müəllimlərə dəstək olacaq kurs yaratdıq. Akademik yazı bacarıqları və sənədləşmə işlərində də dəstəyə ehtiyacları olduğunu müəyyənləşdirdik və planımızı hazırladıq”.

 

“Gənc müəllimlər özlərini növbəti 30 ildə baş verəcək yeniliklərə hazırlamalıdırlar”

 

Forumda iştirak edən təhsil naziri Emin Əmrullayev müəllim peşəsinin məsuliyyətindən və təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıb: “Tez-tez təhsilin uzunmüddətli olduğundan və təhsildə uzunmüddətli qərarlar tələb olunduğundan danışırıq. Müəllimlərdə də eyni vəziyyətdir.  23 yaşlı müəllim öz fəaliyyətini orta hesabla 35-40 il davam etdirir. Karyera da çox uzun müddətdir, amma dəyişikliklər hər beşillikdə, hətta hər il baş verir. Gənc müəllimlərin “hər şey indiyədək necə olubsa, elə də davam edək”, deməsi, yəqin ki, doğru deyil. Növbəti 30 ildə Azərbaycan məktəbində olmağı planlaşdıran müəllimlər özlərini növbəti 30 ildə baş verəcək yeniliklərə hazırlamalıdırlar”.

 

Təhsil naziri müəllim peşəsinin çətinliklərinə diqqət çəkərək gənc müəllimlərə çağırış edib: “Bir çox məsələdə valideynlər sizi məsul bilib qınayacaqlar. Bu qınaqlara dözmək həm fiziki, həm psixoloji cəhətdən çətindir. Özünün, öz ətrafının, yaxınlarının problemləri ilə yanaşı, xalqın gələcəyi ilə bağlı problemlərin də həlli ilə siz maraqlanacaqsınız”.

 

Peşəsinin çətinliyindən ötrü müəllimə hər cür, o cümlədən metodiki və şəxsi dəstək lazım olduğunu vurğulayan nazir müəllimlərin onu alacağını da qeyd edib:  “Təhsil Nazirliyi olaraq çalışacağıq ki, bütün məsələlərdə sizə dəstək olaq və hər cür təsirdən, o cümlədən haqsız qınaqlardan sizi qoruyaq. Amma müəllim də öz məsuliyyətini dərk etməli, qarşısındakını başa düşməlidir. Ona görə də həm məktəb daxilində, həm məktəbdən kənarda müəllim adını daşımaq bir qədər ağırdır. Bu seçimi özünüz etmisiniz, əminəm ki, seçiminizdən peşiman deyilsiniz”.

 

Pandemiya dövründə müəllimlərin fədakarlıq göstərdiklərini vurğulayan nazir ölkəmizdə müəllimlərə göstərilən diqqət və qayğıdan danışaraq son illər dövlət sektorunda ən çox əmək haqqı artan müəllimlərdir, deyib.

 

Təhsil naziri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayaraq , müəllim hazırlığında olan problemlərə də toxunub: “Qəbul etməliyik ki, müəllim hazırlığında ciddi metodoloji problemlərimiz var. Müəllimlərlə danışanda görürsən ki, onlar özünü kimya, fizika, riyaziyyat üzrə mütəxəssis kimi qəbul edir. Amma bizə riyaziyyatı, kimyanı, fizikanı yaxşı bilən müəllim lazımdır. Riyaziyyatın tədrisi elmindən fərqli sahədir. Ona görə də riyaziyyat müəllimliyi ixtisası üzrə riyaziyyat biliyi olan müəllim hazırlanmalıdır”.

 

Nazirin qeyd etməyi vacib bildiyi ikinci məsələ məktəblə bağlı olub. Onun fikrincə, gənc müəllimlər məktəblərdə gördükləri problemləri tanımalı və həlli yollarını tapmalıdır.

 

Emin Əmrullayev müəllimləri gözləyən sertifikasiya məsələsinə də toxunub. Müəllimlərin böyük əksəriyyətinin bu prosesi uğurla keçəcəyinə inandığını bildirən nazir bunu pandemiya dövründə müəllimlərin onlar üçün tamamilə yeni olan bir şəraitdə heç vaxt məşğul olmadıqları bir şəkildə işinin öhdəsindən layiqincə gələrək göstərdilər: “Bu dövr onu göstərdi ki, Azərbaycan müəllimi bütün gözlənilməz çətinliklərə əlindən gəldiyi qədər hazırdır və müəllimlərin böyük əksəriyyəti  fədakarlıqla öz işinin öhdəsindən gəlmək, qarşılarına qoyulan hədəflərə çatmaq iqtidarındadırlar. Ancaq “ibtidai” sözünü “ipdidai, “qrup” sözünü qrub” yazan müəllimlərin də Azərbaycan məktəbində işi olmamalıdır. Çünki işinin öhdəsindən gələ bilməyən bir ibtidai sinif müəllimi 40 il ərzində orta hesabla 10 sinif buraxırsa, 800-900 insanın həyatını oğurlayır. Sözügedən şəxs riyaziyyat müəllimidirsə, 40 ildə minlərlə şagirddən söhbət gedir. Buna cəmiyyət olaraq yol verə bilmərik”.

 

“Təcrübəni isə məhz bu şəbəkədə qazana bilərsiniz”

 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənc müəllimlər Assosiasiyasının fəaliyyətinin çox vacib problemlərin həllinə yönəldiyini bildirib: “Peşənizlə bağlı ehtiyac duyduğunuz dəstəyi kitablardan tapa bilməzsiniz. Tapsanız belə, bu, nəzəriyyədir. Təcrübəni isə məhz bu şəbəkədə qazana bilərsiniz”

 

“Öz peşəsinin vurğunu olan müəllimlər uğur qazanır”,- deyən İ.Hacıyeva gənc müəllimlərə yaxşı müəllim olmağı arzulayıb.

 

Universitet təhsili dəyişən əmək bazarından geri qalır

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi təhsil müəssisəsinin 5 filialla ölkəmizdə ən geniş şəbəkələşmiş universitet olduğunu vurğulayıb. Gənc müəllimlər Assosiasiyasına bu şəbəkədən də istifadə etməyi təklif edib: “Bu gün müəllim peşəkarlığının inkişafının əsasında əməkdaşlıq, kommunikasiya, emosional zəka, kompüter və informasiya savadlılığı, təqdimat kimi yumşaq və sərt  bacarıqların təkmilləşdirilməsi dayanır. Dünya təcrübəsində də görünür ki, universitet təhsili dəyişən əmək bazarında gərəkli olan kompetensiyaları qazandırmaqda, çevikliyi təmin etməkdə qismən geri qalır. Digər peşələrdə olduğu kimi, müəllimlikdə də effektiv tədris bacarıqlarının inkişafı zaman tələb edir. İstər gənc, istərsə də təcrübəli müəllimlər yeni tendensiyalar, dəyişikliklər, yeni tədris metodları, texnologiyada irəliləyişlərə uyğun bilik və bacarıqlarını artırmalıdırlar”.

 

AGMA ilə Gənclər Fondu əməkdaşlıq edəcək

 

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, təmsil etdiyi qurum gənclərlə sıx əməkdaşlıq edir. O, AGMA ilə qarşılıqlı əməkdaşlıq baxımından da böyük potensialları olduğuna diqqət çəkib. Təhsil sahəsində bir çox layihələrin mövcudluğunu vurğulayıb: “Ölkə daxilində təhsil alan istedadlı sosial əsaslı kateqoriyadan olan gənclərimizin təhsil xərclərinin ödənilməsi proqramını həyata keçiririk. Son 3 ildə 1200-dən çox belə gəncin təhsil xərcləri müsabiqə əsasında ödənilib. Tələbələr üçün beynəlxalq təcrübə proqramlarımız, xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak, xaricdə təhsil proqramımız bu ildən Təhsil Nazirliyi tərəfindən geniş miqyasda icra olunacaq. Ən önəmli istiqamətimiz bütün gənclərin təhsildən və məşğulluqdan kənar həyatında da onların yanında olmaqdır”.

 

F.Cəfərov AGMA ilə yeni əməkdaşlıq formalarına da diqqət çəkib: “AGMA ilə Fond gənc müəllimlərin asudə vaxtının təşkili, fərdi inkişafı və s. baxımından birgə fəaliyyət təşkil edə bilər. Bu mənada AGMA ilə gənclərin fərdi inkişafı və gələcək karyerasının qurulması baxımından dəstəklənməsi, bu istiqamətdə təlimlərin keçirilməsi fonunda əməkdaşlıq edə bilərik. Çünki müəllimlər gənclərə təlim vermək üçün zəruri olan bütün kompetensiyalara, bilik və bacarıqlara  malikdir. Fond olaraq 55 şəhər və rayonda Karyera mərkəzləri fəaliyyət göstərir. Düşünürəm ki, həmin mərkəzlər gənc müəllimlərin fəal iştirakı nəticəsində regionda yaşayan gənclərin də inkişafında mühüm rol oynaya bilər”.

 

Fondun yaxın vaxtlarda AGMA ilə qarşılıqlı görüşlərinin gözlənildiyini də vurğulayan F.Cəfərov qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdikləri təlimçi bazası artıq çoxdan gənclərin yetişməsində rol oynamağa başlayıb.

 

Gənc Müəllimlər Assosiasiyasının layihələri qaliblər  cərgəsindədir

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva yeni olmasına baxmayaraq, Gənc Müəllimlər Assosiasiyasının layihələrinin artıq qaliblər  cərgəsində olduğunu, Agentliyə təqdim edilən layihələrinin maliyyələşdirildiyini vurğulayıb.

 

Forumda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Təhsil sistemində sosial və emosional bacarıqların inkişafı”, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin ikili diplom proqramının baş direktoru Tofiq Əhmədov “Təhsildə keyfiyyət mədəniyyəti nədir və ona necə nail olmalı”, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir əvəzi Rövşən Əliyev “Ən yaxşı məktəb yaradıcı şagirdlərlə innovativ və savadlı müəllimlərin vəhdətidir” və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədr müavini, poliqlot Aslan Məmmədzadə “Doqquz dildə danışmağı necə öyrəndim?” mövzularında məruzələrlə çıxış edib, müzakirələr aparıblar.

 

Forum gənc müəllimlərin çıxışları və tədris təcrübəsi ilə fərqlənən müəllimlərin təltif olunması ilə yekunlaşıb.

 

Ruhiyyə DAŞSALAHLI

 

 



17.06.2022 | 09:27