Sinfin idarə olunması: vəzifələr, tələblər

Təhsil hər bir şəxsin həyatında önəmli rola malikdir. Uşaqlıqdan yetkinlik dövrünə qədər  inkişaf yolu keçən, pərvazlanıb müstəqil həyata qədəm qoyan hər bir kəsin yaddaşına həmişəlik həkk olunan məktəb illərinin əsas memarı müəllimdir. Sinfi bir orkestrə bənzətsək, müəllim onu idarə edən dirijordur.

 

Müəllim sinifdə fəal tədris mühiti yaradan, bu prosesi idarə edən yaradıcı şəxs, eyni zamanda şagirdləri real həyata hazırlayan, onlara zəruri bilik və bacarıqlar aşılayan, sosiallaşmasına yardım göstərən liderdir.

 

Buna görə də o, ilk növbədə, şagirdlərin psixologiyasını, maraq və meyillərini öyrənməli, güclü, zəif tərəflərini müəyyən etməli və buna uyğun təlim forması və iş üsulları seçməlidir.

 

Müəllimin vəzifəsi şagirdlər arasından ən yaxşısını seçib onları yetişdirmək deyil, sinifdəki hər bir uşaqla çalışıb inkişafına nail olmaq, potensial imkanlarını üzə çıxarmaqdır. Ona görə də sinfin idarə olunmasında əsas hədəf sinfin nailiyyəti götürülməlidir.

 

Təcrübə göstərir ki, sinfin idarə olunmasında diqqət yetirilməli ən mühüm məsələlər kimi aşağıdakıları qeyd etmək olar:

1. Təlimin təşkili

2. Müəllim-şagird ünsiyyəti

3. Şagirdləri öyrənməyə sövq edən motivasiya

4. Nizam-intizamın qorunması

5. Sinfin idarə olunmasında valideynin rolu

 

Təlimin təşkili

 

Sinfin idarə olunması 45 dəqiqəlik dərsin hər bir saniyəsindən səmərəli istifadə olunmasından başlayır. Bu isə müəllimdən dərsə hazırlıqlı olmağı, strategiyalardan düzgün istifadə etməyi tələb edir. Müəllim əvvəlcə sinifdə öyrədici mühiti təşkil etməlidir. Bura məzmunun mənimsənilməsi üçün istifadə olunan texnologiyalar, müəllim-şagird, şagird-şagird əməkdaşlığı və s. daxildir. Həmçinin öyrədici mühit elə təşkil olunmalıdır ki, şagirdlərə fikir mübadiləsi aparmağa, müəyyən bir məsələni müzakirə etməyə və  münasibət bildirməyə, fikirlərini sərbəst şəkildə ifadə etməyə imkan yaransın. Müəllimin mövqeyi şagirdlərin fikirlərinə hörmətlə yanaşmaq, onlarda özlərinə inam hissini artırmaqdır.

 

Deyilənlər belə bir qənaətə gəlməyə imkan verir ki, sinfin idarə olunması - müəllimin dərs vaxtından səmərəli yararlanmaq, şagirdlərdə müsbət davranışlar formalaşdırıb inkişaf etdirmək üçün sinifdə həyata keçirdiyi tənzimləmə fəaliyyətidir. Ancaq bu fəaliyyət zamanı müəyyən pedaqoji tələblər nəzərə alınmalıdır. Təlimin təşkilində aşağıdakı ümumi pedaqoji tələblərin nəzərə alınması vacibdir:

 

  • * pedaqoji prosesin tamlığı;
  • * təlimdə bərabər imkanların yaradılması;
  • * şagirdyönümlülük;
  • * inkişafyönümlülük;
  • * fəaliyyətin stimullaşdırılması;
  • * dəstəkləyici mühitin yaradılması;
  • * inklüzivlik;
  • * məktəb-valideyn əlaqələrinin tənzimlənməsi.

 

Sadalanan tələblər təlim prosesində kompleks şəkildə tətbiq olunduqda şagirdlər həm fənn proqramlarında nəzərdə tutulan zəruri bilik və bacarıqlara yiyələnir, həm də onların öyrənmə motivasiyası artır və nəticədə hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşır.

 

Müəllim-şagird ünsiyyəti

 

Sinfin idarə olunmasında əsas göstəricilər müəllimin pedaqoji qabiliyyətlərinin inkişafından asılıdır. Pedaqoji qabiliyyətlər dedikdə, şəxsi pedaqoji, didaktik və təşkilati-kommunikativ qabiliyyətlər nəzərdə tutulur. Şəxsi pedaqoji qabiliyyətlərə uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək), həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək; didaktik qabiliyyətlərə müəllimin izah edə bilmək, ekspressiv nitq (natiqlik), nəzəri (akademik) biliklər; təşkilati-kommunikativ qabiliyyətlərə təşkilatçılıq, kommunikativlik, perseptiv (daxili aləminə nüfuz edə bilmək), pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya və s. daxildir. Bu pedaqoji qabiliyyətlər kompleks şəkildə tətbiq olunduqda şagirdlər bilik və bacarıqlarla yanaşı, həm də əxlaqi-tərbiyəvi, milli-mənəvi dəyərlərə yiyələnmiş olurlar.

 

Müşahidələr göstərir ki, eyni sinifdə dərs deyən müəllimlərdən bəziləri sinfi digər həmkarlarından daha yaxşı idarə edir. Həmçinin eyni sinifdəki şagirdlər müəllim dəyişərkən, yəni digəri ilə əvəz olunarkən əvvəlkindən fərqli davranış nümayiş etdirirlər. Maraqlısı budur ki, müəllim də, şagird də özünə qarşı sevgi, hörmət gözləyir. Lakin şagirdlərdən fərqli olaraq müəllim gözlənilən sevgini, hörmət hissini özü yaratmalıdır. Şagird sevgisi müəllimin bu sahədə qazandığı uğurun nəticəsidir.

 

Sinfin idarə edilməsində uğurun əldə olunması müəllimin geyim tərzinə diqqət yetirməsi, baş verə biləcək situasiyalara psixoloji cəhətdən hazır olması, səbir, təmkin göstərməsi, düzgün qərar qəbul etməsi, istər şagirdlər, istərsə də ətrafındakılarla mədəni ünsiyyət qurması, tədris etdiyi fənni dərindən bilməsi və onu şagirdlərə aydın şəkildə çatdırmaq üçün əlverişli üsullardan istifadə  bacarığına malik olmasından asılıdır.

 

Məktəbin ilk iki həftəsi müəllimlərin tətbiq edəcəyi qaydaları və gözləntilərini müəyyən etmək üçün həlledici vaxt hesab olunur. Şagirdlərlə dəstəkləyici və tərbiyəedici münasibətlərin inkişaf etdirilməsi (buraya öz emosiyalarını idarəetmə, qərar verərkən səbirli və məsuliyyətli olmaq, müəllim tərəfindən yaradılan qaydaların şagirdlər tərəfindən dəstəklənməsi və s. daxildir) müəllimin idarəetmədə qazandığı uğurdur.

 

İdarəetmədə humanizm müəllim fəaliyyətinin leytmotivi olmalıdır. O, nəzərə almalıdır ki, hər bir şagird şəxsiyyətdir və ayrı-ayrılıqda onların hər birinə şəxsiyyət kimi yanaşılmalıdır. Belə bir hərəkət müəllim-şagird münasibətlərində müəllimə hörmət qazandırır və onun nüfuzunu artırır.

 

Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq müəllimin vəzifələrindəndir. Deməli, müəllim dəyər daşıyıcıdır və o, bu dəyərləri şagirdlərinə ötürməyi bacarmalıdır. Təlim prosesində hər bir şagirdin qavraya biləcəyi şəkildə bu vəzifələri yerinə yetirmək müəllimdən yüksək peşəkarlıq tələb edir.

 

Müəllim bu gün fəaliyyət göstərməklə gələcəyi qurur, gələcəyin təməl daşlarını qoyur. O, öz fəaliyyəti ilə keçmişin sınaqlarından süzülüb gələn elmi, mədəniyyəti yeni nəslə ötürür və gələcəyi nəzərə almaqla onlarda yeni bilik, bacarıq və vərdişlər formalaşdırır. Keçmiş nəsillərdən miras qalan yaxşılıqları, dəyərləri gənc nəslə aşılamaqla yanaşı, onların yerinə yetirə bilmədikləri, lakin Vətən, millət, xalq üçün gərəkli olan bir çox problemlərin gələcəkdə həll edilməsi məqsədilə onlarda ən zəruri qabiliyyətlər yaradır. Həm də təkcə bununla kifayətlənməyib, onları mənimsəmək motivləri də formalaşdırır.Bu motivlərə  daxildir:

 

* Mən sizə güvənirəm.

* Özünüzlə öyünə bilərsiniz, çünki…

* Sizin köməyinizə ehtiyacım var.

* Sən mənim üçün önəmlisən.

* Bu barədə nə düşünürsünüz?

 

Şəxslərarası münasibətlər və ünsiyyət həm təlim-tədris prosesi, həm də şagirdlərin sosial-emosional inkişafı üçün vacibdir. Müəllim şagirdlərin fərqli xüsusiyyətlərini olduğu kimi qəbul edir və tədricən öz idarəetmə strategiyası ilə onları vahid məcraya gətirir. Bu, qarşılıqlı anlaşma və hörmət əsasında olmalıdır. Müəllimlərin etik davranış qaydalarına pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və s. daxildir.

 

Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, əsassız mühakimələrə yol verməməli, obyektivlik və qərəzsizlik nümayiş etdirməlidir. Bu məsələ qanunlarımızda, dövlət sənədlərində də əsaslandırılmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (“Təhsilverənlərin vəzifələri”ndə) təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək diqqət mərkəzində saxlanılır.

 

Şagirdləri öyrənməyə sövq edən motivasiya

 

Sinfin idarəolunmasında şagirdləri öyrənməyə sövq edən motivasiyanın rolu olduqca vacibdir. Motivasiya - insanı aktiv olmağa sövq edən mühüm amillər toplusudur. Müəllimlər tərəfindən tez-tez belə suallar səsləndirilir: Motivasiya nə üçün lazımdır? Motivasiyasız dərsə başlamaq olmazmı? Müşahidələr göstərir ki, müəllim tərəfindən məqsədli və düzgün qurulan motivasiya şagirdi məsuliyyətli olmağa, dərsə hazırlıqlı gəlməyə, dərsdə fəallıq göstərməyə, suallar verməyə, müzakirələrdə iştirak etməyə sövq edir. Düzgün motivasiya olunmayan şagird mütəmadi olaraq dərsdən yayınır, keçilən dərsə diqqətlə qulaq asmır, diqqətini yayındırır və ya kənar hadisələrə yönəldir, ev tapşırığını yerinə yetirərkən çətinliklə qarşılaşdıqda cavab axtarmaq istəmir. Buna görə də dərslər ona  maraqsız görünür.

 

Təlimdə uğur qazanmaq üçün müəllim sinfindəki şagirdlərə yaxşı bələd olmalı, onları hərtərəfli tanımalıdır. Bunun üçün məktəb psixoloqunun köməyi ilə şagirdlərlə diaqnostik testin keçirilməsi də məqsədəuyğundur. Şagirdlərin maraq dünyası, asudə vaxtlarda məşğuliyyəti və s. bu kimi suallardan tərtib olunan testlər vasitəsilə şagirdlərin iç dünyasına daxil olmaq mümkündür. Testin nəticələrinə əsasən şagirdləri təxminən bu şəkildə qruplaşdırmaq olar:

 

  • 1. Dərs oxumağa meyli olanlar;
  • 2. Telefona, sosial şəbəkələrə meyil salanlar;
  • 3. Sinif həyatı darıxdırıcı göründüyü üçün küçəyə, dostlarla vaxt keçirməyə meyil göstərənlər və s.

 

Belə qruplaşma bunu deməyə əsas verir ki, sinifdəki 30 nəfər şagirdi vahid məxrəcə gətirmək, yeni dərsə cəlb etmək üçün motivasiyanın yaradılması zəruridir.

 

Motivasiya davamlı proses olmalı, dərsin müəyyən bir mərhələsi ilə yekunlaşmamalıdır. Çünki 45 dəqiqə ərzində şagirdin diqqəti yayına bilər. Məsələn, şagird tapşırıqların yerinə yetirilməsi zamanı ətrafındakılara baxır, onların nəticələri ilə maraqlanır. Özünə uyğun, özündən artıq və özündən aşağı nəticələr gördükdə motivasiya enir, yəni şagird ruhdan düşür.

 

Şagirdlərinizə dünyanın ən yaxşı dərsliklərini təklif etsəniz də, kifayət qədər motivasiya olmasa, onlar oxumağa və zəhmətə həvəs göstərməyəcəklər. Hər bir şagirdin öz motivasiya üsulu var. Şagirdlər arasında fərdi fərqlər nəzərə alınmaqla onlar motivasiya edilməlidir. Müəllimlər buna nəzarət etməli və şəxsi motivasiyanı təmin etməlidirlər.

 

“Güclü ol”, “Bacarıqlı ol” deməklə yaradılan motivasiyada da şagirdin potensialı, qavrama gücü nəzərə alınmalıdır. Bilmək lazımdır ki, motivasiya çox yüksək olduqda əks-təsir göstərə bilir. Motivasiya zamanı şagird “Mən nə üçün bunu bilməliyəm?”, “Bu mənə nə üçün lazımdır?” suallarına cavab tapmalıdır. Bu sualları cavablandırmaq üçün müəllim sinfə müraciət etməli, müzakirə aparmalı və bu zaman şagirdlər üçün öyrənilən mövzunun gərəkliliyi, əhəmiyyətliliyi aydın olmalı, aşkarlanmalıdır. Şagirdin diqqəti daim təlim materiallarına yönəldilməlidir. Müəllim şagirdlərdə özlərinə inam yaratmaqla onları təlimə həvəsləndirməyə çalışmalıdır. Şagirdin dərsə həvəslənməsi ilkin şərtdir.

 

Müəllimin sözləri ilə davranışları arasında uyğunsuzluq motivasiyanın azalmasına səbəb olur. Müşahidələr göstərir ki, dəstəkləyici sinif mühiti şagirdlərin  akademik nailiyyətlərinə kömək edir.

 

Dərsdə motivasiyanın artmasında, nizam-intizamla bağlı arzuolunmaz halların qarşısının alınmasında qiymətləndirmənin obyektivliyi də təsir göstərir. Qiymətləndirmə aparılarkən əvvəlcə müsbət cəhətlər qeyd edilməli, daha sonra isə səhvlərin başvermə səbəbləri müəyyən olunmalı və üzərində şagirdlərlə birgə iş aparılmalıdır. Müəllimin məqsədi şagirdi uğura həvəsləndirmək, onda öyrənməyə maraq yaratmaq olmalıdır.

 

Nizam-intizamın qorunması

 

Sinfin idarə olunması müəllimin təlim prosesində şagirdlərlə davranış strategiyasıdır. Strategiyaların həyata keçirilməsində məqsəd şagirdlərin dərsdə iştirakını və ictimai davranışını yaxşılaşdırmaqdır. Bu strategiyaların tətbiqi təlim mühitindən, şagirdlərin mənimsəmə səviyyəsindən, psixoloji durumundan asılıdır.

 

Sinfi səmərəli idarə edən müəllim nizam-intizamı yaradır və davamlılığını təmin edir, öyrənmənin dəyərini artırır və sosial-emosional inkişafı təşviq edir. Mənfi davranışı isə azaldır və dərsə sərf olunan vaxtı artırır.

 

Sinfin tələb olunan səviyyədə idarə oluması üçün aşağıdakı məsələləri də nəzərdə saxlamaq  lazımdır:

 

  • * Müsbət  sinif mühiti yaratmaq və təşviq etmək.
  • * Şagirdlərin dərsə marağını artırmaq üçün  bağlılığını artırmaq.
  • * Şagirdlərə fərdi sosial bacarıqları öyrətmək və həvəsləndirmək.
  • * Qeyri-sosial davranışların və qarşılıqlı əlaqələrin qarşısını almaq və idarə etmək.

 

Sinfin idarə olunmasında yol verilən nöqsanlar problemli nəticələrə səbəb ola bilər. Məsələn, həddindən artıq nəzarət antisosial davranışa təhrik edər və  onu daha da şiddətləndirər, müəllim-şagird münasibətini dəyərsizləşdirər, öyrənmə və davranış arasındakı əlaqəni zəiflədər,  bununla da dərsə marağı, məsuliyyəti azaldar.

 

Şagirdlərin sinifdə davranışlarını tənzimləmək sinif idarəçiliyində mühüm ölçüdür. Dərs yükünün ağırlığı, müəllimin izahının aydın olmaması, öyrənmə potensialının zəifliyi, ev mühiti, həmyaşıdları ilə münasibəti, sosial mühitin mənfi təsiri və s. kimi amillər sinifdə arzuolunmaz şagird davranışlarının yaranmasına gətirib çıxarır. Arzuolunmaz davranışları yaradan səbəblərlə bağlı müəllim tərəfindən atılan səhv addımlar bunlardır:

 

  • 1. Fərdi fərqləri nəzərə almaması;
  • 2. Cəza tətbiq etməsi;
  • 3. Gözlənilən davranışlara əməl etməməsi;
  • 4. Demokratik sinif mühiti yarada bilməməsi;
  • 5. Şagirdin yaradıcılığının qarşısını alması;
  • 6. Fiziki zorakılıq və təhdidlər göstərməsi;
  • 7. Şagirdlər arasında ayrı-seçkiliyə yol verməsi, haqsızlıq etməsi;
  • 8. Şagirdləri tənqid etməsi, danlaması, həvəsdən salması;
  • 9. Şagirdlərin qabiliyyətlərindən yüksək fəaliyyət gözləməsi;
  • 10. Vaxtdan düzgün istifadə etməməsi;
  • 11. Təcrübəsiz olması, təlim metodlarından məqsədəuyğun istifadə etməməsi;
  • 12. Şagirdlərlə ünsiyyət qura bilməməsi;
  • 13. Uğursuzluq qorxusu və özünə inamın olmaması;
  • 14. Qiymətləndirmə zamanı obyektivliyi nəzərə almaması.

 

Bütün deyilənləri nəzərə alaraq, aşağıdakılara əməl edilməsini müəllimlər üçün faydalı bilirik:

 

  • * Şagirdlərin məktəb və ya sinif qaydalarını pozan davranışlarına biganə qalmayın.
  • * Həddindən artıq sərt və ya  fiziki cəzalardan istifadə etməyin.
  • * Şagirdlə ciddi narahatlığınız varsa, problemləri təkbaşına həll etməyə çalışmayın. Məktəb psixoloqu və ya xüsusi təhsil mütəxəssisi ilə məsləhətləşin.

 

Sinfin idarə olunmasında valideynin rolu

 

Valideyn-müəllim arasında qarşılıqlı anlaşma yolu ilə yaranan əməkdaşlıq sinif idarəçiliyinin effektivliyinin artırılmasına təsir edir, uşaqlar üçün faydalı öyrənmə mühitinin yaranmasına səbəb olur.

 

Valideynlərin sinfin idarə olunmasında iştirakı şagirdin təhsildə uğur qazanmasında, eləcə də davaranışlarının korreksiya olunmasında, tənzimlənməsində  mühüm rol oynayır. Çünki həm müəllimlər, həm də valideynlər şagirdin uğurunda maraqlıdırlar.

 

Valideynlərin könüllü olaraq sinfin idarə olunmasında iştirakı həm də ailə və məktəb arasındakı əlaqəni mülayimləşdirir. Valideynlər nə qədər çox bilsələr, övladlarının təhsilinə bir o qədər lazımi şəkildə dəstək verəcəklər. Ünsiyyətin davamlılığı, açıqlığı və faydalılığı valideynləri fəal saxlamaq üçün çox vacibdir. Müəllimlər uşaqları üçün planlaşdırılan fəaliyyətlər haqqında fikir almaq və rəy istəmək üçün mütəmadi olaraq valideynlərlə əlaqə saxlamalıdırlar.

 

Valideynləri təhsili dəstəkləməyə cəlb etmək üçün onları övladlarının nailiyyətləri barədə məlumatlandırmaq lazımdır. Bu, şagirdlərin gündəliklərində formativ qiymətləndirmənin nəticələrinin qeyd olunması, telefonla əlaqə, təkbətək görüş, maarifləndirici seminarların təşkili və s. kimi üsullardan istifadə etməklə mümkündür.

 

Onu da xüsusilə qeyd etmək istərdik ki, artıq valideyn iclaslarının da mahiyyəti dəyişməlidir. Şagirdin təlim nəticələri və ya davranışları barədə valideynə fərdi şəkildə məlumat verilməlidir.

 

Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq “Şagirdlərdə iradənin formalaşdırılması yolları”,“Ailənin mədəni dəyərləri və onların uşaq üçün əhəmiyyəti”, “Uşaq aqressivliyi”, “Yeniyetməlik dövründə uşaqların yaş və psixoloji xüsusiyyətləri” və s. mövzularla bağlı valideyn iclaslarının keçirilməsi məqsədəuyğundur.

 

Problemin aktuallığı. Müasir dövrdə sinfin idarə olunmasına dair yeni yanaşmalar zamanın tələbidir. Bu baxımdan məqalə aktuallığı ilə diqqəti cəlb edir.

 

Problemin elmi yeniliyi. Sinfin idarə olunmasında təlimin təşkili, müəllim-şagird ünsiyyəti, şagirdləri öyrənməyə sövq edən motivasiya, nizam-intizamın qorunması və valideynin rolu kompleks şəkildə təqdim olunur.

 

Problemin praktik əhəmiyyəti. Məqalə təhsil menecmentləri, müəllimlər və  gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

 

Bibixanım İBADOVA,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri

 



17.06.2022 | 10:36