Məktəbli 1 milyon dollarlıq təhsil qrantı qazandı

Gürcüstanın  Batumi şəhərindən olan məktəbli David Djinçaradze  Əbu-Dabi  Nyu-York Universitetinin (New York University Abu Dhabi - NYUAD) bir milyon dollarlıq təhsil qrantını qazanıb.  Bu haqda mətbuata açıqlamasında D.Djinçaradze özü deyib. Batumidə yerləşən  “XXI əsr”  özəl  gimnaziyanın XII  sinif şagirdi adıçəkilən universitetdən rəsmi məktub alıb.   “Bu il məktəbi bitirdikdən sonra mən Əbu-Dabidə təhsilimə davam edəcəyəm, politologiya  və beynəlxalq münasibətləri,  həmçinin  jurnalistikanı öyrənəcəyəm.  Əbu-Dabi Nyu-York Universiteti  mənim təhsil, Əmirliklərdə yaşamaq və digər xərclərimi tamamilə maliyyələşdirəcək,  bunlar isə 1 milyon ABŞ dollarından çoxdur”, - deyə D. Djinçaradze bildirib. Onun sözlərinə görə, universitetə seçim kifayət qədər ciddi keçib. Bir neçə  həftə əvvəl David  Əbu-Dabiyə baş çəkib və müvəffəqiyyətlə müsahibədən keçib. Və nəticədə ali məktəbin gələcək 150 tələbəsindən biri olmaq üçün bütün dünya ölkələrindən olan  10 min iddialı arasından fərqlənə bilib. Ötən il  batumili məktəbli  FLEX mübadilə proqramı çərçivəsində  Floridada (ABŞ) olub.  Təhsillə yanaşı,  David Batumi televiziyası və  yerli “Georgia Today” qəzeti ilə əməkdaşlıq edir. 

 

Nyu-York Universiteti 2010-cu ildə Əbu-Dabidə öz filialını açıb.  NYUAD bakalavriatura və magistratura proqramlarını təklif edir. Tədris ingilis dilində aparılır. NYUAD bütün dünyadan ən istedadlı tələbələri axtarır, onları  təqaüdlər və qrantlar şəklində maliyyə dəstəyi ilə təmin edir. Namizədlərin seçimi  internet-anket, testlər, portfolio, çoxsaylı esse və fərdi söhbətlərin köməyi ilə aparılır.

 

David əvvəlcə Skandinaviya ölkələrindən birində ali məktəbə daxil olmaq istəyib, ancaq sonra Əbu-Dabidə Nyu-York Universitetini seçib. Onun sözlərinə görə, NYUAD - dünyanın ən müasir universitetlərindən biridir, burada  müxtəlif ölkələrdən ən təcrübəli professorlar işləyirlər: “Mühazirələri çox savadlı və peşəkar insanlar oxuyur. Nümunə kimi mən Yunanıstanın parlament üzvünü və Avropa Birliyinin keçmiş nazirini misal çəkə bilərəm”.

 



02.03.2018 | 16:00