Diqqətli ol! MİNA VAR | |
Məlum olduğu kimi, xalqımızın bir dəmir yumruq kimi birləşməsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və yüksək peşəkarlığı sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Torpaqlarımız işğaldan azad olundu. Böyük qayıdış üçün real imkanlar yarandı. Amma xalqımız böyük çətinliklərlə üz-üzə qaldı. İşğal altında olan yaşayış məntəqələrini düşmən xarabalığa çevirmiş, ərazilər minalarla bilərəkdən çirkləndirilmiş, təbii şərait ekoloji fəlakət səviyyəsinə çatdırılmışdır. Ən ağrılı problemlərdən biri odur ki, dinc insanlar minalardan həlak olur, əlillik qazanırlar. Bu, insanların doğma yurd-yuvalarına qayıdışı, regionun iqtisadi inkişafı və inteqrasiyası yolunda ən ağır əngəldir. Dövlətimiz nə qədər əlavə vəsait, texniki imkanlar və işçi qüvvəsi cəlb etməlidir, nə qədər vaxt və can itkisi olmalıdır ki, bu problemə son qoyulsun. Bu yolda hər kəs üzərinə düşən və imkanı olan işi görməlidir ki, irəli gedə bilək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə yerlərdə maarifləndirmə tədbirləri keçirilir.
***
Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə mina təhlükəsizliyi barədə maarifləndirici tədbir keçirilib. Əsas məqsəd gəncləri mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə məlumatlandırmaq, rəsmi və qeyri-rəsmi xəbərdaredici mina nişanları, təhlükəli ərazinin olduğunu bildirən əlamətlər, bələd olunmayan yerlərdə xüsusi davranış və minalardan qorunma qaydalarına əməl etmək, mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün bilik və vərdişləri aşılamaqdan ibarətdir.
Tədbirdə MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində əldə edilən tarixi Zəfərdən sonra “Böyük Qayıdış” məqsədilə işğaldan azad edilmiş doğma torpaqlarımızda görülən irimiqyaslı quruculuq və abadlıq işlərindən danışıb. Bununla əlaqədar olaraq, ərazilərdə minatəmizləmə əməliyyatlarının sürətlə həyata keçirildiyini qeyd edən rektor, xüsusilə Qarabağa çox sıx ziyarətlərin başlanıldığı hazırki şəraitdə insanlar arasında partlayıcı sursatlara qarşı maarifləndirmə işlərinin vacibliyindən söz açıb.
Görüşdə Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev çıxış edərək təhsildə aparılan islahatlardan, işğaldan azad olunmuş torpaqlarda gələcəkdə təhsilin təşkilindən, habelə gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsindən danışıb. Natiq həmçinin təhsil müəssisələrində mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının aktuallığı, insanların bu istiqamətdə məlumatlı olmasının əhəmiyyəti və təhlükə vəziyyətində atılmalı olan addımlar barədə ətraflı məlumat verib.
Minalanmış ərazilərdə təhlükəsiz hərəkət etmək qaydalarından bəhs edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov minaların növləri və formaları, onların ola biləcəyi yerlər, minaların gücü və insan sağlamlığına təsiri barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.
***
Balakən rayonunun təhsil müəssisələrində müəllim-şagird heyətinin mina və partlayıcı hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsinə dair “Metodiki tövsiyələr”in öyrənilməsi məqsədilə müşavirə keçirilib. Müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ələkbər Ələkbərov, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Balakən rayon şöbəsinin sədri Nəsibə Şibliyeva, Şəki-Zaqatala Regional
Təhsil İdarəsinin Balakən rayon sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin direktorları, gənclərin çağırışaqədərki hazırlığının rəhbərləri, Vətən müharibəsinin iştirakçıları və qaziləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon sektorunun müdiri Elçin Musayev açaraq Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanan “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin mina və partlayıcı hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsinə dair çap olunmuş “Metodiki tövsiyələr”lə müşavirə iştirakçılarını tanış edib.
ANAMA və Fövqəladə Hallar Nazirliyinin hazırladıqları videoçarx nümayiş edildikdən sonra FHN-in əməkdaşı Ə.Ələkbərov məsələ ilə bağlı müvafiq məlumatlar verib, müşavirə iştirakçılarının suallarını cavablandırıb. Ümumtəhsil məktəblərinin direktorlarına və hərbi rəhbərlərə mina təhlükəsizliyi ilə bağlı kitabçalar, bukletlər, plakatlar hədiyyə edilib.
Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev müşavirənin əhəmiyyətindən danışaraq istənilən genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən birinin məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olduğunu qeyd edib. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Mənfur düşmənlərimiz 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb. Müharibədən sonra bir çox azərbaycanlı şəxs hərbçi minaya düşərək həlak olub və yaralanıb.
Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük gərgin döyüşlərlə işğal altında olan torpaqlarımız azad olundu. Məcburi köçkün düşmüş vətəndaşlarımız tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İ.Rzayev çıxış edərək bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişinə əsasən, hazırda işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənməsi yerinə yetirilir.
***
Şəki Dövlət Regional Kollecində də maarifləndirici tədbir keçirilib. Müəllim, tələbələr, Təhsil və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının iştirak etdiyi tədbiri kollecin direktoru Sərdar Şərifov açaraq əmrin icrası ilə bağlı orta ixtisas təhsil müəssisəsində görülən işlər barədə məlumat verdi.
FHN nümayəndəsi kapitan Ələkbər Ələkbərov minaların və partlamayan döyüş sursatlarının iş prinsipləri, zədələyici təsirləri və onlardan qorunmağın yolları barədə ətraflı məlumat verərək, azad olunan ərazilərdə görülən işlərdən danışıb.
Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin, maarifləndirici tədbirlərin rolundan, ayrı-ayrı fənlərin tədrisində vətənə məhəbbət, dövlətçiliyə sədaqət kimi istiqamətlərə xüsusi diqqət yetirilməsinin vacibliyindən danışıb.
Sonra Təhsil və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları, kollecin rəhbərliyi Qarabağ müharibəsinin iştirakçıları - həmin təhsil müəssisəsinin tələbələri Şükür Kərimov, Əfqan Həsənov, Məhərrəm Məhərrəmov, Azər Cəfərov və Orxan Əzizli ilə görüş keçirib.
***
Zaqatala rayonu Suvagil kənd M.Nəzirova adına 1 nömrəli tam orta məktəbində “Mina təhlükəsinə dair maarifləndirmə” mövzusunda nümunəvi dərs keçirilib.
Nümunəvi dərsdə Suvagil kənd M.Nəzirova adına 1 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, kapitan, Qarabağ müharibəsinin veteranı Ramin Heydərov çıxış edərək məktəbdə mövzu ilə bağlı keçirilən tədbirlər, mina və partlamamış hərbi sursatlar haqqında şagirdlər və müəllimlərlə aparılmış maarifləndirmə işi haqqında məlumat verdi.
“Mina təhlükəsinə dair maarifləndirmə” mövzusunda videoçarx nümayiş etdirilib. Şagirdlərə və tədbir iştirakçılarına partlamamış hərbi sursatlar, qurğular və onların törətdikləri fəsadlar haqqında məlumat, həmçinin təhlükələrdən necə qorunmaq üçün məsləhətlər verilib.
Vətən müharibəsi iştirakçıları baş leytenant, Nasir Həsənov, qazi, leytenant, “Döyüşdə fərqləndiyinə görə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Şıxəmir Rəşidov döyüş xatirələrindən söz açıblar.
Məktəbin direktoru A.Soltanov kənd əhalisinin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edərək, bütövlükdə müzakirə edilən məsələnin aktuallığından, məsələ ilə bağlı müəllimlərin funksiyalarından, habelə valideyn iclaslarında onlara “Metodiki tövsiyələr”dən irəli gələn vəzifələrin izah edilməsi barədə danışıb.
Təhsil Nazirliyinin nümayəndəsi 44 günlük Vətən müharibəsinin qələbəsindən, Azərbaycan əsgərinin şücaətindən, zabitlərimizin peşəkarlığından, Azərbaycan xalqının həmrəyliyindən danışaraq, torpaqlarımızın mina və partlamamış hərbi sursatların qalıqlarından təmizlənməsinin vacibliyini vurğuladı, məktəblilərə maarifləndirici bukletlər təqdim etdi.
***
Qax rayonunun Nizami adına İlisu kənd tam orta məktəbində də “Mina təhlükəsizliyi” ilə əlaqədar maarifləndiriçi tədbir keçirilib.
Tədbiri Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qax sektorunun nümayəndəsi Babək Heydərov açaraq Vətən savaşından sonrakı dövrdə bu cür tədbirlərin keçirilməsi və ölkəmizdə insanların mina və PHS-lərin qurbanına çevrilməməsi üçün bu istiqamətdə tədbir və layihələrin həyata keçirilməsinin olduqca əhəmiyyətli olduğunu vurğuladı.
Məktəbin direktoru A.Məmmədova qeyd edib ki, bu tədbirin əsas məqsədi təhsil müəssisələrinin, o cümlədən bizim məktəbin müəllim-şagird heyətinin mina və partlayıcı sursatların təhlükəsizliyi, partlamamış hərbi sursatların və ehtimal olunan digər xoşagəlməz hallar üzrə və təhlükəsizlik tədbirləri haqda “Metodik tövsiyələr”ə əsaslanaraq maarifləndirmə işləri aparmaq idi.
Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşı Rövşən Ağayev qeyd etdi ki, bu mövzu ilə əlaqədar ölkənin bir sıra təhsil müəssisələrində Fövqəladə Hallar Nazirliyi və ANAMA ilə birlikdə tədbirlər həyata keçirilir. Təbii ki, indiki dövrdə, eləcə də gələcəkdə ölkə vətəndaşlarının mina və partlamamış, həmçinin atılıb qalmış hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi olduqca vacibdir. Bu cür tədbirlərin həyata keçirilməsində əsas məqsəd mina və partlayıcı sursatların təhlükəsizliyinə dair xəbərdarlıq etmək, onlarda mina və PHS ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri bilik və vərdişləri formalaşdırmaqdır.
FHN-nin əməkdaşı Ələkbər Ələkbərov minalar, partlayıcı maddələr, onların xüsusiyyətləri, iş prinsipi və təhlükələr zamanı davranış qaydaları haqqında ətraflı məlumat verdi, videoçarx və slaydlar nümayiş olundu.
Sonda tədbirin iştirakçılarına mina təhlükəsindən qorunmaq üçün maarifləndiriçi vasitələr təqdim olunub.
***
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrindən irəli gələn tələblərin icrası ilə əlaqədar Namiq Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseydə rayonun ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə iclas keçirilib.
İclasda Qax Rayon İcra Hakimiyyəti şöbəsinin müdiri Malik Həmzəyev, şəhid ailələrinin üzvləri Pərvanə Məmmədova, Məryəm Dursunova, Vətən müharibəsinin iştirakçıları Samir Rəşidov, Abdulla Tağızadə, Fuad Maqsudov, Şahin Abdurahmanov, Qamət Hacıyev və Polad Seyidov, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Qax rayonu üzrə nümayəndəsi Sara Xəlilova, “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva, rayon təhsil sektorunun metodisti Nəsimi Allahverdiyev, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, məktəblərin direktorları, həmçinin Qax şəhər 2 nömrəli liseyin müəllimləri və şagirdlər iştirak edib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qax rayonu üzrə təhsil sektorunun müdiri B.Heydərov məruzə ilə çıxış edərək görüşün əhəmiyyəti, mövzu ilə bağlı görülən işlər və yerli ümumtəhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə məlumat verdi.
FHN-nin əməkdaşı Ə.Ələkbərov mina təhlükəsizliyi ilə əlaqədar slaydlar nümayiş etdirərək minaların təsnifatı, növləri haqqında maarifləndirici məlumatlar verib. Eyni zamanda tədbirin məqsədindən bəhs edən kapitan mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizlik davranış qaydaları barədə danışaraq, bir daha sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamaq və dərhal “112” və “102” qaynar xətt”lərinə müvafiq məlumatların verilməsinin önəmini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşı Rövşən Ağayev çıxış edib.
***
Göygöl şəhər 1 nömrəli tam orta məktəbin 6a sinfində “Minadan qorunmağın yolları” adlı “açıq dərs” keçirilib.
Dərsdə Təhsil Nazirliyinin əməkdaşı Aydın Rəhimov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayon sektorunun əməkdaşları Seymur Əsgərov və Salman Balakişiyev, “Qarabağ əlillərinə qayğı” İctimai Birliyinin Göygöl rayon şöbəsinin sədri Araz Abbasov və digər şəxslər iştirak edib.
Dərs zamanı slayd və videoçarxlardan istifadə edərək minaların növləri, yarada biləcəyi təhlükələr, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfən ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımlar atılmasının vacibliyi haqqında məlumat verib. Qarabaq müharibəsinin iştirakçıları öz xatirələrindən şagirdlərə danışaraq bu təhlükənin hər yerdə rast gəlinə bilən və belə təhlükə aşkar olunarkən hansı addımlar atılmalı olduğunu qeyd edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
***
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Zamiq Hüseynov, Qazax-Tovuz Regional Təhsil idarəsinin Qazax təhsil sektorunun baş məsləhətçisi Əziz Məmmədov, məktəb direktorları, çağırışaqədərki hazırlıq fənni üzrə hərbi rəhbərlər, müharibə veteranları, qazilər, müəllimlər və şagirdlər iştirak edib.
Tədbir çərçivəsində ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətləri, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən animasiya nümayiş olunub. Təhsil Nazirliyinin nümayəndəsi təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələrin hazırlandığını qeyd edib. O, bildirib ki, bu tövsiyələrə uyğun olaraq məktəblərdə mütəmadi şəkildə mina təhlükəsi, onun fəsadları barədə şagirdlərlə maarifləndirici tədbirlər həyata keçirilməsi və bu tədbirlərin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyəti böyükdür.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı “Mina Təhlükəsi ilə Mübarizə” proqramının əsas komponentlərindən biri olan “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” proqramının fəaliyyət istiqamətləri barədə məlumat verib.
***
Ağstafa rayonunun ümumtəhsil məktəblərində mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilib. Tədbirə Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin 6b sinfində Arzu Budaqova tərəfindən keçirilən “açıq dərs”in müşahidəsi ilə başlanıldı.
Maarifləndirmə tədbirləri Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında keçirilən seminar - tədbirlə davam etdirildi.
Bu seminarda Vətən müharibəsi qaziləri Orxan Salıfov, Səməd Xəlilov, Murtuzəli Məmmədov, Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon Təşkilatının sədri Mirzahid Hacıyev, “Qızıl Aypara “ cəmiyyətinin Ağstafa rayon şöbəsinin nümayəndəsi Elçin Məmmədov, rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, çağırışaqədərki hazırlıq rəhbərləri, rayonun ümumtəhsil məktəblərində “Mina təhlükəsinə dair maarifləndirmə kursu”nu tədris edən müəllimlər, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları, 10-11-ci sinif şagirdlərindən ibarət 100 nəfərədək şəxs iştirak etdi.
Tədbiri giriş sözü ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov açaraq tədbirin məqsədini açıqlayaraq xüsusi əhəmiyyəti olduğunu qeyd etdi. Azərbaycan Respublikası Minalardan Təmizləmə Agentliyinin (ANAMA) əməkdaşı geniş təqdimatla çıxış etdi. Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon Təşkilatının sədri M.Hacıyev, Vətən müharibəsi qazisi O.Salıfovun çıxışları dinlənildi.
Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
***
Tovuz şəhər N.Tusi adına tam orta məktəbin VIIc sinfində həyat bilgisi dərsində müəllim Aytəkin Müseyibovanın rəhbərliyi ilə “Partlayan və partlamayan hərbi sursatlar” mövzusu ilə bağlı “açıq dərs” keçirilib. Bununla belə, rayonun Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbində eyni mövzuda məktəb direktorlarının, gənclərin çağırışaqədər hərbi hazırlıq rəhbərlərinin, yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunub.
Hər iki tədbirdə Təhsil Nazirliyi yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Qarabağ müharibəsinin iştirakçıları və qazilər, ANAMA-nın əməkdaşı Zamiq Aslanov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü iştirak və çıxış ediblər.
Tədbirlərdə müvafiq videoçarx və slaydlar nümayiş edilib və ümumtəhsil məktəblərinin direktorlarına, hərbi rəhbərlərə mina təhlükəsizliyi ilə bağlı kitabçalar, bukletlər, plakatlar hədiyyə edilib.
***
“Minalar və partlamamış döyüş sursatları” mövzusunda Samux rayonunun İ.Nəsimi adına Ziyadlı kənd tam orta məktəbində gənclərin çağrışaqədərki hazırlıq rəhbəri İsmayıl Quluzadə məktəbin X sinifində və Sərkar kənd N.Gəncəvi adına tam orta məktəbin biologiya-həyat bilgisi müəllimi Şəfəq Hümbətova isə VII sinifində mövzu ilə bağlı nümunəvi dərslər təşkil ediblər.
Dərslərdə mövzu ilə bağlı videoçarxlar nümayiş olundu. Qarabağ müharibəsi iştirakçısı Əhmədbəyli kənd tam orta məktəbin çağırışaqədərki hərbi rəhbəri, polkovnik-leytenant Elman Qurbanov və digər müharibə iştirakçıları, qazilər şanlı döyüş yolu barədə çıxış etdilər, öz döyüş təcrübələrindən, mina və partlamamış hərbi sursatların təhlükəsi ilə bağlı məlumat verdilər. Təhsil Nazirliyinin əməkdaşı Aydın Rəhimov ermənilərin əzəli torpaqlarımızı işğal etmələri, erməni vəhşilikləri nəticəsində xalqımıza dəyən maddi və mənəvi ziyan haqqında ətraflı məlumat verib.
Keçirilən tədbirlərdə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun müdiri Nurlana Həsənova, rayonun digər məktəb direktorları iştirak ediblər.
***
Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə” 2021-ci il 20 avqust tarixli əmrin icrası ilə bağlı Şəki şəhər 9 nömrəli tam orta, Yevlax şəhər 7 nömrəli tam orta, Balakən şəhər Nizami adına şəhər 1 nömrəli tam orta, Gədəbəy şəhər İlham Müzəffər oğlu Əliyev adına 1 nömrəli tam orta, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta, Oğuz rayon Padar kənd şəhid Arzu Əliyev adına tam orta, Beyləqan rayon Birinci Aşıqlı kənd tam orta, Xocavənd Qaradağlı tam orta, Xocavənd rayon Qaradağlı kənd tam orta, Tərtər rayon Qapanlı kənd tam orta, Daşkəsən rayon Əli İsmayılov adına Quşçu kənd tam orta məktəblərində və digər təhsil müəssisələrində də Təhsil və Fövqəladə Hallar nazirliklərinin, ANAMA-nın nümayəndələrinin, həmçinin Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub.
|
|
12.06.2022 | 12:09 | |
|
|
|