Fateh Sultan Məhmətin təhsili | |
Orta əsrlərdə istər müsəlman, istərsə də Avropa ölkələrində şahlar, sultanlar, imperatorlar və krallar övladlarının təhsilini və tərbiyəsini diqqət mərkəzində saxlayır, onların mükəmməl təhsil almaları üçün ən yaxşı müəllimləri seçirdilər. Makedoniyalı İsgəndəri xatırlamaq kifayətdir. O, “Dünyanın sonuna və Böyük xarici dənizə” şüarı altında müharibələrə başlayarkən, təsadüfən qələbələr qazanmırdı. Aldığı təhsil, yiyələndiyi bilik və təcrübə, gördükləri tərbiyə sayəsində buna nail olurdu. Bu sahədə yaxşı müəllim, tərbiyəçi az rol oynamır. İsgəndərin müəllimi qədim yunan filosofu Aristotel idi. İsgəndər 16 yaşına qədər böyük filosofdan dərs almışdı. Aristotel İsgəndərə və məktəb yoldaşlarına əxlaq, din, təbabət, fəlsəfə, məntiq və incəsənət dərsləri keçirdi. Böyük filosof İsgəndərdə Homerin yaradıcılığına, ələlxüsüs “İlliada” əsərinə dərin məhəbbət yaratmışdı. Aristotel hətta “İliada”nın izahlı nüsxəsini də ona hədiyyə etmişdi. İsgəndərdə əsərə maraq və ehtiyac o qədər güclü idi ki, həmin nüsxəni hərbi yürüşləri zamanı özü ilə də aparırdı.
Digər ölkələrdə olduğu kimi, dünyanın ən böyük və ən qüdrətli dövləti olan Osmanlı imperatorluğunda da Sultanların övladları, şahzadələr, xüsusən vəliəhdlər mükəmməl təhsillə əhatə olunur, bu məqsədlə dövrün ən savadlı müəllimləri və alimləri təlim və tərbiyə işlərinə cəlb edilirdilər.
Sultan II Murad xan Şahzadə Məhmətin yaxşı təhsil almasını və yetişməsini istəyirdi. Ona görə də erkən yaşlarından onun üçün savadlı müəllimlər seçib ayırmışdı. Həmin ərəfədə müqəddəs Məkkə ziyarətindən gələn ilk Osmanlı şeyxülislamı Molla Fənari Molla Güranini də özü ilə Ədirnəyə gətirmişdi. Sultan Murad xan şeyxülislam Molla Fənarini qəbul etdi. Söhbət zamanı oğlu Məhmət üçün savadlı bir müəllim axtardığını bildirdi. Bunu eşidən şeyxülislam dedi:
- Mən sizə ləyaqətli və dünyagörüşlü bir alimi və təcrübəli müəllimi məsləhət görərdim.
Sultan həmin şəxslə maraqlandı.
Şeyxülislam bildirdi: - Məsləhət bildiyim şəxs Molla Güranidir. Misirdə alimlərdən təlim alıb, təfsir, hədis və fıkıhda yüksək mərtəbəyə çatıb.
II Murad xan onun təqdimatından razı qaldı: - Çox gözəl, çox pakizə. Molla Güranini görmək istərdim.
Osmanlı şeyxülislamı Molla Fənari Sultanla görüşüb ayrıldı. Tez bir zamanda Molla Gürani Sultanın hüzurunda oldu. II Murad xan Molla Gürani ilə söhbətindən bu qənaətə gəldi ki, şeyxülislamın namizədi çox önəmli, savadlı və təcrübəlidir, Məhmətin təhsilini və tərbiyəsini ona həvalə edə bilər.
Molla Güranı əvvəlcə Bursa mədrəsələrindən birinə müəllim təyin olundu. Sonradan şahzadələrin təhsili ilə məşğul olmaq üçün Manisaya göndərildi. Həmin zamanlar şahzadə Məhmətin altı yaşı vardı, Manisa sarayında idi.
Molla Güranı dərslərini riyaziyyat, həndəsə, təfsir, hədis, fiqh, kəlam və tarix fənləri üzrə aparırdı. Fəqət atasının istəyinin əksinə olaraq Məhmətin oxumağa həvəsi yox idi. Müəllimini incidirdi. İtiağıl, dərrakəli, zəkalı olsa da, ərköyünlüyündən qalmır, məşğələ otağına gecikir, dərsin tez qurtarmasını səbirsizliklə gözləyir, təlimlər zamanı diqqəti yayınır, bəzən dərslərə hazırlıqsız gəlirdi.
Molla Güranı ona irad tutanda Məhmət qayıdıb deyirdi: - Oxumaq mənim nəyimə lazımdır? Mən böyüyəndə Sultan olacağam. Sultan yaxşı qılınc oynatmağı, nizə və ox atmağı, güləşməyi bacarmalı, düşmənləri yerində oturtmağı bilməlidir. Hə, bir də ölkəni idarə etməlidir. Mənə güləşməyi, ox atmağı, qılınc tutmağı öyrədin. Bu dərsləri mənasız hesab edirəm. Müharibəyə kitabla yox, qılıncla gedirlər! Biliklə yox, atla yola düşürlər!
Molla Güranı: - Ay oğul, sən Şahzadəsən! - dedi. -Şahzadə mükəmməl təhsil almalı, elmlərə vaqif olmalıdır. Dünyanın gərdişindən xəbər tutmalıdır. Ağlımızı nurlandıran təhsildir, elmdir. Təhsil həyata, kainata açıq gözlə baxmağımıza kömək edir. Sultana bilik almaq, elm öyrənmək birinci növbədə şahzadəyə lazımdır ki, ölkəni ağılla, dərrakə ilə idarə eləsin.
Məhmət laqeyd halda ona baxaraq: - Sizin dediklərinizdən mənim ağlım bir şey kəsmir, - dedi. -Mən gedirəm ox atmağa, qılınc oynatmağa. Həvəsim olanda gələrəm, dərs keçərik.
Məhmət qaçaraq getdi, Molla Güranı onun ardınca baxa-baxa qaldı. Son illər ərzində o, bir çox uşaqlara dərs keçmişdi. Uşaqlar da, ata-anaları da onun təlimindən razı qalmışdı. Amma Məhmətlə heç cür bacarmırdı. Elə öz bildiyini edirdi. Ona görə başqa çarəsi qalmadı. Sonra Sultanın yanında xəcalətli qalacaqdı. Hələ yəqin ki, Sultan üstəlik şeyxülislam Molla Fənariyə də irad tutacaq: “Tərifli müəllimin bu idi?” deyə soruşacaqdı.
Molla Güranı Sultan Murad xanın Manisaya gəlməsindən xəbər tutub çox pərt halda onun hüzuruna getdi. Sultan onu çox hörmətlə qəbul etdi: - Yaxın gəl, şərafətli müəllim! İşlər necə gedir? Bizim Məhmətin dərsləri nə yerdədir?
Molla Güranı belə təmtəraqlı qarşılanmadan sonra Məhmətdən şikayətlənməyi özünə ayıb saydı. Bilmədi ki, nə desin, nə danışsın.
Onun susduğunu görən Murad xan özü dilləndi: - Molla Güranı, cavab verməkdə nə isə çətinlik çəkirsən. Problem nədədir? Məhmət oxumur?
Molla Güranı dinmədi. Sultan yenə sözə başladı: - Əlbəttə, oxumur. Yoxsa nə problem ola bilər ki? Yəqin səni də incidir. Bu uşaqlar belədirlər. Ərköyün olurlar. Məhmət də dəlisovun biridir.
Sultan ani fikrə getdi. Sonra ayağa qalxıb əlini pərt, halı pərişan şəkildə sakitcə oturmuş Molla Güranınin çiyninə qoydu: - Ürəyinizi sıxmayın, çarəsini taparıq.
Ertəsi gün Sultan özü dərs keçilən otağa daxil oldu: Molla Güranı ayaq üstə idi, Məhmət əyləşmişdi, qarşısında kitab və yazı yazmaq üçün kağızlar vardı. Molla Güranı Murad xanın gəlişini gözləmədiyindən çaşıb qaldı, “Xoş gəldin” edib, mil dayandı.
Məhmət tez ayağa qalxdı. Sultan şahzadə Məhmətə müraciətlə: - Eşitdiyimə görə, oxumaq istəmirsən? Dərdin nədir? Şahzadə də savadsız olar?
Məhmət başını aşağı saldı. Murad xan sözünə davam etdi: - Bundan belə məcbur olub oxuyarsan.
Murad xanın işarəsi ilə içəri bir dəyənək gətirdilər. Murad xan Məhmətə: - Başını qaldır! - dedi.
Məhmət atasına qulaq asdı. Murad xan üzünü Molla Güraniyə tutdu: - Bu dəyənəyi gətirmişəm ki, Məhmət sənə qulaq asmayanda bununla onun aşını-suyunu verəsən. Eşidirsən, Məhmət?
Məhmət başı ilə təsdiq etdi. Sultanın işarəsi ilə dəyənəyi otağın küncünə qoydular. Sultan xudahafizləşib çıxdı. Məhmət narazı nəzərlərlə müəlliminə baxdı, amma heç bir söz demədi.
Günlər keçdi. Ərköyünlüyündən atasının xəbər tutması və üstəlik döyülmək qorxusu Məhməti dərslərə diqqət göstərməyə məcbur edirdi. Əvvəlki vaxtlara nisbətən az-çox dərslərinə fikir verirdi. Amma bu, müəllimini təmin etmirdi. O, Məhmətdən daha çox fəallıq və şüurluluq gözləyirdi. Təbii ki, Molla Güranı heç zaman dəyənəyə əl atmadı. Ağıllı, zəkalı və dərrakəli Məhməti kötəkləməyə onun əli gəlməzdi.
Məhmət də bunu hiss etmişdi. Bilirdi ki, atası icazə versə də, müəllimi ona əl qaldırmaz. Bu yenə onu arxayınlaşdırmışdı.
Sonradan onun təhsili əslən azərbaycanlı olan Məhəmməd ibn Şeyx Həmzəyə - Ağ Şəmsəddin əfəndiyə tapşırıldı. Ağ Şəmsəddin tanınmış din xadimi və alim idi. Zahirən və daxilən gözəl şəxs, dünya elmlərinə vaqif bir şəxsdi. Bəzi mənbələrdə onun Şam şəhərində, digər mənbələrdə isə, Şamaxı şəhərində doğulduğu bildirilir. Yetmiş il ömür sürmüşdü. Saqqalı ağappaq olduğundan və daim ağ libas geydiyindən ona Ağ Şəmsəddin, yaxud Ağ Şeyx deyirdilər.
Ağ Şəmsəddin Anadoluda məşhur təsəvvüf alimi Hacı Bayram Vəlinin müridi olmuşdu. Hacı Bayram Vəlidən təlim alan Ağ Şəmsəddin tez bir zamanda təsəvvüfün bütün sirlərinə yiyələnmişdi.
Hacı Bayram Vəlinin II Murad xanla şəxsi tanışlığı vardı. Sultan ona böyük dəyər verirdi. Bir gün II Murad xan hətta dörd yaşlı oğlu şahzadə II Məhməti də yanına alıb onun ziyarətinə getmişdi. Hacı Bayramın yanında ağ paltarda, ağ baş geyimində, dümağ saqqalda nurani bir şəxs də vardı. Hacı Bayram Vəli həmin adamı Sultana təqdim etdi: - Mənim ardıcılım Məhəmməd ibn Şeyx Həmzədir. Adına Ağ Şəmsəddin deyirlər.
Sultan söhbət zamanı Hacı Bayram Vəliyə: - Hacı, Konstantinopolu (İstanbulu) almaq mənim çoxdankı arzumdur! Amma hələ ki, buna nail ola bilməmişəm, -dedi. Sonra əlavə etdi. - Konstantinopolu İslam şəhərinə çevirmək istəyirəm.
Hacı Bayram Vəli dərhal cavab vermədi. Bir qədər fikirləşib ehtiyatla: - Çox gözəl arzu və istəkdir! Fəqət bu asan başa gəlməyəcək! Bu yolda çox qanlar tökülüb, səmərəsi olmayıb. Lakin Konstantinopolun bir zaman Osmanlı tərəfindən alınacağına mən də inanıram! Fəqət bunu nə sən, nə də mən görəcəyəm!
Sultan Murad xanın kefi pozuldu. Hətta bura gəldiyinə görə peşman oldu. Fikirləşdi: “Bu qoca xərifləyib deyəsən! Xeyir-dua vermək əvəzinə, nəs gətirir”.
Xudahafizləşib getmək istəyirdi ki, Hacı Bayram dörd yaşlı uşağı - Məhməti və Ağ Şəmsəddini göstərərək sözünə davam etdi: - Sultanım, cəsarət etdiyimə görə üzr diləyirəm. Doğru sözümdür. Konstantinopolun fəthini biz, yəni nə sən, nə də mən görəcəyəm. Lakin Şahzadə Məhmətlə mənim müridim Ağ Şəmsəddin görəcəklər!
Hacı Bayram Vəlinin bir zamanlar uzaqgörənliklə dediyi söz həqiqətə çevrildi.
Sultan II Murad xanın kefi duruldu. Ağ Şəmsəddin onda xoş təəssürat yaratdığı üçün onu II Məhmətin müəllimi vəzifəsinə məsləhət bildi. Lakin Məhmət nadincliyindən qalmırdı. Ağ Şəmsəddini də incidirdi. Onun hərəkətləri Ağ Şeyxi əsəbiləşdirirdi. Belə anlarda hövsələsini güclə basırdı. Dəyənək məsələsindən Ağ Şəmsəddinin də xəbəri vardı. Arada küncə qoyulmuş dəyənəyi Məhmətə göstərərək: - Bax səni cəzalandıracağam ha...
Şahzadə Məhmət də öz növbəsində nümayişkaranə şəkildə: - Mən Sultanın oğluyam, cəzalandıra bilməzsiniz! - deyə cavab verirdi.
Bir gün məlum oldu ki, dəyənək yoxa çıxıb. Ağ Şəmsəddin əlüstü başa düşdü ki, bu, Məhmətin işidir. Başa düşsə də, açıb-ağartmadı. Şəxsiyyətinə sığışdırmadığı üçün Ağ Şəmsəddin Murad xana şikayət edə bilmirdi. Son zamanlar Məhmət lap ağ eləmişdi. Dözə bilməyən Ağ Şəmsəddin vəziyyəti Sultana anlatdı. Bunu eşidən Sultan haldan çıxdı, amma tez toxdadı. Nə isə düşünüb fikrini Ağ Şəmsəddinə dedi. Ağ Şəmsəddin ona qulaq asıb başını yellədi: - Sultanım, məni əfv edin. Bunu bacarmaram. Yox, yox, nə danışırsınız?
Sultan təkid etdi: - Mənim dediyin olacaq! Ağ Şəmsəddin! Olacaq!
Ağ Şəmsəddin kor-peşman sarayı tərk etdi. Özündə-sözündə deyildi. Çıxılmaz vəziyyətdə qalmışdı. Ertəsi gün müəllimi ilə şagird arasında yenə söz-söhbət oldu. Ağ Şəmsəddin acıqlı halda dedi: - Məhmət, artıq səbrim tükənib. Cəza alacaqsan!
Şahzadə Məhmət qorxu-hürkü bilmədən onunla dilləşirdi: - Sultan oğlunu heç kim cəzalandıra bilməz!
Bu zaman qapı açıldı. Sultan II Murad xan daxil oldu. Ağ Şəmsəddin üzünü Sultana tutaraq: - Dərs gedir. Bu şəkildə sinfə girmək yaramaz! Xahiş edirəm, çölə çıxasınız! Nə zaman icazə versəm, onda gələrsiniz!
Sultan ayaq saxladı. Əlini sinəsinə qoyaraq üzrxahlıq etdi: - Bağışlayın, müəllim. Üzr istəyirəm, - deyib otaqdan çıxdı.
Gözləri qarşısında baş verən hadisədən Şahzadə Məhmətin matı-mutu qurudu. Donmuş və hərəkətsiz vəziyyətdə xeyli qaldı. Müəllim Məhmətin özünə arxa bildiyi şəxsi - qüdrətli Osmanlı dövlətinin Sultanını otaqdan çıxarmış, onu içəri buraxmamışdı.
Bu zaman qapı döyüldü. Ağ Şəmsəddin: - Buyurun, - dedi.
Murad xan müəllimin icazəsindən sonra otağa daxil oldu.
Murad xanla Ağ Şəmsəddinin planı öz təsirini göstərdi. Həmin gündən etibarən Şahzadə II Məhmət bir daha ərköyünlük və müəlliminə qarşı itaətsizlik etmədi, dərslərinə səylə hazırlaşmağa, yaxşı oxumağa, nümunəvi davranmağa başladı.
Şahzadə Məhmətin təfəkkürünün və dünyagörüşünün formalaşmasında və müsəlman inam və əqidəsinin möhkəmlənməsində İslam təhsilinin böyük rolu oldu. Şahzadə Məhmət sonralar öz təcrübəsində elmlərin təcrübəyə tətbiqinin islam epistemologiyasınin təsirindən bəhrələndi. Bu sahədə, təbii ki, Molla Güraniyə borclu idi.
Molla Gurani və Ağ Şəmsəddinin təlimi və təsiri şahzadə Məhmətin həyatının lap erkən illərindən güclü təsir buraxmışdı. Bu təsir, xüsusən onun islamdan irəli gələn - Konstantinopolu tutmaqla Bizans imperiyasına son qoymaq kimi önəmli vəzifəsinin yerinə yetirilməsi ilə nəticələndi.
Günlərin birində Molla Gürani gecənin bir aləmi yuxudan ayılıb baxır ki, Şahzadə Məhmətin otağının işığı sönməyib. Onu maraq götürür. Şahzadəni çalışan görür. Müəllimini görən şahzadə ayağa qalxır. Molla Gürani soruşur: - Şahzadəm, niyə oyaqsan? - Düşüncələrə qapılmışam. - Səni narahat edən nə? Hansı dərslə bağlı problemin var?
Şahzadə əvvəlcə cavab vermək istəmir. Bunu görən Molla Gürani irəli yeriyib stolun üstündəki kağızları gözdən keçirir. Onların sadəcə kağız parçaları olmadığını görən müəllimi heyrət götürür. Onlar Konstantinopolun gələcək fəth planları imiş, sən demə, şahzadə gecələr uzun müddət yatmır, fəth planları hazırlayırmış.
Şahzadə hələ ki, gizli saxladığı sirrin açıldığını görüb Molla Güraniyə:
- Ricam var. Hələlik bu, sirr olaraq qalsın! Bu məsələ uzun illər maraq dairəmdə olub. Konstantinopol səhabələr zamanından üzü bəri dönə-dönə mühasirəyə alınıb, fəqət fəth olunmayıb. Nə qədər qanlar tökülüb. Ulu babaş İldırım Bəyazid də, atam Sultan II Murad da bu işin öhdəsindən gələ bilməmişlər. Özümə rahatlıq-dinclik tapa bilmirəm, daim fikirləşirəm: “Konstantinopolu hansı yolla fəth etmək mümkün olar?”
Molla Gurani yetirməsinin düşüncələrini və planlarını bəyəndi və yüksək qiymətləndirdi, öz qənaətlərində israrlı olmasından, gələcəkdə uğurlar qazanmasından ötrü ona bəzi məsləhətlər verdi:
- Şahzadəm! Bu, çox böyük zəfər olar. Bu zəfəri qazanmaq üçün sənə uğurlar diləyirəm! Sən varissən. Osmanlı dövlətinin gələcək sultanısan! Mən həmişə istəmişəm ki, sən güclü, qüdrətli, uzaqgörən, adil və müdrik hökmdar olasan. Konstantinopol şəhərinin fəthini neçə əsr bundan qabaq həzrəti Məhəmməd peyğəmbər buyurmuş və demişdir: “Konstantinopol mütləq fəth olunacaq! Onu fəth edən sərkərdə - nə böyük sərkərdə, onu fəth edən əsgər nə böyük əsgərdir!”.
Mən inanıram ki, peyğəmbərimizin buyruğunu sən yerinə yetirə biləcəksən!
Şahzadə Molla Güraninin sözlərindən ruhlandı və illər ötdükcə həmin xeyir-duadan mənəvi güc və qüvvət aldı.
Sultan II Məhmət uşaqlıq və gənclik illərindən din, ədəbiyyat, fiqh, fəlsəfə, həndəsə, coğrafiya, təfsir, tarix, kəlam, riyaziyyat kimi elmlərə dərindən yiyələnmişdi. Ruhani təhsilini və tərbiyəsini əslən azərbaycanlı olan Ağ Şəmsəddindən almışdı. II Məhmətin Ağ Şəmsəddinə böyük hörmət və məhəbbəti vardı. Ağ Şəmsəddinə müəllim, alim, onun yaxın məsləhətçisi olmaqla yanaşı, həm də həkim idi. Ağ Şəmsəddin onu ruhən və mənəvi-psixoloji baxımdan Konstantinopolun gələcək fəthinə hazırlayırdı. 453-cü ildə Konstantinopol (İstanbul) fəth olunanda Sultan II Məhmət - fateh adını aldı. Ağ Şəmsəddin isə, onun tərəfindən Konstantinopolun mənəvi fatehi adına layiq görüldü.
Fateh Sultan Məhmət Avropa tarixinə və yunan filosoflarının həyatına dair zəngin məlumatlara yiyələnmiş, mükəmməl təlimlər almışdı. Həmin təlimlər şahzadənin mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
Heyrətdoğuracaq yaddaşı vardı, böyük maraq sahibi idi. Yüksək qabiliyyətlərinə görə zəmanəsinin ən savadlı şəxslərindən biri kimi tanınırdı. Hərbi işə marağı xüsusilə böyük idi. Misli görünməmiş hərbi sərkərdə və komandan kimi tanınırdı.
Şahzadə II Məhmət orta əsrin məşhur alimlərindən olan Molla Ayazdan da dərs almışdı. Şahzadə yunan, ərəb, fars, fransız, italyan, İndoneziya, latın, serb dillərində sərbəst danışırdı. Bu, ona görə lazım idi ki, gələcəkdə xanədanın başına keçəndə idarə edəcəyi məmləkətlərdən və əcnəbi ölkələrdən gələn elçilərə və dövlət xadimlərinə öz dillərində müraciət edə, onları başa düşə bilsin. Tarix və coğrafiya fənləri vasitəsilə Osmanlı sultanlarının və dünya cahangirlərinin həyatı və döyüş təcrübələri ilə tanış olmaq imkanı qazandı və lazım olan təcrübəni topladı. Onların uğurlarının və yol verdikləri səhvlərinin səbəblərini öyrəndi, təhlil süzgəcindən keçirdi. Nəticədə məqsədyönlü, planlı və sistemli hərəkətetmə fikrinin vacibliyinə əmin oldu.
Dini təhsili sayəsində özünün həyat tərzini, qanun və nizamını tənzimləyə bildi. Texniki biliklərə əsasən gələcəkdə müharibələri səmərəli aparmaq, çevik və sürətli hərəkət etmək, az itkiyə yol vermək üçün texnikalar, taktika və strategiyalar müəyyənləşdirə bildi. Hətta istirahət edərkən belə texniki işlərlə məşğul olmağa başladı. II Məhmət əcnəbi şəxslərdən çox şey öyrəndi. Manisa sarayında italyan humanist Anconal Giriaco və başqa italyanlar ona dərs demişdilər. Onlar qədim yunan filosoflarının həyatı ilə şahzadəni tanış edir, onun filosofların həyatlarına dair kitabları oxumasına nail olurdular.
Elmə, təhsilə, elm nümayəndələrinə böyük dəyər verirdi. Gələcəkdə filosofları öz ətrafına topladı. Onları dinləyir, fikirlərini öyrənir, öz qənaətlərini bildirirdi. Stoiklərin (e.ə. IV əsrin axırlarında Ellin mədəniyyəti fonunda kosmopolit və fərdiyyətçilik ideyaları və riyazi biliklər əsasında texnikanın inkişafı ilə bağlı yaranmış fəlsəfi təlimin nümayəndələrinə Stoiklər deyirdilər),Platon və Aristotelin təlimləri ilə yaxından tanış olurdu, prinsiplərini müzakirə edərdi.
Coğrafiya da Sultan II Məhmət xanın maraq dairəsində idi. Bizim eranın 2-ci minilliyinin təxminən 87, yaxud 100-ci ilində Misirin Hermi şəhərində doğulmuş Klavdius Ptolemey dünyada astronomiyanın, optika və coğrafiyanın inkişafında mühüm rol oynamışdı. Sultan II Məhmət xan Ptolemeyin elminə bələd idi. Yerin kürə şəklində olması qənaətinə gələn Ptolemey Yer kürəsinin xəritəsini hazırlamaqda idi. Beləliklə, Yer kürəsini müstəviyə proyeksiya etməyə müvəffəq olmuşdu.
Coğrafiyanı, Klavdius Ptolemeyi öyrənmək Sultan II Məhmət xana nə üçün lazım idi? O, fəth etmək fikrində olduğu ölkələrin coğrafiyasına yaxından bələd olmaq istəyirdi. Xəritələr hazırlatdırdı. Nəticədə Aralıq dənizinin, Egey və Adriatik adaları barədə hərtərəfli məlumata yiyələnməkdə, adıçəkilən dənizin və adaların boşluqlarından və dərinliklərindən xəbərdar oldu.
Sultan II Məhmət xan Konstantinopolu (İstanbulu) fəth etdikdən sonra təhsil və elm sahəsində islahatlar həyata keçirdi. Müasir İstanbul Universitetinin əsası məhz o zaman qoyulub. Onun inşa etdirdiyi təhsil müəssisələrinə Yer üzünün bütün bölgələrindən, ölkələrindən alimlər gətirilirdi. Konstantinopol (İstanbul) təhsil, elm, mədəniyyət və incəsənət mərkəzi rolunu oynamaqda idi.
Sultan II Məhmət xanın hakimiyyəti illərini təhsil və elmi sıçrayışlar dövrü kimi səciyyələndirmək mümkündür. Fateh bir yandan Konstantinopolun (İstanbulun) yenidənqurulmasına və iqtisadiyyatına, başqa bir tərəfdən, təhsil və elmin inkişafına xüsusi diqqət yetirirdi.
Sultanlığı dövründə II Məhmət xanın sarayında zəngin kitabxanası vardı. O, Ayasofya barədə yazılmış bütün kitabları oxumuş, Bizans imperiyasına aid kitablardan ibarət kolleksiya toplamışdı. Saray kitabxanasında Makedoniyalı İskəndərin tərcümeyi-halı olan Anabazisin nüsxəsi, Homerin “İlliadası” saxlanılırdı.
Fateh Sultan Məhmət Osmanlı imperiyasının savadlı, təhsilli, geniş dünyagörüşə malik, imperiyaya sadiq gənclərə böyük ehtiyac olduğunu yaxşı anlayırdı. Odur ki, bir-birinin ardınca qrammatika, məntiq, filologiya, fiqh, islam ehkamları və s. tədris edən təhsil müəssisələri (mədrəsələr) inşa etdirirdi.
Hazırda Topqapı Sarayının arxivində II Məhmətin şahzadəlik illərindən qalma qaralama dəftərləri saxlanır. Həmin dəftərlərdə latın və ərəb hərfləri, Roma büstlərini xatırladan insan rəsmləri və Osmanlı fiqurları əks olunub.
Biz bu məqalədə böyük tarixi şəxsiyyət, Osmanlı imperiyasının ən qüdrətli hökmdarlarından biri olan, Türk dünyasının fəxri və iftixarı Fateh Sultan Məhmətin təhsil illərini və təhsilə göstərdiyi qayğını əks etdirməyə çalışdıq. Fikirləşirəm ki, haqqında danışdıqlarımız pedaqoji ictimaiyyət və pedaqoqlar, o cümlədən gənc tədqiqatçılar üçün faydalı olacaqdır.
Akif ABBASOV, Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim
|
|
10.06.2022 | 12:20 | |
|
|
|