ADNSU ilə “Polymart” şirkəti arasında Əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Polymart” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə görüş keçirilib.

 

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, universitetin professor-müəllim heyəti, həmçinin “Polymart” MMC-nin təsisçisi və baş icraçı direktoru Rəşad Cabirli və nümayəndə heyəti iştirak ediblər.

 

Professor M.Babanlı birgə əməkdaşlıq istiqamətlərindən söz açıb, müəssisələrlə əlaqələrin, tələbələrin gündəlik təcrübə keçməsinin önəmini vurğulayıb. Rektor birgə tədris proqramlarının, praktiki mövzuların və yol xəritəsinin tərtib olunmasında elmlə təcrübənin tətbiqinin zəruriliyindən danışıb.

 

“Polymart” MMC-nin təsisçisi və baş icraçı direktoru R.Cabirli şirkət haqqında iştirakçılara ətraflı məlumat verib və universitetlə bir çox sahələr üzrə genişmiqyaslı əməkdaşlıq imkanlarının olduğunu bildirib.

 

Sonra tərəflər arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 

Qeyd edək ki, memorandumun əsas məqsədi tərəflər arasında onların fəaliyyət sahələri və ikitərəfli əməkdaşlıq qurmaqdır. Memoranduma əsasən, universitetin elmi-təcrübi layihələrinin istehsalatda təcrübi məqsədlərlə tətbiqi işinin təşkili, birgə əməkdaşlıq nəticəsində yeni məhsulların birgə istehsalının təşkili, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının həyata keçirilməsi, həmçinin qarşılıqlı elmi-praktiki fəaliyyətin təşkili nəzərdə tutulur.

 

 



09.06.2022 | 11:13