Ürəklərdə yaşar MÜƏLLİM | |
Yeni tədris ilinin başlanmasına sayılı günlərin qaldığı bir vaxtda acı bir xəbər respublikamızın təhsil ictimaiyyətini dərindən sarsıtdı. Bakıdakı “Zəngi” liseyinin direktoru, “Şöhrət” ordenli, Əməkdar müəllim Bayram Heydərovun vaxtsız vəfat etməsi xəbəri onun qurub yaratdığı təhsil ocağı, bütün təhsilimiz üçün böyük itki oldu. Azərbaycan təhsilində özünəməxsus əməyi olan bir ziyalı, məktəb təşkilatçısı kimi yaddaşlarda qalan, təhsil fədaisi, gözəl insan, fədakarlığı, qətiyyətli mövqeyi ilə seçilən mərhum direktorla vidalaşma mərasiminə qatılmaq üçün yollandığımız “Zəngi” liseyində dərin hüzn hökm sürürdü. Böyük itkinin acısını yaşayan məktəb kollektivi bu acı hadisə ilə barışmaq məcburiyyətində qalsa da Bayram müəllimin işıqlı xatirəsini əziz tuturdu...
Nigar Məmmədova, direktor müavini: - Çox çətindir onun barəsində danışmaq. Böyük itkidir. Azərbaycan təhsilinin inkişafında xidmətləri olan bir insanın itkisi doğrudan da ağırdır. Bayram müəllim elm fədaisi idi. “Şöhrət” ordeninə layiq görülmüşdü, çox gözəl, dəyərli bir insan idi. O, bizim mənəvi atamız idi. Allah ona rəhmət eləsin. Çox təəssüf edirəm ki, biz onu itirdik. Çox heyf.
Fəridə Səfərova, liseyin ingilis dili müəllimi, Əməkdar müəllim: - Bayram müəllimin yoxluğundan danışmaq çox çətindir. Çox gözəl insan idi. 20 ildən artıq onunla çiyin-çiyinə çalışmışam. Həqiqətən Bayram müəllim təhsil fədaisi, yenilikçi, uğurlarımıza bizdən daha çox sevinən insan idi. Nə iş görürdük xeyir-dua verirdi. Hər dəfə xarici ölkələrə tədbirlərə gedəndə bizi xeyir-dualarla yola salardı. Bilirdi ki, uğurlu bir səfər olacaq. Özünün dediyi kimi, bu liseyi 4 sinif otağından yaratmışdı. Ona görə də biz ona “Zəngi” liseyinin yaradıcısı deyirik. Ölkəmizin müstəqillik əldə etdiyi ilk vaxtlarda 4 sinif otağından başlayaraq bu gün gördüyünüz liseyi Bayram müəllim yaratmağa nail oldu. Çox zəhmətkeş, gecəsini- gündüzünə qatan, canını, sağlamlığını, bütün enerjisini təhsilə verən bir insan idi. Çox heyflər olsun ki, onu itirdik. Hələ də inanmaq istəmirik, ancaq həyatın qanunudur. Neyləmək olar. Yaxınlarına, əzizlərinə, liseyin bütün kollektivinə başsağlığı verir və səbir diləyirik.
Xanımqız Babayeva, tarix müəllimi: - Bayram müəllim çox gözəl insan idi. O, bizə böyük qardaş, müəllimlərə, şagirdlərə dayaq idi. Demək olar ki, Bayram müəllimin nəfəsi bizim üçün bəs idi. Hər şeyi doğru-dürüstlüyü ilə həll edirdi. Bir problem yarandıqda narahat olmazdıq, bilirdik ki, Bayram müəllim onu yoluna qoyacaq. Deyə bilərəm ki, o bizim dövrün ən gözəl maarifçilərindən biri idi. O böyük mübarizə ilə belə bir məktəb yaradıb. Azərbaycanın elə bir guşəsi yoxdur ki, “Zəngi” liseyinin yetirmələri orada çalışmasınlar. Hətta xarici ölkələrdən belə bizim yetirmələrimizin səsi gəlir. Bütün bunlar Bayram müəllimin əməyidir. Biz onun ətrafında birləşərək ona dəstək olmuşuq. Allah ona rəhmət eləsin, aliləsinə səbir versin.
Cəmilə Yusifova, dil-ədəbiyyat müəllimi: - Mən Bayram müəllim haqda keçmiş zamanda danışmağa çox çətinlik çəkirəm, çünki onu yanımızda hiss edirəm. O, bizim həyanımız, dəstəyimiz idi, şagirdlərin hər bir qayğısına qalardı, onların bütün problemlərinin həllində hamıdan əvvəl dəstək olmağa çalışardı. O, bizim məktəbin yaradıcısı, qurucusu, gələcəyinə işıq verən bir nur idi. Böyük bir insanı itirdik. Bizim üçün çox ağırdır, həqiqətən də o bu məktəbin atası idi, gələcəyini nurlu görən bir insan idi. Onun səsi həmişə hər yerdən gəlirdi, məkanı nurla dolsun.
Bayram müəllimlə vidalaşanlar arasında liseyin müəllim-şagird kollektivi, valideynlərlə yanaşı, ayrı-ayrı vaxtlarda bu təhsil ocağının məzunları, məktəbin yetirmələri olan və bu gün ona öz ehtiramlarını bildirən gəncləri də gördük. Onlar böyük üzüntü içində idilər, bölüşməyə sözləri çox idi. Onların məzun olmaları arasında fəqr 10 il təşkil etsə də biz deyilənlərdən belə bir nəticə əldə etdik ki, bu illər ərzində nəsillər dəyişsə də təhsilə göstərilən qayğı və diqqət bu liseyin davamlı uğurlarını təmin edib. Bu uğurların arxasında isə Bayram müəllimin yaratdığı tədris mühitinin, onun şəxsi iradəsinin xüsusi rolu olub.
Emil Osmanlı, liseyin 2008-ci il məzunu: - Mən bu liseyin 2008-ci il məzunuyam. O vaxtdan 10 il keçib. Hər il liseyimizlə görüşə gəlir, son zənglərdə iştirak edirdik. Dünən eşitdik ki, direktorumuz vəfat edib... Mərhum direktorumuzla son dəfə vidalaşmağı özümüzə borc bildik. Bayram müəllim tək direktor kimi deyil, həm də gözəl insani keyfiyyətləri ilə seçilirdi. Hər zaman hər hansı problemimiz olanda yanına gedirdik, bizi öz otağına dəvət edər, bizimlə söhbətləşərdi. Problemlərimizi onunla bölüşərdik. Çətinliklərimizin həlli üçün hər cür şərait yaradar və köməklik edərdi. O bu liseyi qurdu ki, genişləndirdi ki, uşaqlar üçün oxumağa daha çox imkan, həvəs yaransın. Daha keyfiyyətli tədris mühiti olsun. Mənim yadıma gəlir, o vaxt bizə ən güclü müəllimlər dərs deyirdi, məktəb digər təhsil ocaqları arasında ən rəqabətcil olması ilə fərqlənirdi. İndiki uşaqlar hazırlığa gedir, bizim vaxtımızda isə hazırlığa getməyə heç ehtiyac yox idi. Yəni, məktəbimizdə dərslər çox keyfiyyətli tədris olunurdu, təlim-tərbiyə, qayda-qanun, valideynlərlə münasibət çox yüksək idi.
Gülzar Şıxəliyeva, liseyin 2018-ci il məzunu: - Mən liseyin builki məzunuyam. Bayram müəllimlə bağlı deyiləcək xoş sözlər çoxdur. Bizim üçün çox ağır bir itki oldu. Allah yerini cənnət etsin. Bütün məktəb kollektivinin, müəllimlərin, şagirdlərin böyük dəyər verdiyi, qəlbində əziz tutduğu bir məktəb rəhbəri idi. Bizim üçün çox üzücü gündür. Bayram müəllimin yetirmələri olaraq biz gələcəkdə onun ümidlərini doğrultmaq, daha inamlı addım atmaq üçün əlimizdən gələni edəcəyik. Onun məzunları öz uğurları, topladıqları ballarla, fəaliyyətləri, sosial iştirakları ilə hər zaman fərqləniblər. Biz də bu məktəbin məzunları olaraq hər zaman liseyimizin, Bayram müəllimin adını uca tutmaq üçün əlimizdən gələni edəcəyik.
Müəllimlik elə bir ilahi missiyadır ki, yalnız bu adı layiqincə daşıyanlar onun zirvəsinə yüksələ bilirlər. Bayram müəllim kimi. Vaxtsız ölüm bu istedadlı, səmimi, qayğıkeş insanı, uğurlu məktəb təşkilatçısını aramızdan aparsa da, ölüm belə onun parlaq xatirəsi qarşısında acizdir. “Zəngi” liseyinin, onun yetirmələrinin bundan sonra da elm məbədinə gedən yolda öz uğur salnamələrini yazacaqlarına, təhsilimizə öz layiqli töhfələrini verəcəklərinə əminik.
Bu bir həyat fəlsəfəsidir ki, məktəb quran insanlar yaddaşlardan silinmir. Xatirələrdə, könüllərdə özünə əbədilik qazanır. Bayram müəllimin xatirəsi sevənlərinin qəlbindədir və həmişə yaşayacaq. Gözəl insan, bacarıqlı pedaqoq və rəhbər. Bayram müəllim bir çoxlarının yaddaşında məhz bu cür qalacaq.
Ruhun şad olsun MÜƏLLİM!
Oruc MUSTAFAYEV |
|
31.08.2018 | 15:01 | |
|
|
|