Təhsil işçilərinin sentyabr konfranslarında

Ənənəvi olaraq keçirilən sentyabr konfransları böyük pedaqoji şura kimi müəllimlərin müzakirə yerinə çevrilir. Təhsil işçiləri burada ötən ilin nəticələri barədə fikir mübadiləsi aparır, yeni dərs ilində qarşıda duran vəzifələrdən, onların həyata keçirilməsi yollarından danışırlar. Artıq bir  neçə gündən sonra ölkəmizdə yeni dərs ili qabağı təşkil olunacaq 2018-ci il sentyabr konfransları öz işinə başlayacaqdır. Adətən müəllimlərin, pedaqoji işçilərin uzun fasilədən sonra gözlədikləri bu tədbirə qatılmaları özlüyündə böyük təhsil hadisəsi olmaqla bir səfərbərlik təbili çalır. Bu ilin sentyabr konfranslarında nələr daha çox aktuallıq kəsb edəcək, müzakirələrin müstəvisinə çıxarılacaqdır?

 

Dünyanın mənzərəsi dəyişdiyi kimi onun mühüm atributlarından biri kimi təhsil də dəyişir. Cəmiyyətin böyük irəliləyişlərinin fonunda təhsil də, məktəb də daha çox inkişafyönümlü xarakter alaraq nəinki onu müşayiət edir, eyni zamanda qabaqlayıcı ideyaları, tədbirləri ilə ona töhfələr verməklə irəliləyişlərinə yol açır. Ölkəmizin də təhsil həyatında  bu dəyişiklik baş verməkdədir. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov bu dəyişiklikləri belə qeyd edir ki, “Müasir texnoloji yeniliklərlə əhatə olunduğumuz dünyada hər bir cəmiyyətin inkişafı, ilk növbədə, müasir tələblərə uyğun yüksək bilik və bacarıq potensialına malik kadrların mövcudluğundan asılıdır. Bu səbəbdən də Azərbaycan hökuməti vətəndaşları üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atmaqdadır”. Bu addımlar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan (2013), “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən (2016) irəli gələn vəzifələrin həlli istiqamətində islahat tədbirləri kimi həyata keçirilir. “Təhsil haqqında” Qanunda edilmiş dəyişikliklər də ölkə vətəndaşlarının təhsil şəraitini daha da yaxşılaşdırmaq missiyasından irəli gəlir.                                           

 

Prioritet istiqamətlər

 

Ötən ilin uğurları ölkədə həyata keçirilən sistemli və ardıcıl islahat tədbirlərinin nəticəsi kimi meydana çıxmışdır. Sentyabr konfranslarında bu nəticələr barəsində danışmaq gələcək fəaliyyətlərin stimullaşdırılması baxımından əhəmiyyətli hesab edilir. Bu zaman Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il üçün illik  hesabatına əsaslanmaq, oradakı ümumiləşdirmələrdən istifadə etmək, bölgədə əldə olunmuş nəticələrin təhlilini aparmaq və perspektivlərdən danışmaq tövsiyə olunur.

 

Məktəbəqədər təhsil sahəsindəki irəliləyişlər ötən ilin ən yadda qalan hadisələrindən hesab edilir. Belə ki, məktəbəqədər təhsilin keyfiyyət standartları  hazırlanmış, 5-6 yaşlıların məktəbə hazırlığının təşkili 65%-ə çatdırılmışdır. 2014-cü ildən ümumi təhsil sahəsində 140.000-dək müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçirilmiş və aylıq əməkhaqqı 2 dəfə artırılmışdır. Onlardan 41.360 nəfəri 2017-ci ilin payına düşür. Məktəb direktorlarının işə qəbulu sahəsində daha düzgün və şəffaf yanaşma nəticəsində 200 nəfər müsabiqə yolu ilə direktor vəzifəsinə qəbul edilmişdir. Müəllimlərin işə qəbulu sahəsində də müsabiqə böyük olmuşdur. Belə ki, müraciət edən 49.335 nəfərdən 5512 nəfər müsabiqədən keçmişdir. Bundan əlavə, şagirdlər Respublika fənn müsabiqə və olimpiadalarında yüksək nəticələr qazanmış, inklüziv təhsil sahəsində Dövlət Proqramı təsdiq olunmuş, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi keçirilmiş, ölkənin 40 rayonunda 100 modul tipli məktəb tikilmiş, elektron resurslara girişlər milyondan çox olmuş, 50.000-dək uşaq elektron sistem vasitəsi ilə məktəblərə qəbul edilmiş, eləcə də cəmiyyətimizin təhsil həyatında önəmli yer tutan digər tədbirlər həyata keçirilmişdir. Xüsusilə müəllimlərin işə və şagirdlərin məktəbə qəbulu ilə bağlı görülmüş işlər daha şəffaf nümunəvi xarakter daşımışdır. Heç şübhəsiz, bu cür tədbirlərin həyata keçirilməsi ictimaiyyətə öz müsbət təsirini göstərməkdə davam edir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmri ilə ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri təsdiq olunmuşdur. Konseptual xarakter daşıyan və ümumi təhsilin müasir tələblərə uyğun inkişafına təminat verən bu əmrdə təhsilin keyfiyyəti ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi qeyd olunmuşdur. Əmrdə fənlər üzrə şagird nəticələrinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəbdə şagird kontingentinin tam optimallaşdırılması, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, müəllim fəaliyyətinə müntəzəm nəzarət edilməsi və davamlı metodik dəstək verilməsi, ibtidai sinif müəllimlərin fəaliyyətinin peşəkarlıq baxımından təhlil olunması və siniflərə təyinatda nəzərə alınması, şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, yerlərdə yaradılmış “kiçik akademiyalar”ın fəaliyyətinin gücləndirilməsi, “hər bir uşaq istedaddır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, dövlət rəmzlərinin dərindən dərk olunması istiqamətində işlərin davam etdirilməsi, Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər haqqında müxtəlif tədbirlərin keçirilməsi, hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq və sair mövzularda maarifləndirici tədbirlərin təşkili prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir. Eyni zamanda, yeni dərs ilində ilk dərsin ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri- müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - Dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunması, bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinin Azərbaycan Dövlət Himninin ifası ilə başlaması və 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələrin “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr olunması qərarlaşdırılmışdır.

 

Konfransda yuxarıda qeyd olunan həmin prioritet istiqamətləri istər plenar, istərsə də bölmə iclaslarında başlıca müzakirə obyektinə çevirməklə müvafiq tədbirlərin həyata keçirilməsi üçün konkret fikrə gəlmək tövsiyə olunur.

 

Məktəbəhazırlıq məsələləri

 

Artıq bir neçə ildir ki, məktəbəhazırlıq təhsil siyasətimizin mühüm istiqamətlərindən biri kimi gündəmdə dayanmaqdadır. Çünki ümumi təhsilin, eləcə də bütövlükdə insan təhsilinin daha səmərəli təşkilində məktəbəhazırlığın önəmli yeri inkarolunmaz bir həqiqət kimi qəbul edilir. Ona görə də təhsilə aid uğurlu nəticələrin əldə edilməsində məktəbəhazırlığın düzgün təşkil olunması vacib amillərdən sayılır.

 

Sentyabr konfranslarında da bu məsələnin aktuallığının diqqət mərkəzində saxlanılması tövsiyə olunur. Təhsil nazirinin “2018-2019-cu dərs ilində dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə” 20 iyul 2018-ci il tarixli əmrindən irəli gələn vəzifələrin müzakirə olunaraq məktəb şəraitində məktəbəhazırlıq üzrə işlərin qurulmasından bəhs eləmək məqsədəmüvafiq hesab edilir.

 

Yeni tədris planları ətrafında müzakirələr

 

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən təhsil islahatları dövründə ilk dəfə olaraq keyfiyyətin daha çox bacarıqlar zəminində inkişafını təmin edən nəticəyönümlü sistem yaradılmışdır. Təhsilin məzmun komponentinin standartlardan ibarət olmasına təşəbbüs göstərilmiş, müxtəlif pillə və səviyyələr üçün standart və kurikulumlar hazırlanmışdır. Xüsusilə ümumi təhsildə yeni məzmunun tətbiq olunmasına başlanmış, yeni standart və kurikulumlar, onların tələbinə uyğun dərslik komplektləri hazırlanaraq məktəbin istifadəsinə verilmişdir. Bu il 2018-2019-cu dərs ilində artıq yeni konsepsiyanın tətbiqinə keçid başa çatır. Şagirdlərin bu konsepsiyaya uyğun təhsil nəticələri aparılan on bir illik işin nəticəsi kimi yekunlaşdırılacaqdır. Müzakirələrdən məlum olduğu kimi, bu yekunlaşdırmalarda yeni buraxılış və qəbul imtahan modelindən istifadə olunacaqdır. Burada şagirdlərin artıq yükdən azad olunmasına, daha çox qazandıqları bilik və bacarıqlardan istifadə, istedad və qabiliyyətləri daxilində özlərini ifadə edə bilmələrinə imkan yaranacaqdır. Təbii ki, bütün bunların reallaşmasında zəruri komponent kimi tədris planlarının həlledici rolu vardır. Sentyabr konfranslarında bu məsələ üzərində də dayanılmalı, həm respublika, həm də məktəb komponentinə aid olan fənlərin rol və əhəmiyyətindən bəhs olunmalı, vaxtın düzgün bölüşdürülməsi, təlim materiallarının qruplaşdırılması baxımından planlaşdırılması aparılmalıdır. Bu zaman, dərs məşğələlərinin sentyabrın 15-dən başlayıb iyunun 14-də başa çatması nəzərə alınmalıdır. Nəinki müəllimlərin fənlər üzrə təqvim-tematik planlaşdırmalarında, ümumiyyətlə, məktəbin müxtəlif fəaliyyət üzrə planlarında bu normativ tələbin gözlənilməsinə ciddi yanaşılmalıdır. Ümumtəhsil məktəblərinin XI siniflərində əvvəlki ildən fərqli olaraq fənlərin tədrisi yeni təhsil proqramları (kurikulumları) əsasında, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində isə tədrisin hər bir təmayül (texniki təmayül, riyaziyyat-iqtisadiyyat təmayülü, humanitar təmayül, təbiət təmayülü, texniki və riyaziyyat-iqtisadiyyat təmayülü, texniki və təbiət təmayülü, humanitar və riyaziyyat-iqtisadiyyat təmayülü) üzrə təsdiq olunmuş tədris plan və proqramları əsasında aparılması, azsaylı xalqların dillərinin öyrədilməsinə ümumtəhsil məktəblərinin planlarında xüsusi yer ayrılması qeyd olunmalıdır.

 

Müasir dərsin xarakteri

 

Dərs haqqında müxtəlif pedaqoji konteksdə fikirlərlə rastlaşmaq mümkündür. Xüsusilə yeni təhsil proqramları (kurikulumları) ilə işləyən müəllimlər üçün təklif olunan tövsiyələrin, demək olar ki, əksəriyyətində qruplarla iş təcrübəsinə önəm verilməklə onun daha çox struktur parametrlərinə diqqət yetirilir. Son vaxtlar az qala müəllimlərdə fəal dərsin yalnız qruplardan ibarət olması barədə təsəvvür formalaşmaqdadır. Başqa sözlə, dərsin fərdlərlə, cütlərlə, kollektivlə iş formaları sanki unudulmuşdur. Təbii ki, bu, fəal dərsə birtərəfli yanaşmaqla onun bütöv bir pedaqoji anlayış kimi dərk olunmasına kölgə salır. Ona görə də müasir zamanda fəallığı ilə fərqlənən dərsin müəyyən olunmuş məqsəddən asılı olaraq məzmun və strukturu barədə konkret fikrə gəlinməsi onun öyrədici, istiqamətvericiliyi ilə yanaşı, həm də axtarıcılıqla, tədqiqatçılıqla müşayiət olunan inkişafetdirici xarakterinin nəzərə alınması barədə fikirlər müzakirə obyektinə çevrilməlidir.

 

Müəllimin yaradıcı fəaliyyəti

 

Tədris-təlim prosesinin səmərəli qurulmasında müəllimin aparıcı, həlledici rolu həmişə pedaqoji fikrin əsas hədəflərindən olub. Bu məsələ indi də özünün aktuallığını saxlamaqdadır. Müəllim bütöv şəxsiyyəti ilə şagirdin tərəf müqabili kimi onun tam mənasında qəbul etdiyi bir şəxsdir. Bu mənada müəllimin effektiv təsir gücü valideynlərlə müqayisə oluna bilər. Etiraf etmək lazımdır ki, müəllimin fəaliyyətindəki planlılıq, ardıcıllıq və sistemlilik, ədalətlilik, qayğıkeşlik, inkişafetdiricilik və sair prinsiplərlə birləşərək ona daha çox məhəbbət və rəğbətin yaranması ilə nəticələnir. Buna nail olmaq üçün isə müəllim həmişə işini planlaşdıranda da, icra edəndə də effekt yaradan və maraq doğuran tədris mexanizmlərini axtarıb tapmalı, yaxud situativ xarakter daşıyan texnologiyaları hazırlamağa qabil olmalıdır. Təbii ki, tədqiqatçılığı bacarmadan, yaradıcı pedaqoji təfəkkürə malik olmadan bunları etmək qeyri-mümkündür.

 

Şagird inkişafının parametrləri

 

Təhsilin tarix boyu akademik biliklərin öyrənilməsi vacib hesab edilib və bu, uzun zaman təhsildə başlıca məqsəd kimi ölçü vahidinə çevrilib. Təbii ki, müasir məktəb də belə biliklərin mənimsənilməsini inkar etmir. Əksinə, zəruri olan biliklərin elə öyrənilməsini tələb edir ki, onlar şagirdlərin həyati bacarıqlara yiyələnmələrində vasitə kimi çıxış etsin. Müxtəlif dəyərlərin, mədəniyyətlərin, səriştələrin formalaşmasında baza rolunu oynasın. Şagirdlərin inkişafını təmin etsin. Ona görə də hər bir müəllim fəaliyyətini planlaşdırarkən şagirdlərin idraki, kommunikativ və psixomotor parametrlərdə inkişafına necə təsir edə biləcəyini nəzərə almalı və bu dinamikanı daim diqqət mərkəzində saxlamalıdır.

 

Keyfiyyət təhsilin bir atributu kimi

 

Məlum olduğu kimi, islahatdan irəli gələn vəzifə kimi təhsilin müxtəlif pillə və səviyyələri üzrə keyfiyyət standartlarının hazırlanması üzərində işlər davam etdirilir. Bu standartların hazırlanıb istifadəyə verilməsi fəaliyyətimizi keyfiyyət baxımından izləməyə, dəyərləndirməyə imkan verəcəkdir. Lakin nəzərə almaq lazımdır ki, bu gün təhsil sahəsində müxtəlif səviyyələr üzrə standartlardan, eləcə də mexanizmlərdən istifadə olunur. Biz onların əsasında məqsədlərimizi, gözlənilən müvafiq nəticələrimizi konkretləşdirə və fəaliyyət strategiyalarımızı qura bilirik. İndiki halda mövcud imkanlardan daha səmərəli istifadə edərək az risklərlə nəticələrə çatmaq üçün strategiyalar qurmalı, əldə olunan nəticələr əsasında ciddi təhlillər aparmalıyıq. O zaman təhsilin bir atributu kimi keyfiyyət amilindən daha uğurla istifadə edə biləcəyik.

 

Tədris-təlim resurslarından istifadə

 

Plenar və bölmə iclaslarında müzakirə obyektinə çevriləcək tədris-təlim resurslarından istifadə məsələsi sadə görünsə də, funksional baxımdan çox ciddi hesab edilir. Çünki bütün zamanlarda təhsilin daha uğurla təşkilində və həyata keçirilməsində tədris-təlim resursları həlledici rola malik olub. İstər müəllimlər, istərsə də şagirdlər həmin resurslardan bu və ya digər dərəcədə yararlanıb.

 

Qlobal dünyanın təhsil meridianında informasiyaların bolluğu və sürətlə dəyişməsi onun ardıcıl olaraq əldə olunması imkanlarını genişləndirməyi tələb edir. Eyni zamanda məktəbə, müəllimə ardıcıl olaraq istiqamətlərin, tövsiyələrin verilməsini bir zərurət kimi qarşıya qoyur.

 

Bu gün dərslik komplektinə daxil olan “Müəllim üçün metodik vəsait” fənlər üzrə tədrisin təşkilində, demək olar ki, yeganə istiqamətdir. Burada daha çox müəllif mülahizələrinə əsasən müəyyən olunmuş və hər hansı konkret dərsliyin məzmun və strukturuna istinadən optimal bir metodika təklif olunur. Belə bir imkanın yaradılması dəyərləndirilməlidir. Nəzərə alınmalıdır ki, təhsil prosesi situativ xarakter daşıyır və müxtəlif şəraitlərdə təbii olaraq fərqli yanaşmalardan istifadə olunmasını tələb edir. Belə olduğu təqdirdə müəllim konkret tədris-təlim şəraitinə uyğun olaraq resurslara yaradıcı yanaşmaq, özünün tədris-təlim sistemini qurmaq üçün onlardan məqsədyönlü istifadə etmək məcburiyyətində qalır. Müəllimlər istər bu bölmə, istərsə də il ərzində məktəbin metodbirləşmə iclaslarında belə məsələləri müzakirə bir-birlərinin təcrübəsini öyrənməklə qabaqcıl iş təcrübələrindən də etibarlı resurs kimi istifadə etməlidirlər. Hazır texnologiyalardan istifadə edərkən, eləcə də qabaqcıl texnologiyalara müraciət zamanı şablonçuluğa yol verilməməlidir. Texnologiyaların maraq yaratmasına, şagirdə effektiv təsir göstərməsinə diqqət yetirilməlidir.

 

Təhsil mədəniyyəti barədə

 

Məlum olduğu kimi, mədəniyyət bəşəriyyətin inkişaf tarixində onun əldə etdiyi zənginliklərdən biridir. Təsadüfi deyildir ki, F.Hegel mədəniyyətə “insan tərəfindən yaradılmış ikinci təbiət” adı vermişdir. Mədəniyyət yalnız fəaliyyətlər prosesində ünsiyyət zamanı meydana çıxır. Bu gün haqqında qeyd etdiyimiz təhsil mədəniyyəti də insanların təhsil tarixi boyu qazandığı təhsil ənənələri, təhsil qayda və qanunları çərçivəsində təzahür edir. İnsanlar təhsil həyatını yaşamaqla, ilk növbədə, özlərinin təhsil mədəniyyətini ifadə etmiş olurlar. Eyni zamanda cəmiyyətin təhsil həyatına müəyyən töhfə vermiş olurlar.

 

Müasir həyatımızda təhsil quruculuğunun daha uğurlu aparılmasında, islahatların düzgün olaraq həyata keçirilməsində təhsil mədəniyyətinə yiyələnməyin çox böyük əhəmiyyəti vardır. Təhsil mədəniyyəti olmadan təhsilə, mədəniyyətə, inkişafa bağlanmaq, onu obyektiv dəyərləndirmək və nəticələrindən lazımı qaydada istifadə etmək mümkün deyil. Xüsusilə bu münasibətlərin təhsildə marağı olan tərəflərdə formalaşdırılması, onlarda öyrənməyə, inkişafa, dəyərlərə sahib olmağa elitar bir yanaşma tərzinin formalaşdırılması çox vacibdir. Təhsil mədəniyyətinin formalaşdırılması həm də məcburiliyin aradan qaldırılması və təhsilin keyfiyyət əmsalının yüksəlməsi baxımından da faydalı hesab edilir.

 

Məktəb icmalarının formalaşdırılması

 

Qlobal dünyanın inkişafı məktəbin qarşısında daha ciddi vəzifələr qoyur. Başqa sözlə, məktəb gənc nəslin inkişafını təmin edən, onun kreativ bacarıqlarının yaranmasına imkan və şərait yaradan bir müəssisəyə çevrilir. Bu missiyanın yerinə yetirilməsi, əsasən, məktəbin üzərinə düşən vəzifə olsa da, əslində həyata keçirilməsində valideynin əməkdaşlıq etməsinə xüsusi ehtiyac yaranır. Mövcud təcrübə onu göstərir ki, məktəbdə müasir ənənələr yaranmağa başlasa da, onun ətrafı, şagirdlərin valideynləri hələ də əvvəlki streotiplərin təsiri ilə laqeydlik və seyrçilik münasibətini davam etdirməkdədirlər. Məktəb, ilk növbədə, fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi bu əlaqələrin yeni xarakter almasına çalışmalı, valideynlərlə ardıcıl maarifləndirmə işləri apararaq onların məlumatlı, fəal bir icmaya çevrilməsinə səy göstərmək, məktəbin işlərinin planlaşdırılması, təşkili və idarə olunmasında onların maraqlı olan tərəf kimi əməkdaşlığının yaranmasına nail olmalıdır.

 

Yeni dərs ilinin başlanğıcında məsələlər nə qədər çox, al-əlvan olsa da, təbii ki, onları bir qəzet məqaləsində əhatə etmək imkan xaricindədir. Ona görə də konfranslarda bütün bu məsələlərlə yanaşı, müasir məktəbin inkişafı baxımından faydalı hesab edilən və qaldırılan istər müəllimlə, istər şagirdlə, istər valideynlə bağlı, istərsə də digər hər hansı bir məsələnin müzakirəsinə diqqət yetirilməli, aydınlıq gətirilməlidir.

 

Şübhə etmirik ki, 2018-ci il respublika təhsil işçilərinin sentyabr konfransları daha məhsuldar keçəcək, irəli sürülən arzu və təkliflər toplanaraq ümumiləşdirilmək üçün Təhsil İnstitutuna göndəriləcəkdir.

 

Ənvər ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini



31.08.2018 | 13:42