Rəssam tələbələrin hesabat sərgisi-“Gümüş nar” festivalı | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsi tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib.
Festivalın açılış mərasimindən əvvəl Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) qurucusu və sədri Fərhad Qaraşov və əməkdaşları ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ilə görüşüblər.
Rektor universitetin fəaliyyəti və "Gümüş nar" festivalı haqqında geniş məlumat verib. Bildirib ki, ADMİU-nun tələbələri hər zaman öz yaradıcılıqlarında Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını, milli-mənəvi dəyərlərini əks etdirirlər. Eləcə də Azərbaycan incəsənətinin simvollarından biri olan nar da müxtəlif obrazlarda onların yaradıcılığında əks olunur.
F.Qaraşov isə Azərbaycanda narçılığın inkişafı, hazırki vəziyyəti, eləcə də, ANİİA-nın fəaliyyəti haqqında məlumat verib.
Festivalda tələbələrin 100-ə yaxın əsəri nümayiş etdirilib. Bildirilib ki, qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlərdə fakültənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verilir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib.
|
|
06.06.2022 | 13:24 | |
|
|
|