“Rektorla söhbət” layihəsi çərçivəsində doktorantlarla görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Rektorla söhbət” layihəsi çərçivəsində doktorantlarla görüş keçirilib. Görüşdə rektor Şahin Bayramov universitetin 30-a yaxın doktorant və dissertant əməkdaşları ilə fikir mübadiləsi aparıb.

 

Ş.Bayramov söhbətin əsas məqsədinin gənc əməkdaşların doktorantura təhsilinin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətini, onların universitetdə elmi, pedaqoji və idarəetmə karyeraları ilə bağlı gözləntilərini öyrənmək, MDU-nun cari və perspektiv fəaliyyətləri barədə onları məlumatlandırmaq olduğunu qeyd edib.

 

Dialoq və müzakirə formatında davam edən görüşdə MDU-da doktorantura təhsilinin təşkili, tədqiqat və rəqəmsal bacarıqların inkişafı, elmi tədqiqatların nəticəyönümlüyü və tətbiqiliyinin artırılması, tərəfdaş universitetlər və sənaye ilə işbirliyi imkanlarından faydalanılması, birgə tədqiqatların aparılması və ortaq məqalələrin yazılması, nüfuzlu beynəlxalq və yerli elmi nəşrlərdə məqalələrin dərc edilməsi, konfranslarda, seminarlarda və digər müxtəlif elmi tədbirlərdə fəal iştirakın təmin olunması, universitetdə elmi fəaliyyətin təşviqində yeni mexanizmlərin tətbiqi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, arzu və istəkləri dinlənilib.

 

Universitetdə yeni təsis olunan “Dayanıqlı inkişaf” elmi jurnalı, “Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar” Tədqiqat Mərkəzi, “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı illik beynəlxalq konfrans barədə məlumat verən Ş.Bayramov baş verən yeniliklərin MDU-da elmi potensialın gücləndirilməsinə, təhsil, elm və innovasiyaların səmərəli inteqrasiyasını təmin edən əlverişli akademik mühitin formalaşdırılmasına hədəfləndiyini bildirib. Doktorantları və gənc tədqiqatçıları universitetdə yaradılan bütün imkanlardan maksimum faydalanmağa dəvət edən rektor onlara uğurlar arzulayıb.

 



05.06.2022 | 13:16