Ən böyük arzusu Şuşada solo konserti verməkdir | |
Milli musiqimizin tacıdır muğam. Ta qədim zamanlardan beşik başında bələkdə qığıldayan çağaları ovundurmaq üçün anaların dilində həzin notlarla səslənən ruhi qida mənbəyi olubdur muğam. Sehrli gücə malik olan bu möcüzənin təsiri altında körpə uyuyar, öz nağıl dünyasına, rəngarəng yuxuların qoynunda baldan şirin arzularına qovuşardı.
Buna görə də ana südü qədər doğmadır, müqəddəsdir bizim üçün muğam. Erkən çağlarımızdan bizi özümüzə tanıtdıran, sevincli, kədərli günlərimizdə həmdəmimiz olan, Tanrı eşqini qəlbimizə hakim edən ecazkar bir qüvvədir muğam.
80-cı illədrən sonrakı tarixi dönəmdə yaşadığımız gərgin psixoloji məqamlar laylalarımızın, muğamlarımızın dadını da dəyişdi, ahəngini də. İnsana həyat eşqi bəxş edən, onun ruhuna xoş ovqat qatan laylaların məzmunu da , mənası da kövrək notlarla əvəzləndi. Ümumiyyətlə, çox da uzaq olmayan yaxın keçmişdə təmiz hava və şəffaf su qədər vacib həyat rəmzimiz sayılan muğamlarımızın bal dadı az qala damağımızdan gedəcəkdi. Nə yaxşı ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu nisgili tarixin acı yaddaşına ötürdü və muğamımızı milli ruhumuza qovuşdurdu. Bu gün nümayiş olunan artıq sayca VIII muğam müsabiqəsində bu cür fikirlər və etiraflar demək olar ki, hər dəfə münsiflərin dilindən səslənir. Budur, yenə mavi ekran qarşısında oturub həyəcanla muğam müsabiqəsini izləyirik. Özü də nədənsə kiçikyaşlı müsabiqə iştirakçılarının çıxışlarına daha çox maraq göstəririk. Bilirsinizmi niyə? Zənnimcə, bunun səbəblərindən biri də budur ki, analarının beşik başında hədsiz məhəbbətlə səsləndirdikləri xalq mahnılarının, bayatıların, onları şirin yuxulara qovuşduran müğam parçalarının ahəngi, ətri duyulur bu ifalarda. Və demək olar ki, bütün müsabiqələrdə kiçikyaşlı iştirakçılar Qran Pri mükafatı qazanır, öncül yerlərdən birinə sahib olurlar. Belə istedad sahiblərindən olan yeniyetmə muğam ifaçılarından biri ilə də bu gün ətraflı tanış olacağıq. Bu yeniyetmə VIII Muğam müsabiqəsinin iştirakçısı, ilk çıxışından münsiflərin alqışlarını və yüksək qiymətlərini qazanan Həzrət Əzizlidir.
Muğamı olduqca çox sevir
Həzrət Əzizli Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. 2014-cü ildə o, ailəsi ilə birlikdə Bakının Xəzər rayonuna köçüb. Musiqi sahəsində ilk addımlarını da elə Mərdəkan qəsəbəsindəki Xəzər rayon Bülbülcan adına musiqi məktəbində atıb. Sonra Həzrət musiqi təhsilini 24 nömrəli onbirillik musiqi məktəbində davam etdirib. 2019- cu il isə onun üçün xüsusilə əlamətdar olub. Belə ki, o, çoxdan arzuladığı Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasına - Aytən Məhərrəmovanın sinfinə xanəndə ixtisası üzrə qəbul olunub. Həzrət çox duyğusal, kövrək qəlblidir, əsasən yaşlı insanlara qarşı çox həssasdır. Muğamı olduqca çox sevir, onsuz həyatını təsəvvür belə edə bilmir. Müəllimi Aytən Məhərrəmovadan muğamlarımızın sirlərini böyük həvəslə öyrənir. Şuşa şəhərində “Mənim atam Qəhrəmandır” devizi altında şəhid övladları ilə keçirilən tədbirlərdə fəal iştirakına görə Həzrət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmana layiq görülüb.
“Qələbə bizimdir, Qarabağ Azərbaycandır!”
“Xudayar təsnifi”ni konsertlərdə xüsusi şövqlə oxuyur. Mütəmadi olaraq respublika və beynəlxalq səviyyəli müsabiqələrdə uğurla çıxış edir. Hazırda isə gördüyümüz kimi, VIII Muğam Televiziya Müsabiqəsinin öncül iştirakçılarından biridir. Bu müsabiqədən öncə istedadlı yeniyetmə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin V illik yubileyinə həsr olunan konsertlərdə həvəslə iştirak edib. Konsertlər Tbilisi Dövlət Konservatoriyası və Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub.
2021-ci il sentyabrın 16-da Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təşkil edilən “Media və təhsil dialoqu” adlı maarifləndirici təlimdə Həzrət xalq mahnılarını böyük ustalıqla səsləndirib. “Gənclərə dəstək” layihəsi çərçivəsində “Qələbə bizimdir, Qarabağ Azərbaycandır!” adlı onlayn konsertdə də yeniyetmə istedad sahibi öz məharətini nümayiş etdirib. Avstriyanın Viyana şəhərində Novruz bayramına həsr olunan konsertlərdə öz istedadlarını nümayiş etdirən yeniyetmə ifaçılar arasında Həzrət də olub və o, Azərbaycan bəstəkarlarının mahnılarını ifa edib. 2021-ci ilin oktyabrında isə Bakı Ekspo Mərkəzində baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgisində Həzrət Əzizlinin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Dəfələrlə televiziya verilişlərinin iştirakçısı olub
Həzrət Əzizli düşmən taptağından azad olunan Cəbrayıl rayonunda Xudafərin körpüsündə “Qarabağ Azərbaycandır” adlı mahnını dostları ilə birgə qürurla dəfələrlə Azərbaycan televiziyasının musiqili verilişlərində müəllimi Aytən Məhərrəmova ilə birlikdə vətənpərvərlik mövzusuna həsr olunan mahnı və muğamları məharətlə ifa edib.
Yeniyetmə muğam ifaçısının ən böyük arzusu Qarabağda “Qarabağ şikəstəsi”ni ifa etmək, Şuşa şəhərində isə böyük solo konserti verməkdir. Bu arzunun reallaşacağı günsə heç də uzaqda deyil. Elə Muğam Televiziya Müsabiqəsinə iştirakçı seçilməsi də bir vaxtlar onun arzusu olub və nəticədə çalışqanlığı, məlahətli səsi, əzmkarlığı sayəsində bu istəyi reallaşıb. Onlarla yeniyetmə ifaçı arasında münsiflərin diqqətini cəlb etmək və bu gün ona göstərilən yüksək etimadı hər çıxışda doğrultmaq Həzrətin müsabiqə qalibi olacağına ümid etməyə əsas verir.
Sifai SƏFƏROVA
|
|
05.06.2022 | 10:22 | |
|
|
|