Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurasının nümayəndə heyətlərinin görüşü keçirilib

İyunun 3-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyətlərinin görüşü keçirilib.
 

Görüşdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərinin müavini Safa Kapıcıoğlu, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Şurasından olan nümayəndə heyəti və Azərbaycan və Türkiyə ali təhsil müəssisələrinin 60-a yaxın rektoru iştirak edib.
 

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov salamlama nitqi ilə çıxış edib.
 

Daha sonra təhsil nazirinin müavini Muxtar Məmmədov və Ali Təhsil Şurasının rəhbərinin müavini Safa Kapıcıoğlu Azərbaycan və Türkiyədə təhsil sahəsində son illər həyata keçirilən islahatlar və birgə fəaliyyətlər haqqında danışıblar.
 

Görüşdə Azərbaycan və Türkiyə universitetləri arasında mövcud əməkdaşlıqlar barədə məlumat verilib. Hər iki ölkənin ali təhsilinin tarixi haqqında videoçarxlar nümayiş olunub.

 



03.06.2022 | 19:31