Məqsəd vakansiyaları doldurmaq deyil, keyfiyyətə nail olmaqdır | |
“İxtisasım, ancaq ondan da çox dünyagörüşü ilə bağlı suallar verdilər. Sonra komputer biliklərimlə maraqlandılar. Hansı proqramlarda işləyə bildiyimi soruşdular. Slayd hazırlaya bilib-bilmədiyimi araşdırdılar. Sualların hamısına cavab verdim. Fikirlərindən başa düşdüm ki, haqqımda müsbət rəy yaratmışam. Çünki mənə dərsdə tətbiq etməyim üçün bəzi məsləhətlər də verdilər. 3 illik müəllimlik təcrübəm var. Özəl liseydə dərs demişəm. Uşaqlar da məni çox sevir. Buna əsaslanaraq deyə bilərəm ki, bu gün (dünən - R.D.) mənə göstərilən etimadı növbəti tədris ilindən başlayaraq həyata keçirəcəyim müəllimlik fəaliyyətimdə doğruldacağam”. 2011-ci il məzunu olan Nərminə Məhərrəmova Beyləqanda fizika müəllimi işləmək istəyir. Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə çağrılmışdı. Onunla çıxışda qarşılaşdıq. Həyəcanı sevincinə qarışmışdı.
Dünəndən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin müsahibə mərhələsi başlayıb. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən - vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər iştirak edirlər. Həmin mərhələdə Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə namizədlərin bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyasının üzvlərinə təqdim edirlər.
Xatırladaq ki, müsahibədən uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul olunacaqlar.
Namizədlər daha hazırlıqlıdırlar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin baş mütəxəssisi Nurlan İsmayılbəyli “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, əlavə yerləşdirmənin müsahibə mərhələsi uğurla keçir: “Müəllimlərin işə qəbulu müsabiqəsinin birinci turu başa çatıb.
Hazırda boş qalan yerlərə əlavə qəbul aparılır. Bu məqsədlə 2 gün vakansiya seçimi mərhələsi oldu. Göstəriciləri yetərli sayılan namizədlər müsahibəyə dəvət edildi. Müsahibələr 18 fənn üzrə 20 komissiyada aparılır. Arzulanan odur ki, müsahibəyə dəvət olunan namizədlərin hər biri uğur qazansın və seçdikləri yerlərdə müəllim kimi fəaliyyətə başlasınlar”.
Komissiya üzvü, 319 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsəliyev budəfəki müsahibə prosesinin gedişindən razı qalıb. Onun fikrincə, namizədlər artıq daha hazırlıqlı gəlir: “Çalışırıq ki, seçib məktəblərə göndərdiyimiz müəllimlər müasir standartlara cavab versinlər. Müəllimlərin işə qəbulu imtahanlarında üçüncü, hətta dördüncü dəfə iştirak edən namizədlər var. Onların ilk qatıldığı müsabiqədəki nəticələri ilə indiki nəticələri arasında inanılmaz fərqlər müşahidə edirik. Dərhal hiss olunur ki, həmin namizədlər öz üzərində çalışıb və nəticələrini yaxşılaşdırıblar. Zəhmətlə əldə edilənlərin dəyərini insan daha yaxşı anlayır. Müəllimliyə təsadüfi insanların gəlməsi təhsil sahəsində çox ağır nəticələr doğura bilər və biz bunun məsuliyyətini dərk edərək qərarlar veririk. Müəllimliyə namizədlər də bunu yaxşı bilirlər. Dünyagörüşü, peşəkar kompetensiyaları, psixoloji durumu daha yaxşı olan namizədlərə daha çox rast gəlirik. Təbii ki, narazı qaldığımız məqamlar da olur və bu barədə onlara bildiririk. Amma əksəriyyətinin etimadı doğruldacağını düşünürük. Məsələn, bu gün Gəncədən olan bir namizədin özünün mənfi hesab etdiyi cəhətlərini çəkinmədən sadalaması məni təəccübləndirdi. Müsahibədə olmasından, bu müsabiqənin taleyinə mənfi təsir edə biləcəyindən belə narahat olmadı. Bu xüsusiyyətini müsbət dəyərləndirdim”.
Barəmdə müsbət rəy versələr...
Şəmkir rayon Çaparlı kənd sakini Fuad Quliyev İsmayıllı rayonundakı 1 nömrəli məktəbdə fiziki tərbiyə üzrə dərs deyəcək. Dediyinə görə, məktəblə maraqlanıb. İdman zalı ona çoxlu güləşçi yetişdirməyə imkan verəcək: “Şəmkirdə vakant yerlərin sayı məhdud olduğundan İsmayıllıya üz tutmalı oldum. Hardansa başlamaq lazımdır. Mən də İsmayıllıdan başladım. İlk dəfə imtahanlara hazırlıqsız qatılmışdım. Bu dəfə işdən vaxt tapıb hazırlaşdım. 43 bal topladım. Bədən Tərbiyəsi və İdman Akademiyasından sərbəst güləş üzrə məzun olmuşam. “Dinamo”da Mirəli Seyidovun məşqçiliyi ilə məşğul olmuşam. Komissiya üzvləri barəmdə müsbət rəy versələr, məktəbdə güləşi şagirdlərimə sevdirəcəyəm”.
Müsahibələrdən kəsilənlərə də müddətli müqavilə ilə işə başlamaq şansı veriləcək
İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə artıq yekunlaşmaq üzrə olan müəllimlərin işə qəbulu müsabiqəsi barədə məlumat verib: “Avqustun 30-da keçirilən müsahibə iyul ayından başlanan prosesin davamıdır. Əsas müsahibənin nəticələrinə əsasən, 3692 nəfər namizədin işə qəbul edilməsinə razılıq verilib. Növbəti - əlavə yerləşdirmə mərhələsinə qatılanlar birinci yerləşdirmə zamanı vakansiya seçimi mərhələsinə qatılmayanlar, vakansiya seçsə də, qərarını təsdiqləmədiyi üçün prosesdən kənarda qalanlar, müsahibəyə gəlməyənlər, ya da müsahibədən də keçib sonradan ərizə ilə tutduqları yerdən imtina edənlərdir. Bu gündən başlayaraq namizədlərin şəxsi səhifələrinə müsahibənin nəticələri barədə məlumatlar yerləşdiriləcək. Müsahibədən uğurla keçənlərin seçdikləri vakansiyalar üzrə təyinatı veriləcək və məktəblərdə onlarla müddətsiz müqavilələr bağlanacaq”.
M.Camalzadənin sözlərinə görə, müsahidən keçməyənlərin sentyabrın 5 və ya 6-da yaradılacaq apelyasiya komissiyasına müraciət etmək imkanı olacaq. Apelyasiya komissiyasına həm birinci, həm də indiki mərhələdə kəsilənlər müraciət edə biləcəklər. Bununla da müsabiqənin müddətsiz işə qəbul müsabiqəsi yekunlaşacaq. Sentyabrın 8-9-da isə müddətli müqavilə ilə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulub.
Birinci və ikinci turda tutulmayan boş yerlərə müddətli müqavilə ilə işləmək üçün keçirilən müsabiqədə iştirak edəcək şəxslərin siyahısı barədə mətbuatda ətraflı məlumat veriləcək: “İlkin olaraq deyə bilərik ki, həmin mərhələdə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində keçid balı toplasa da, indiyədək vakansiya seçməyənlər, vakansiya seçib, ancaq yerləşdirilməyənlər, yaxud müsahibədən də keçib və tutduğu yerdən sonradan imtina edənlər iştirak edəcəklər. Eyni zamanda, müsahibələrdən kəsilənlərə də müddətli müqavilə ilə işə başlamaq şansı veriləcək. Müddətli müqavilə ilə işə qəbul bütün tədris ili ərzində həyata keçiriləcək. Periodik olaraq müəyyən müddətdən bir sənəd qəbulu həyata keçiriləcək, vakansiyalar elan ediləcək və yerləşdirilmələr aparılacaq. Müddətli müqavilə ilə işə qəbul olunanlarla bağlı mərkəzləşdirilmiş qaydada müsabiqələr təşkil ediləcək və onlar daimiləşmək üçün əlavə şanslar əldə edəcəklər”.
Müddətli müqavilə ilə işə qəbulda keçid ballarının dəyişəcəyi gözlənilir
Bəs, müddətli müqavilə ilə işə qəbulun şərtlərində dəyişiklik gözlənilirmi? M.Camalzadə bunu istisna etmir. Onun sözlərinə görə, birinci və ikinci tur üçün konkret keçid bal müəyyən olunub: şəhər, qəsəbə və rayon mərkəzlərində əksər ixtisaslar üzrə 48, kəndlərdə isə 36 bal. Müddətli müqavilə ilə işə qəbulda keçid ballarının dəyişəcəyi gözlənilir. Belə ki, müddətli müqavilə ilə işləmək istəyənlərin şansı indikindən 10 faiz daha çox olacaq. M.Camalzadənin sözlərinə görə, keçid ballarının həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələr üzrə 10 faiz aşağı salınması planlaşdırılır: “Müddətli müqavilə ilə işə sənəd qəbulu başlayanda müəyyən ediləcək. Ancaq balların bir qədər dəyişməsi də istisna edilmir. İndiki məqamda elə ciddi dəyişiklik gözlənilmir. Vakant yerlərin və namizədlərin sayı, bal göstəriciləri imkan verir ki, mövcud standartı saxlayaq”.
Daha bir müsabiqə də yekunlaşır. Ancaq görünən odur ki, vakansiyalar yenə qalacaq: “İndiyədək vakansiyaların hamısının tutulması faktına rast gəlinməyib. Mütləq boş yer qalacaq. Ancaq məqsədimiz də vakansiyaları doldurmaq deyil, keyfiyyətə nail olmaqdır”.
Ruhiyyə DAŞSALAHLI
|
|
31.08.2018 | 09:35 | |
|
|
|